SON DƏQİQƏ

Dostlara dayaq duraq

Tarix:

14-08-2017, 21:45

/ 4 350 dəfə oxundu.
Dostlara dayaq duraq

Hazırda da Yaxın Şərqdə və Afrikada milyonlarla insan kütləvi şəkildə öz ata-baba yurdlarını tərk edərək Avropa, Amerika və başqa qitələrdə yaşamağa gedirlər. XXİ əsrin ilk onilliyində milyonlarla insanın başına gələn bu fəlakətlərin bir səbəbi də ondan ibarətdir ki, yevreylərdən, ermənilərdən,yunanlardan fərqli olaraq həmin ərəblərin və digər insanların sözünü deyən güclü diasporları və lobbiləri yoxdur. 
Azərbaycanın daxil olduğu Cənub Qafqaz bölgəsində bu proseslər XIX əsrin başlanğıcindan etibarən Çar Rusiyasının Qafqazı işğal etməsi səbəbindən kütləvi xarakter almış, milyonlarla azərbaycanlı tarixi torpaqlarından deportasiya olunaraq və ya köç edərək Rusiya,Türkiyə,Ukrayna,Belorus,Avropa və Amerika və başqa bu kimi ərazilərə miqrasiya etmişlər. SSRİ dövründə və onun dağılmasından sonra da azərbaycanlılar müxtəlif səbəblər üzündən xarici ölkələrə miqrasiya etmişlər. İndi həmin insanlar və onların övladları köç etdikləri ölkələrin ictimai-siyasi həyatına möhkəm inteqrasiya olunmuş, öz diaspor cəmiyyətlərini yaradaraq təşkilatlanmışlar. Xüsusilə, XX əsrin sonunda SSRİ-nin dağılması nəticəsində dünyada baş verən proseslərin nəticəsində Azərbaycanın yenidən üz müstəqilliyini bərpa etməsi, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin yeritdiyi siyasət nəticəsində dünyada Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilmişdir. Azərbaycan dövlətinin və cəmiyyətinin gücü həm də xaricdə yaşayan, formalaşan, güclü qüvvəyə çevrilən həmin soydaşlarımızdadır. Bu insanlar həm Azərbaycanın xaricdə təmsil edir, onun iqtisadi, siyasi və mənəvi sahələrdə əldə etdiyi uğurları, Azərbaycan mədəniyyətini, incəsənətini, musiqisini, tarixini, adət-ənənələrini təbliğ edir, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırırlar. 
Lakin etiraf etmək lazımdır ki, müasir dünyada ədalət və beynəlxalq hüquq normaları güclü qüvvələrin mənafeyinə qurban verilir. Əfsuslar olsun ki, onlarin hər ikisi gobud şəkildə pozulur. Lakin bu pozulmaya beynəlxalq aləmdə adekvat reaksiya yoxdur. Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır.Həmin qətnamələrdən heç biri həyata keçirilməyib,işğal indiyədək davam edir, biz etnik təmizlənməyə məruz qalmışıq, ölkəmizin tarixi ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. BMT Baş Məclisi və Təhlükəsizlik Şurası ilə bərabər digər beynəlxalq təşkilatlar: ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası işğalı pisləyən qərar və qətnamələr qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Bundan əlavə, Azərbaycan xalqı son 250 ildə dəfələrlə soyqırımlarına və deportasiyalara məruz qalmış, onun torpaqları işğal olunmuşdur. Azərbaycan xalqının başına gətirilən bu ədalətsizliklər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və əsl mahiyyəti barədə dünya ictimaiyyətinə məlumat verilməlidir. 2016-cı il martın 10-12-də "Çoxqütblü dünyaya doğru” devizi ilə Bakıda keçirilən IV Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmin müasir dünyada alternativinin olmadığını qeyd etmişdir.O demişdir:” Azərbaycan həm Avropa Şurasının, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki,multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilməz”. Daha sonra Azərbaycan prezidenti qeyd etmişdir ki, dünyada vəziyyət dəyişmiş, dünya daha da sakit və təhlükəsiz olmaq əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir.Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı,yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır.Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı- bunlar son illərin reallıqlarıdır və bizim qonşuluğumuzda baş verir. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır. Azərbaycan prezidenti demişdir:”Biz bir-birimizə ehtiram nümayiş etdirməli,seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq”.(Bax:”Xalq qəzeti”, 11 mart 2016-cı il,№ 55,səh.1). Azərbaycan prezidenti İlham Əliyev Forum iştirakçılarının nəzərinə çatdırdı ki, bu gün Yaxın Şərqdə və Avropada baş verən münaqişə və qaçqın problemini Azərbaycan 25 il öncə yaşamışdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün büynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə,dövlət səviyyəsində terror,soyqırımı siyasəti həyata keçirilmişdir. Ərazimizin 20%-nin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar,xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarınınn Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyri- şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir. Forumda Azərbaycan prezidenti xüsusi olaraq vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmini xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neşə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. 
Belə bir vəziyyətdə bir çox ölkələrdə Azərbaycanın haqq səsinə səs verən dostlarımızın da erməni diasporu və onların havadarları tərəfindən məqsədyönlü şəkildə təqib olunması davam edir. Erməni millətçiləri çalışırlar ki,Azərbaycanın haq səsini dilinə gətirən hər kəsin gözünü qorxutsunlar.
