
Çin zooparkının əməkdaşları uzunqulağı rəngləyərək ona zebra görünüşü veriblər.
GunAz.az xəbər verir ki, bu barədə "Need to Know" nəşri məlumat yayıb.
Boyanmış heyvan Antsyu şəhərində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda uzunqulağın tükünün zebranın rəngini təqlid edən qara zolaqlarla örtüldüyü aydın görünür. Lakin heyvanın uzun qulaqları və xarici görünüşü saxtakarlığı asanlıqla ifşa edib.
Heyvanın fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin tənqidləri ilə qarşılaşıb. İzləyicilərin əksəriyyəti park rəhbərliyini uzunqulağı ekzotik bir heyvan kimi təqdim etməyə cəhd etməkdə ittiham edib.
İttihamlara münasibət bildirən park rəsmiləri isə bu heyvanın əsl zebra olduğunu iddia etmədiklərini vurğulayıblar. Onların sözlərinə görə, rəngləmə prosesi sadəcə ziyarətçiləri əyləndirmək məqsədi daşıyır:
"Biz burada müəyyən mənada "kospley" (kostyumlu oyun) təşkil edirik. Onun zebra olduğunu iddia etməmişik və bununla bağlı heç bir məlumat lövhəsi asmamışıq. Bu, yalnız ziyarətçilərin xoş vaxt keçirməsi üçün düşünülmüş bir zarafatdır".
Zoopark səlahiyyətliləri onu da əlavə ediblər ki, keçmişdə də insanların marağını artırmaq naminə itlərin xarici görünüşündə oxşar dəyişikliklər ediblər.































