SON DƏQİQƏ

Bu reallıqları hər kəsin qəbul etməsi lazımdır!

Tarix:22-06-2022, 15:09 Oxunub:1 717

Teyyub Qənioğlu
Müasir Azərbaycan öz mənafeyini qorumaq, istəklərinə nail olmaq gücündədir!
Azərbaycanımızın 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə, torpaqlarımızın əhəmiyyətli hissəsini erməni faşistlərindən azad etməsi, təcavüzkar Rusiyanın şantaj yolu ilə ölkəmizə yeritdiyi "sülhməramlıların” müvəqqəti yerləşdiyi (!) ərazilərimizi də tezliklə azad etmək əzmi ermənilərə, belə görünür ki, onlardan da daha çox türk düşmənlərinə rahatlıq vermir. Özlərini "dünya ağası” hesab edən, dünyanın hər yerini özlərinin mənafe zonası elan edən ABŞ başda olmaqla bəzi qərb dövlətləri Azərbaycanımızın möhtəşəm qələbəsi nəticəsində regionumuzda yaranan yeni reallıqları qəbul etmək istəmirlər. Ermənidən daha çox erməni olan, ənənəvi türk düşmənçiliyi mövqeyindən çıxış edən bu dövlətlər sərgilədikləri antiAzərbaycan və antiTürkiyə mövqeləri ilə əslində ermənilərdən daha çox öz mənafelərini düşünürlər, hər vəclə Azərbaycanın qələbəsinə kölgə salmağa cəhd edirlər. Bunu birbaşa reallaşdırmaq imkanından məhrum olduqlarını bildiklərindən dolayı yollarla, məsələn, ölü doğulan, Azərbaynın dəfn etdiyi bədnam Minsk Qrupunu qəbirdən çıxarıb dirçəltmək yolu ilə həyata keçirmək istəyirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid İrəvanda söylədikləri fikirlərə başqa cür qiymət vermək mümkün deyildir. ABŞ rəsmiləri bilməmiş deyillər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Dağlıq Qarabağ probelmi həll edilib, belə problem mövcud deyil, ermənilərə heç bir status verilməyəcək, Minsk Qrupu mövcud deyil, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və s. və i.a.! Ancaq Azərbaycanda olarkən "Dağlıq Qarabağ”, "Minsk Qrupu”, "konflikt” ifadələrini işlətməyə cəsarət etməyən, susan bu ABŞ yetgilisinin Ermənistana çatan kimi "dili açılıb” və bəyan edib ki: "Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir, Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik”. Rusiya ilə Ukraynada ölüm-dirim mübarizəsinə girişən ABŞ öz rəsmisinin dili ilə bəyan edir ki: "ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır”. Belə çıxır ki, ABŞ bədnam Minsk Qrupunun dirçəldilməsi üçün Azərbaycana təzyiq edəcək, 907-ci bədnam "düzəliş” kimi ikinci bir qətnamə qəbul edəcək, ölkəmizə qarşı sanksiyalar tətbiq edəcək? Buyurun, cənablar əlinizdən gələni edin. Ancaq unutmayın, Azərbaycan keçən əsrin Azərbaycanı deyil! Azərbaycan öz süveren hüquqlarından vaz keçmək fikrində deyil! Azərbaycan heç kimin daxili işlərinə qarışmır və heç kimə imkan verməyəcək ki, onun daxili işlərinə qarışsınlar! Azərbaycanın yeganə istəyi beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü, süverenliyini tam təmin etmək, regionumuzda sülhə, barışa nail olmaqdır. Müasir Azərbaycan öz mənafeyini qorumaq, istəklərinə nail olmaq gücündədir! Bu reallıqları hər kəsin qəbul etməsi lazımdır!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<