Zori Balayan, Silva Kaputikyan və s. faşist xislətli, insanlığın düşməni olan millətçi ziyalıları Ermənistan, Rusiya, Fransa, ABŞ və başqa ölkələrdə milli qəhrəman kimi qarşılayır, onlara heykəl qoyur,adlarına küçə verirlər. Erməni millətçilərini müdafiə edən xarici ölkə vətəndaşları Rusiya, Fransa, ABŞ kimi ölkələrdə öz fikirlərini və kitablarını sərbəst yayır, Dağlıq Qarabağ məsələsində və digər məsələlərdə ermənipərəst mövqe tutaraq çox canfəşanlıq edirlər. Zori Balayan tərəfindən 1986-cı ildə yazılmış "Ocaq” əsəri sovet məkanında daha çox yayılır və erməni millətində türklərə və azərbaycanlılara qarşı nifrət toxumu səpirdi. Bu istiqamətdə Yerevandan dünyanın hər yerinə xüsusi emisarlar gedir, əhali arasında təbliğat aparırdılar. Lakin dünyanın əsas aparıcı ölkələrində onlara gözün üstə qaçın var deyən olmur. Əksinə, bu təbliğatın nəticəsində, 1987 ci il iyulun 17-də erməni diasporunun dəstəklədiyi parlamentarilərin səyi ilə Avropa Parlamenti saxta "erməni soyqırımı” iddialarını tanıdı və "soyqırım qəhrəmanlarına” xatirə günü təsis edilməsi haqqında qərar qəbul etdi. Bu gün dünyanın bir çox ölkələri tərəfindən tanınan uydurma "erməni soyqırımı məsələsi” ermənilərin daha da qol-qanad açmasına imkan verir.
Erməni yazıçısı Zori Balayan "Ruhumuzun dirçəlişi” adlı kitabında yazır:”Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən, əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türk uşağının başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qururlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni çeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Belə sözləri yazan bir yazıçı Rusiyada necə sərbəst gəzə və yaşaya bilir.Nəyə görə indiyə qədər o,Rusiya Federasiyasının müvafiq qanunları ilə cəzalandırılmayıb?
Lakin zaman-zaman Azərbaycanı müdafiə edən, onun dərdlərinə şərik olan insanlar erməni millətçilərinin və onların havadarlarının təzyiqinə, terroruna və ya şantajına məruz qalmışdır. Onlardan Moldova ambudsmanı Aureliya Qriqoriu, Rusiya federasiyasının Rostov vilayətinin Toqonroq şəhərində yaşayan Aleksandr Fomenkov, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan tarixçi alim Oleq Kuznetsov, Özbəkistanda yaşayan tarixçi alim Şuxrat Salamov (Barlas) və başqalarını qeyd etmək olar. 
Bu gün ən vacib əhəmiyyətli məsələlərdən biri bizim xaricdə Azərbaycanın haqq səsinə səs verən, həqiqəti dilə gətirən, vicdanın və ədalətin səsinə qulaq asan insanlara dayaq durub, onları erməni millətçilərinin təzyiq və şantajlarından qorumağı bacarıb-bacarmamağımızdır.
Sadə bir misal:Moldova ombudsmanı,həqiqət carçısı Aureli Qriqoriuya qarşı təzyiqlər davam edir.
BU BARƏDƏ AÇIQLAMA VERƏN A.QRİQORİU 
BİLDİRİB Kİ, ERMƏNİLƏR ONU HAZIRDA MƏHKƏMƏLƏRƏ ÇƏKİR, ASALA (ERMƏNİSTANIN AZADLIĞI UĞRUNDA GİZLİ ERMƏNİ ORDUSU ) TERROR TƏŞKİLATININ YARAQLILARI İLƏ HƏDƏLƏYİRLƏR. BU TƏZYİQLƏRƏ ONUN SİNƏ GƏRMƏSİ ÜÇÜN AZƏRBAYCAN DİASPORUNUN KÖMƏYİNƏ CİDDİ EHTİYAC VAR. GƏLİN BU H Ə Q İ Q Ə T C A R Ç I S I N A D A Y A Q O L A Q !
Dünyada elə insanlar var ki,onların əməllərindən təkcə öz milləti və ya xalqı deyil, neçə-neçə başqa millət və xalqlar da faydalanır.Belə insanlardan biri də Moldova ombudsmanı Aurelia Qriqoriudur.Aurelia xanımın Azərbayçan xalqına qarşı etdiyi mərdliyi müqəddəs kitablarda bəhs olunan bir hadisə ilə müqayisə etmək olar.Məlum olduğu kimi,Həzrəti İbrahim ən qədim dövrdə kahinlərin inandığı bütbərəstliyə qarşı çıxırdı.Bütpərəst kahinlər isə buna görə onu sevmirdilər.Bir dəfə həmin kahinlər yığışıb ova gedirlər,Həzrəti İbrahim Peyğəmbər bundan istifadə edib kahinlərin Allah kimi qələmə verdiyi bütləri sındırıb yerə tökür.Ovdan qayıdıb gələn kahinlər daşlardan ibarət olan bütlərin sındırıldığını görüb qəzəblənirlər.Onlar bunun İbrahim tərəfindən edildiyini biləndə ona ən ağır cəza vermək-yəni böyük bir tonqalda yandırmaq qərarına gəlirlər. Böyük bir tonqal qalayıb İbrahimi həmin tonqala atırlar.Ətrafda olan hər canlı bu hadisəyə bir cür münasibət göstərir.Məsələn,Kərtənkələ İbrahimə nifrət etdiyinə görə ödü üfürür ki,daha da alışsın.Odda yanan İbrahim Kərtənkələdən soruşur:Ey Kərtənkələ,sən niyə odu üfürürsən? Kərtənkələ ona cavab verir:_Sənə o qədər nifrət edirəm ki,istəyirəm tonqal daha çox alışsın ki,tez yanıb külə dönəsən.Sülh quşu Göyərçin isə dimdiyində bir damcı su gətirib oda atır.İbrahim ondan soruşur:-Ey allahın quşu,sən niyə oda bir damcı su atırsan?Axı sənin dimdiyində atdığın bir damcı su bu qədər böyük odu söndürə bilərmi? Göyərçin İbrahimə belə cavab verir: -Mən səni o qədər məhəbbətlə sevirəm ki,sənə olan məhəbbətimə görə gücüm çatan qədər çalışıram odu söndürəm.
