
21 noyabr ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz bu gün ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür.
91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti “Səs” qəzetində dərc olundu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümumilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.
Azərbaycan bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirir.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında qəbul edilmiş qərar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. YAP-ın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Yeni Azərbaycan Partiyası öz mövqeyi ilə seçilən və təsis edildiyi gündən etibarən dövlətin və xalqın maraqlarını müdafiə edən bir siyasi güc kimi tanınır. Partiya “Dünənin, bu günün və gələcəyin partiyası” kimi təsvir edilərək, onun həm tarixi irsi, hazırkı dövrdəki əhəmiyyəti, həm də gələcək nəsillərə təsiri vurğulanır.
Dahi şəxsiyyət Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi qüvvəsi olaraq dövlətin demokratik inkişafını təmin etmiş, iqtisadiyyat güclənmiş, xarici siyasətdə ölkəmizin mövqeyini möhkəmlətmək və ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə əhəmiyyətli işlər görülmüşdür.
Yeni Azərbaycan Partiyasının Qurultayı həm də partiya fəaliyyətində və ölkəmizin gələcək inkişafında yeni mərhələnin əsasını qoydu. Partiyada baş verən bu dəyişikliklər onun fəaliyyətinin funksionallığını artırmaqla siyasi sistemimizdə yeni canlanma yaratdı ki, biz bunun aydın mənzərəsini həm Prezident, həm də Mili Məclisə keçirilən növbədənkənar seçkilər zamanı gördük. 2024-cü il fevralın 7-də xalqımız dövlət suverenliyini bərpa etmiş Azərbaycanda ilk dəfə keçirilən prezident seçkilərində mütəşəkkillik göstərərək Heydər Əliyev kursuna dönməz ehtiramını nümayiş etdirdi, Zəfərimizin memarı olan cənab İlham Əliyevi beşinci dəfə ali kürsüyə seçdi. Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycanda, həm də beynəlxalq miqyasda ən böyük partiya olmaqla öz sıralarında yüz minlərlə insanı birləşdirərək böyük nüfuzu ilə tanınmaqdadır. İnanıram ki, partiyamız Azərbaycanın daha da tərəqqisi, sosial intibahı yolunda öz yorulmaz missiyasını daha da artıraraq töhfələrini verəcək.