Moldova ambudsmanı Aurelia Qriqoriu nə Kərtənkələ kimi odu üfürdü,nə də Göyərçin kimi yanan oda bir damcı su atdı.O, tonqalda yanan Azərbaycanın yanına,düz tonqalın mərkəzinə tullanaraq Azərbaycan Respublikası və Azərbaycan xalqı ilə birlikdə alışıb- yanmağa başladı. Haqqında bəhs olunan rəvayətdə Böyük Allah İbrahimi yanmağa qoymur və məleykələrin qoynunda onu sağ-salamat tonqaldan xilas edir.
Böyük Allah Aureliya xanımı da Yerevanda beləcə möcüzə ilə ölümün pəncəsindən və terror təhlükəsindən xilas etdi.İnanıram ki,böyük yaradan gələcəkdə də Azərbaycan dövlətini və xalqını Aurelia xanımla birlikdə yanan od-alovdan,şər qüvvələrin hücumundan və böhtanlarından xilas edəcək və biz əsl ədalət,sülhsevər və haqq yolunun yolçuları kimi qalib gələcəyik. 
İndi isə keçək əsas məsələyə-yəni Aureliya xanımın qəhrəmanlığına.O,2013-cü ilin iyulun 4-də Ermənistan parlamentində keçirilən ümumavropa konfransında "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması”adlı məruzə ilə çıxış edərkən deyib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib…Xocalıda soyqırımı da ermənilər törədib və bu,beynəlxalq ictimayyətin tanıdığı faktdır”.(Bax:”Şərq” qəzeti,6 iyul 2013-cü il, №120,səh.4.).
Mən siyasi prosesləri izləyən bir şəxs kimi son 20 ildə ilk dəfə olaraq 2013-cü ilin iyulun 4-də Ermənistan Parlamentində bir xristian mənşəli Moldova vətəndaşı, Moldovada və eləcə də digər ölkələrdə insan haqlarının qorunması üzrə məsul olan bir şəxsin-Moldova Ombudsmanı Aurelia Qriqoriunun səsləndirdiyi bu fikirləri eşidəndə bir daha əmin oldum ki,dünyada haqq-ədalət uğrunda vuruşan İNSAN-lar var və ona görə də o,heç vaxt ölmür,gec-tez haradasa üzə çıxır.Sadəcə bir az səbirli olmaq və haqq-ədalət uğrunda vuruşmaq,döyüşmək qüdrəti olan belə insanları axtarıb tapmaq,milliyyətindən,dinindən və irqindən asılı olmayaraq onların köməyinə arxalanaraq və onlarla birgə tarixi ədalətsizliklərə qarşı mübarizə aparmaq lazımdir.
Dünyada hər bir dövlətdə,hər bir millətin arasında kişi və ya qadın olmasından asılı olmayaraq həqiqət carçısi,etalonu olan belə insanlara əgər tarixi həqiqəti olduğu kimi çatdıra bilsək,onlar əllərinə fürsət düşən kimi heç kəsdən və heç nədən çəkinmədən və qorxmadan onu dilə gətirəcəklər. 
Məlum olduğu kimi, 2013-cü ilin iyulun 4-də Ermənistan respublikasının paytaxtı Yerevan şəhərində "Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları:Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının baxışları” mövzusunda konfrans keçirilirdi.Həmin konfransda Moldova ombudsmanı Aureliya Qriqoriu "Döndurulmuş münaqişələr ərazilərində insan hüquqlarına riayət edilməsi " movzusunda məruzə ilə çıxiş etdi.Heç kəsin gözləmədiyi halda Yerevanda bir moldovan qadın ombudsman həqiqətin və ədalətin müdafiəsinə qalxaraq Ermənistanın törətdiyi zorakılıq və terror faktlarını onların üzünə beynəlxalq konfransda sadaladı və bəyan etdi ki,Xocalı soyqırımını ermənilər törədiblər və bu,beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.O,Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında baş verən həqiqətlərin əsl mahiyyətini də konfrans iştirakçılarına anlatdı. O, öz çıxışında bir daha xatırlatdı ki,insan hüquqlarının müdafiəsinə dair Avropa standartları Avropa Birliyinin sənədlərində müvafiq hüquqi normalarda təsbit edilmişdir.Bu,həmin standartların istənilən şəraitdə reallaşdırılmasına təminat verir.Qriqoriya xanım bunu əsas götürərək dondurulmuş münaqişələr baş verən ərazilərdə insan hüquqlarının pozulmasını identifikasiya etməyə,yəni izah etməyə risk edib.Onun məqsədi ondan ibarət olub ki,gələcəkdə həmin zonalarda insan hüquqlarının bu cür pozulmasının qarşısı alınsın və həmin münaqişələrin yalnız dinc vasitələtlə tənzimlənməsi təmin edilsin.Aureliya xanım Azərbaycan,Gürcüstan və Moldova haqqında öz mərüzəsinin giriş hissəsində beynəlxalq sənədlərə,”Promo-Lex”assosiasiyasının nəşrlərinə,habelə Moldova Respublikası Prezidentinin rəhbərliyi ilə 2012-ci ildə ”Dövlət İdarəçilik Akademiyası”mövzusunda keçirilmiş beynəlxalq konfransın materiallarına istinad edib.Ermənistanın Azərbaycana qarşı yönəlmiş təcavüzkar siyasətinə toxunan Moldava ombudsmanı BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrinin(№ 822(1993),№ 853(1993),№ 874(1993) və № 884 (1993), habelə,BMT Baş Məclisinin 62|243 №-li qərarının (mart 2008) məzmununa tamamilə uyğun şəkildə öz çıxışını qurub. Lakin ona öz çıxışını davam etdirməyə imkan verməyiblər,onun çıxışını yarımçıq kəsiblər.Bilavasitə Ermənistan parlamentinin binasında keçirilən həmin tədbirdə onun ünvanına "siyasi satqınlıq və Azərbaycan təbliğatının yayılması ilə məşğul olması barədə” yalançı ittihamlar səsləndirilib.Ermənistan parlamentinin vitse-spikeri Elmine Nağdanyan dünyanın 30-dan çox ölkəsini təmsil edən iştirakçıları konfransın yekun sənədində Moldova ombudsmanının şıxışını pisləməyə çağırıb,lakin bu təşəbbüs dəsdəklənməyib.Bundan əlavə,onu öz çıxışına görə "cəzalandırmaq” üçün tədbirlər görməyə başlayıblar.
Ermənistan parlamentində cəsarətli çıxışından sonra onu Ermənistandan buraxmırdılar,ölümlə hədələyərək təcrid vəziyyətində saxlayır,ondan rəsmi şəkildə üzr istəməsini tələb edirdilər.Mehmanxanada onun qaldığı nömrəyə zəng vurub ona qarşı fiziki zor tətbiq ediləcəyi ilə hədələyiblər.Onun Facebook səhifəsinə hədsiz-hesabsız hədə və təhqirlər daxil olub.Ermənistan KİV-ndə onun fotoşəklini və bütün hüquq müdafiəçilərinə münasibətdə zor tətbiq etmək barədə çağırışlarla dolu məqalələr dərc ediblər.Onun bu ölkədən getməsini çətinləşdiriblər.Bu dəhşətli anları xatırlayan Aureliya Qriqoriu xanım ürək ağrısı ilə qeyd edir:”...sürücü məni aeroporta aparmaqdan imtina edəndə isə Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi və bizim nünayəndə heyətinin üzvü cənab V.Pops məni həyatım üçün təhlükə vəziyyətində atıb getdi.Yalnız Rumıniya(Avropa İttifaqının üzvü kimi) və Gürcüstan diplomatlarının təkidi ilə mənim həmin ölkədən çıxmağım təmin edildi.”Avropa standartları” üzrə Yerevanda aldığım dərsi heç vaxt unutmaram”.(Bax,”Azərbaycan”qəzeti,27 avqust 2013-cü il,səh.3,№ ).
Lakin Moldova ombudsmanı heç kəsdən üzr istəmədən məğrur şəkildə Ermənistanı tərk etdi. Xanım Aureliya Qriqoriu bir daha həmin hadisələri təhlil edərək deyir:”Mən çıxış edəndən dərhal sonar başa düşdüm ki,insan hüquqlarının və əsas azadlıqlarının mühüm komponentlərindən biri olan qanunun aliliyi prinsipi Ermənistanda tətbiq edilmir”.”(Bax ,Yenə orada,).Q,qeyd edib ki,Ermənistanda qanunun aliliyi barədə tez-tez danışırlar.Bununla belə,orada Avropa insan hüquqları konvensiyasının və Ermənistanın qoşulduğu digər beynəlxalq sazişlərin müddəaları mütamadi şəkildə pozulur.Ermənistan insan hüquqları haqqında konvensiyanın üzvü olmaqla ,insanın əsas hüquqlarına ciddi riayət edilməsi barədə öhdəliklər götürmüşdür.Moldova ombudsmanı ilə bağlı hadisədə Ermənistan həmin konvensiyanın aşağıdakı maddələrini pozmüşdur:
Maddə 1-insan hüquqlarına riayət etmək öhdəliyi.
Maddə 10 – Öz fikrini ifadə etmək azadlığı.
Maddə 14- Ayrı-seçkiliyin qadağan edilməsi.
Bundan əlavə, Ermənistan insan hüquqlarının və asas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 4№-li protokolun 2-ci maddəsi-Hərəkət azadlığı bəndinin tələblərini də pozmuşdur.
Təsəvvür etmək çətin deyildir ki,o,məlum çıxışını etdikdən sonra qısa müddətdə qonaq kimi dəvət olunduğu ölkədən-Ermənistandan Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirliklərinin köməyi ilə Yerevan aeroportuna gəlincə və Moskvaya uçunca hansı mənəvi sarsıntilar və həyacan keçirib və nə qədər təzyiqlərlə üzləşib.Haqq sözü dilə gətirdiyinə görə mənəvi terrorla üzləşən bu qadına hansı miqdarda və kim tərəfindən kompensasiya ödəniləcək.Dünyada özünü demokratik ölkə kimi qələmə verməyə çalışan Ermənistanda "ombudsmanın çıxışını yarımçıq kəsib,ondan öz çıxışına görə üzr istəməsini tələb etmək”, buna nail olmadıqda hakimiyyət orqanları tərəfindən "köməksiz xanımın aeroporta qədər təhlükəsiz şəkildə yola salınmaması” və "onun təhlükəsizliyinə heç bir qarant verilməməsi barədə xəbərdarlıq edilməsinə görə”,”ombudsmanın "Facebook”ünvanına hədələr gəlməsinə”,”hoteldə qaldığı nömrəyə zəng edib onu saçlarından tutub sürüyəcəklərini və onunla haqq –hesab çəkəcəklərini deməyə görə”, "ailəsinin ünvanına belə hədələr göndərilməsinə görə” və başqa hərəkətlərə görə, kimlər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar qarşısında nə vaxt və necə cavab verəcəklər. Bu hadisəyə layiqincə qiymət verilsə,dünyada özünü "əzabkeş” və "demokratik ölkə” kimi qələmə verən,lakin işğalçı, təcavüzkar və antidemokratik bir dövlət olan Ermənistan Respublikasının əsl mahiyyətini üzə çıxarmağa və onu olduğu kimi tanımağa kifayər edər.
Moldova ombudsmanı deyib:”Mən Moldovaya qayıdandan sonra da ünvanıma yeni hədələr daxil olmaqda davam edir. O cümlədən, müasir demokratiyanın beşiyi sayılan ölkənin-ABŞ-ın vətəndaşları olan ermənilərdən. Erməni diasporu mənim tutduğum vəzifədən istefa verməyimə nail olmağa cəhd göstərmişdir.Onlar Moldova parlamentinin insan hüquqları və etika üzrə daimi komissiyasının baxması üçün müvafiq iddialar təqdim etmişdir”.(Bax,Yenə orada,səh.3). 
Bütün bu yuxarıda qeyd olunanlar işğalçı bir dövlətin-Ermənistanın və erməni diasporunun əsl mahiyyətini sübut edən və gözlənilən hərəkətlər idi və heç kəsi təccübləndirmir.
Ancaq məni başqa bir məsələ çox təəccübləndirir və narahat edir: həmişə Azərbaycana gələrkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etdiyini bəyan edən Moldova rəsmiləri nə səbəbə görə həmin fikirləri Ermənistan parlamentində səsləndirən öz vətəndaşını və ombudsmanını müdafiə etmir,əksinə bəyan edirlər ki,orada səsləndirilən fikirlər Moldova dövlətinin rəsmi mövqeyi deyil,ombudsmanın şəxsi mövqeyidir. Moldova parlamentinin spikeri İqor Korman demişdir:”Qriqoriu ölkənin imicinə ziyan vurmuşdur”.
Parlament komissiyasının sədri Mizin isə belə demişdir: ”Qriqoriunun şikayəti peşəkar səviyyədə tərtib edilməmişdir və bizim ölkənin mövqeyini əks etdirmir”.
Bu kimi fikirlərə münasibət bildirən A.Qriqoriu deyir:”Sual edilir,BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrini imzalamış ölkənin parlamentinin spikerinə və parlamentin insan hüquqları və etika komissiyasının sədrinə bu cür sözlər yaraşarmı? Axı,həmin qətnamələrdə Ermənistanın təcavüzkar siyasəti pislənilir və Azərbaycanın ərazi bütövlüyü tanınır”.(Bax,yenə orada,səh 3).
A.Qriqoriu həmçinin onu da qeyd edib ki,Moldova KİV-lərinin əksəriyyəti vəziyyəti realistcəsinə qiymətləndirmədən və onun Yerevandakı nitqinin əsasını təşkil etmiş beynəlxalq sənədləri öyrənmədən,erməni mətbuatında dərc edilənlərin təsirinə düşmüşlər. O deyib,”Mənim mənəvi simamı şübhə altına alan Moldova mətbuatı özü hadisələrin tarazlaşdırılmış şəkildə işıqlandırılması prinsiplərinə riayət etmir.Ünvanıma səslənən təhqirlər mənim imicimə ziyan vurur və ləyaqətimi alçaldır”.
Moldova ombudsmanı öz ölkəsinin hakimiyyət orqanlarının fəaliyyətindən də narazılıq edib.O deyib:” Çox təəssüflənirəm ki,mənim hökümətim məni bu cür hücumlardan müdafıə etmədi.Moldova Konstitutisiyasına görə öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün cavabdeh olan dövlət strukturları öz vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən pozulmasına müqavimət göstərmirlər.Mənə münasibətdə əsas insan hüquqlarının pozulmasına beynəlxalq səviyyədə,Moldova ilə Ermənistan arasında münasibətlər səviyyəsində də bilərəkdən susurlar.Onlar başa düşməlidirlər ki,bu addımı ilə Moldova ombudsmanı təkcə özünün deyil, bütün Moldova dövlətinin və xalqının sülhsevər və ədaləti müdafiyə edən bir xalq və dövlət kimi imicini dünyada qaldırdı. Hansı insanlar belə hesab edirsə ki, Moldava ombudsmanı diplomatic normaları pozub, Ermənistan-Moldova münasibətlərinə zərər gətirib,Moldovanın imicinə zərbə vurub,həmin insanların ümumiyyətlə,siyasət, demokratiya və insan haqları, beynəlxalq münasibətlər haqqında, mənəvi əxlaq normaları haqqında və bir çox digər ümumbəşəri dəyərlər haqqında elementar təsəvvürləri belə yoxdur. Ona görə ki, belə fikirləri söyləyənlər quru siyasi və diplomatik terminlərlə əsl həqiqəti danır, onun üstünü pərdələyir və dolayısı ilə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını, bir milyondan artıq insanlarln hüquqlarının pozulduğunu , Xocalı soyqırımını və digər hadisələrin və faciələrin törədildiyini etiraf və təsdiq etmək istəmir, bununla da təcavüzkarın əməllərinə qarşı laqeyd qalırlar ki, bu da həmin şəxslər tərəfindən Azərbaycan Respublikasına qarşı dostluq münasibətləri bəsləndiyini şübhə altına almış olur. Bəşəriyyətin bəlaları belə insanlar iş başına keçən zamanlarda baş verir. O ki qaldı Aureliya Qriqoriuyə, fiziki baxımdan da olduqca gözəl və cazibədar olan bu xanıma Allah çox böyük cəsarət və ədalət hissi,tükənməz mənəvi aləm,təmiz əxlaq,ruh və digər bir çox başqa ümumbəşəri dəyərlərlərə hakim olan bir ürək verib. Allah onu, onun övladlarını,yaxın və doğma qohum əqrabalarını, bütün dost və qardaş Moldova xalqını xöşbəxt eləsin.
Bildiyimiz kimi,2013- cü ilin iyulun 7-dən bu günədək Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinə qayıdaraq orada yaşayan Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı təzyiqlər davam edir. Onun çıxışından dərhal sonra Moldovada və başqa yerlərdə yaşayan ermənilər dərhal hücuma keçdilər. Moldovada onun ailəsi və özü iləilə bağlı düzgün olmayan məlumatlar yayılmaqdadır.Yayılan digər məlumatlara görə, Moldovanın baş prokuroru ərazi prokuroruna 2013-cü ilin avqustun 15-nədək xanım A.Qriqoriuya edilən təhdidləri araşdırıb tədbir görülməsi barədə tapşırıq verib.Lakin Moldava Baş prokurorunun ona olan təhdidlərlə bağlı məsələni araşdırmağa dair göstəriş verməsinə baxmayaraq, hələ bu günədək bu insidentlə bağlı cinayət işinin başlanması barədə qərar qəbul olunmayıb.Ona görə də Aureliya Qriqoriu dövlətdən heç bir dəstək görmədiyini və dövlət tərəfindən onun təhlükəsizliyinin təmin edilməsi üçün formal əsasların olmadığını soyləyib.O deyib: "Baş prokuror Kişinyov bələdiyyə prokuroruna Rışkan komissarlığın müfəttişi Mixail Vasluyanın mənə və anama qarşı etdiyi hərəkətləri ilə bağlı verdiyim şikayətimi araşdırmağı tapşırıb. Prokurorluqdan yekun qərar olmasa da, məndə olan məlumata görə, Daxili İşlər Nazirliyi və bələdiyyə prokurorluğu tərəfindən yoxlamalar keçirilib və həmin müfəttiş artıq anamı narahat etmir”. (Bax: "525-ci qəzet”, 23 avqust 2013-cü il,№152,səh.1).
Moldava ombudsmanı Aureli Qriqoriu həmçinin özünün çox kritik durumda olmasına və təhlükəsizliyi ilə bağlı həyacan keçirərək öz dövlətinə güvənməsinə baxmayaraq,digər dövlət orqanlarının da onu lazımınca müdafiə etmədiyini bildirib. O deyib:”Dövlətdən heç bir dəstək almıram.Mənə qarşı informasiya müharibəsi aparılır,sanki məndən xalq düşməni obrazı yaratmaq istəyirlər.Məni Ermənistanda tək qoyan şəxs qəhrəman,mən isə xalq düşməni oldum”.(bax. Yenə orada,). Vəziyyətin belə davam edəcəyi halda, ölkəni tərk etmək,ya da yaşayış yerinin dəyişdirilməsinin mümkünlüyü barədə danışan Moldova ombudsmanı artıq bu barədə fikirləşdiyini bildirib.O,öz sosial şəbəkədəki səhifəsində ona hədə-qorxu gələn ermənilərə müraciət edərək yazıb:”Cənab ermənilər! Mənə olan nifrətiniz sizə Moldova xalqını təhqir etmək hüququ vermir.Təhqirləri dayandırmağınızı tələb edirəm.Əks təqdirdə mən bunu ictimai müzakirəyə çıxaracağam”.(Bax,”Şərq”qəzeti,16 avqust 2013-cü il.).
Ombudsman əlavə edib ki, təhdidlərdən əlavə onu və vəkilini izləməyə başlayıblar.O deyib: "EDİTURA STATİSTİKA” adlı dövlət qurumu mənim özəl vəkil büroma qarşı qanunsuz təzyiq kampaniyasına başlayıb,mənim ombudsman olduğum dövr ərzində həmin müəssisənin fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Həmin qurumun rəhbəri olan dövlət məmuru atdıqları addımların mənim İrəvanda səsləndirdiyim fikirlə bağlı olduğunu gizlətmir.Həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı yazdığım müraciətlərə isə baxılmayıb. Bütün bu faktlar dövlət qurumlarının hüquqlarımı bərpa etmək niyyətində olmadığını göstərir”(Bax: "525-ci qəzet”, 23 avqust 2013-cü il, №152,səh.1).
Aureli Qriqorinin sözlərinə görə, artıq onun onun ombudsman mandatı bitir. Moldovada bir çox QHT-lər ona dəstək verir və onun namizədliyinin yenidən irəli sürülməsinə çalışırlar.2013-cü ilin sentyabrında Moldovada parlament vəkilləri ilə bağlı qanuna dəyişikliklərin qəbul edilməsi nəticəsində deputatlar yalnız bir parlament vəkilini saxlamaq qərarına gəldilər və təbiidir ki,parlamentdə mandatı 2015-ci ildə bitəcək vəkil-ombudsman qaldı. Ondan sonra yeni seçkilər keçirildi. 2015-ci ilin payizında keçirilən seçkilər ərəfəsində və ondan sonra da ciddi təzyiqlərlə üzləşən bu xanım ombudsman öz ölkəsindən əlavə, bütün dünyada, xüsusilə, insan huquqlarının pozulduğu digər ölkələr üçün də çox lazımlı bir insan və hüquq müdafiəçisi ola bilərdi. Əfsuslar olsun ki, erməni millətçilərinin təsiri ilə Moldovada onun belə bir mövqe qazanmazına imkan verilmədi. 
Ədalətli və cəsarətli mövqeyinə görə, Azərbaycan diasporu Aureli Qriqoriuya ciddi arxa durmalı,ona kömək etməlidir.O, Azərbaycan Respublikasının və bir çox başqa dost dövlətlərin dövlət mükafatlarına, orden və medallarına layiq görülməli, hətta Nobel sülh mükafatına namizəd kimi irəli sürülməlidir.
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki,Azərbaycan tərəfi yaranmış vəziyyəti ciddi müşahidə edir və Aureliya Qriqoriuya qarşı represiyalara yol verilməməsinə çalışır. Bu hadisədən dərhal sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Moldova ombudsmanı Aureliya Qriqoriunun hüquqlarının pozulması ilə bağlı bəyanat verib. Bəyanatda qeyd olunurdu ki ,insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkə vətəndaşının və xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi,beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları və həqiqətləri söylədiyinə görə, Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüququ,demokratik dövlər olmadığını bir daha sübut etdi. Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti qurumun payız sessiyasında Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan dövləti,erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən təzyiqlərə məruz qalması, hədələnməsi ilə bağlı məsələ qaldırdı. Ona görə ki,ATƏTƏ üzv olan bir ölkə (Ermənistan) digər üzv ölkənin (Moldova) insan hüquqları müvəkkilini ölümlə hədələyir. Əslində sessiya çərçivəsində bu məsələni Azərbaycanla bərabər Moldova və digər üzv dövlətlər də qaldırmalı və Aureliya Qriqoriunu müdafiə etməlidir. 
Bir qrup azərbaycanlı "facebook”-da "Aureliya Qriqoriuya dəstək !" səhifəsi açıb. Azərbaycanda və xaricdə fəaliyyət göstərən bir çox qeyri - hökümət təşkilatları da onun müdafiəsinə qalxmışdır. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi(Azərbaycan), Beynəlxalq Diaspora Mərkəzi (Azərbaycan),Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (Qırgızıstan), Dünya Azərbaycanliları Konqresinin Azərbaycan,Rusiya,Ukrayna, İsveç,Almaniya, ABŞ və sair ölkələr üzrə nümayəndəlikləri və bir çox digər təşkilatlar Aureliya Qriqoriu xanımla gündəlik əlaqə saxlayaraq onunla fikir mübadiləsi aparır,yarana biləcək və üzləşdiyi problemləri götür-qoy edirlər. 
2013-cü il avqustun 25-də Ukraynanın paytaxtı Kiyevdə Moldova Ambudsmanı Aureliya Qriqoriuya insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi rəşadətə görə, Müqəddəs Vladimir Pravoslav ordeni ilə təltif olunub. O.həmçinin də Qırğızıstan Respublikasında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatı olan”Türk Dünyasının Fəxri-Heydər Əliyev”qızıl medalına layiq görülmüşdür. A.Qriqoriu Azərbaycan xalqına ona verdiyi dəstəyə görə, öz minnətdarlığını bildirib.O,həmçinin bəzi təşkilatlar tərəfindən ona Azərbaycanda siyasi sığınacaq verilməsi təklifinə də münasibət bildirərək deyib:”Mən çox ümid edirəm ki, mənim Azərbaycana köçməyimə ehtiyac qalmayacaq. Lakin polis,yerli idarəetmə orqanları və dövlət qurumları tərəfindən qeyri adekvat hərəkətlər məni bu sual barədə düşünməyə vadar edir. Üstəlik müəyyən orqanlar tərəfindən mənə qarşı kompromat axtarmağa başlayıblar. Sual yaranır: bu, kimə və nə üçün lazımdır? Ona görə, son qərar hələlik qəbul etməmişəm. Amma təzyiqlər və mənə qarşı qanundan kənar hərəkətlər davam edərsə, Azərbaycan hökümətinə müvafiq müraciət edəcəyimi istisna etmirəm”.(Bax.Yenə orada,səh.1).
Moldova ombudsmanı Aureliya Qriqoriu Almaniyanın "Tabula Rasa” nəşrində jurnalist Ştefan Qrossa verdiyi müsahibəsində büynəlxalq təşkilatları, o cümlədən Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-i, üzv ölkələri bu məsələlərə biganə qalmamağa çağırıb. O, Ermənistan Respublkasının Avropa İttifaqı ilə assosiativ müqavilə bağlamağa hələlik hazır olmadığını bildirib.O qeyd edib ki, mən Ermənistanda olmağımı, öz təcrübəmi əsas götürərək deyə bilərəm ki, bu ölkədə qanunun aliliyi prinsipi kimi Avropa dəyərlərinin tətbiq edilməsi barədə danışmaq düzgün olmazdı. Ermənistanda istər ölkə daxilində, istərsə də onun hüdüdlarından kənarda birinci yeri milli maraqlar tutur. ”hüquqi dövlət və insan hüquqları barədə bütün söz-söhbətlərə baxmayaraq, Ermənistan əyani şəkildə göstərmişdir ki,orada insan hüquqlarına hörmət edilmir. Bundan əlavə, hökumət orqanlarının bu sahədə vəziyyəti yaxşılaşdırmaq arzusu yoxdur və yaxın gələcəkdə çətin ki, nə isə dəyişəcəkdir. Əks halda, Ermənistan hökumətinin bir qadın və əcnəbi dövlətin insan hüquqları üzrə müvəkkili kimi mənə qarşı etdiyi hərəkətlərə nə ad vermək olar? (Bax,Azərbaycan qəzeti,27 avqust 2013-cü il. Səh.3). O, daha sonra qeyd etmişdir ki, Yerevan parlamentindəki nitqindən sonra Ermənistan tərəfindən təqib olunmağa başlamış, bununla da Ermənistan insan hüquqlarının əsas prinsiplərini bilərəkdən pozmuşdur. O demişdir: "Nə qədər ki, Ermənistan insanların öz fikrini sərbəst ifadə etməsinə hədə və fiziki zorakılıqla cavab verir, bu ölkənin Avropa İttifaqı ilə assosiativ sazişə hazır olub-olmaması barədə fikirləşməyə dəyər”.(Bax Yenə orada,səh.3). Aureliya xanım guman edir ki, Avropa Şurası da bu məsələdən sonra özü üçün müəyyən nəticələr çıxaracaqdır. Avropa dəyərlərinin tətbiqinin imitasiyası və onların gündəlik həyatda real tətbiq edilməsi arasında fərq qoyulmalıdır. ”Çox təəssüflə deməliyəm ki, Ermənistanın siyasi rəhbərliyi Avropa dəyərlərini gündəlik həyatda tətbiq etməkdən hələ çox uzaqdır”-deyə o, bildirib (Bax,yenə orada,səh.3). 
Beləliklə, əsas məqsədi "dondurulmuş”münaqişələr sahəsində, xüsusən, Avropa ailəsinə üzv olmaq məqsədlərini bəyan etmiş dövlətlərdə insan hüquqlarının pozulmasına beynəlxalq birliyin diqqətini cəlb etmək olan A.Qriqoriunun özünün hüquqları pozulmuşdur və onun həyatı təhlükədədir. Onun nitqini münaqişələrin dinc yolla tənzimlənməsinə çağırış kimi başa düşmək lazımdır. Onun çıxışı həmçinin də Avropa dəyərlərinin reallaşmasına çağırışdır. Bütün bünları nəzərə alaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlıların, türklərin və digər dost ölkələrin diaspor təşkilatlardan bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara ardıcıl şəkildə müraciətlər ünvanlanmalı, bütün dünyanın diqqəti Aureli Qriqoriu məsələsinə yönəldilməlidir. Mən bütün dünya azərbaycanlilarını, Azərbaycan və türk təşkilatlarını, dünyanın bütün sülhsevər və tərəqqipərvər insanlarını sabiq Moldova ombudsmanı, hazırda isə Moldova İctimai Palatasının sədri olan Aureliya Qriqoriunun müdafiəsinə qalxmağa, mümkün vasitələrlə onun təqib olunmasına imkan verməməyə, onun namizədliyini Nobel sülh mükafatına, Saxarov adına mükafata, digər beynəlxalq mükafatların verilməsi üçün irəli sürməyə, ona dünyanın sülh carçısi kimi bir çox dövlətlərin orden və medallarını vermək üçün təbliğat aparmağa çağırıram. 
İkinci bir misal: Tanınmış rus tarixçi-alimi Oleq Kuznetsov "XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabını SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazıb. Bundan qəzəblənərək 2017-ci il iyulun 10-da Moskvada bir qrup erməni Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin qəbulunda olub. Müvafik göstəriş əsasında, bir müddət sonra, ermənilər Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb İnzibati Dairəsi üzrə İdarəsinə müraciət ediblər. 2017-ci il avqustun 4-də "XX yüzillikdə transmilli erməni terrorunun tarixi” əsərinin müəllifi Oleq Kuznetsov adı çəkilən həmin əsəri yazdığına görə, xüsusi işlər üzrə müstəntiq Andrey Alekseyeviç Berlyov tərəfindən dindirilib. Tarixçi alimin sözlərinə görə, Rusiya qanunlarına əsasən, şikayət ərizəsi kollektiv şəkildə verilə bilməz. Ona görə, şikayət ərizəsi Ruben Stepanoviç Kirakosyan adlı bir vəkil tərəfindən verilib. Təcrübəli hüquqşünas olan Kirokosyan bilməli idi ki, Rusiya Ali Məhkəməsinin Plenumunun qərarı ilə elmi fəaliyyətin nəticəsi ekstremist material hesab oluna bilməz. Bu qərara müvafiq olaraq həmin monoqrafiyada milli zəmində nifrətə təhrikin və həmin cinayət tərkibinin olması mümkün deyil. Rusiyada vəkil kimi fəaliyyət göstərən erməni hüquqşünaslar hesab edirlər ki, hüquqi fəaliyyət ilə əlaqədar bütün məsələləri qanundankənar, pul müqabilində həll edə bilərlər. Sorğu-sual zamanı müstəntiq Oleq Kuznetsova 4 sual verib: Birinci sual onun həqiqətənmi həmin monoqrafiyanın müəllifi olması, ikinci sual, onun adı ilə bağlı olan saytın ona aid olub-olmaması, üçüncü sual monoqrafiyada nədən bəhs etməsi, dördüncü sual isə bu monoqrafiyanın haralarda yayılması. Göründüyü kimi, milliyyətcə rus olan bir alim Rusiya qanunlarlna zidd olaraq erməni millətçilərinin şikayəti əsasında öz ölkəsində təqib olunur. Doğrudur, müstəntiq onun barəsində cinayət işinin açılmasından imtina edib, hər halda, onun çağırılması, sorğu-suala tutulması özü də bir təzyiq formasıdır.Erməni millətçiləri isə məqsədyönlü şəkildə Oleq Kuznetsovdan əl çəkmək istəmirlər.Ona görə Azərbaycan diasporu daim onun yanında olmalı, ona arxa və dayaq durmalı, lazım gəlsə hər vasitə ilə onu müdafiə etməyi öz üzərinə götürməlidir.
Üçüncü bir misal: Məşhur özbək tarixçi alimi, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru Şuxrat Salamova (Barlas) "Qarabağ:İdeyalar müharibəsi” kitabına görə, rəsmi Yerevanın və erməni diasporunun təzyiqi ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb. Tədqiqatçı alimin əsərində erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb. Həmin müəllif tərəfindən "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabı da yazılmışdır. Bu kitablarda müəllif öz ölkəsinin həqiqətlərini də araşdıraraq üzə çıxarıb. Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və Özbəkistanda yaşayan ermənilərin təzyiqi ilə müəllifə qarşı kampaniya başlayıb. Doğru faktları həzm edə bilməyən erməni diasporu isə Şuxrat Salamova qarşı əsl qarayaxma kampaniyasına start verərək onu saxtakarlıqda, milliyyətçilikdə, pantürkizm və fırıldaqçılıqda ittiham edib. Erməni diasporu tərəfindən alimin evi daş-qalaq edilib və o, ekstremist quruplarla əlaqədə günahlandırılıb. Rəsmi İrəvanın və erməni icmasının təsiri ilə müəllifə qarşı cinayət işinin başlanması gündəmdədir.
Gırğızıstanda fəaliyyət göstərən "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”, Azərbaycanda fəaliyyət göstərən Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Qarabağ Azadlıq Təşkilatı, Beynəlxalq Diaspor Mərkəzi, Bütöv Azərbaycan Ocaqları və başqa təşkilatlar tərəfindən bu məsələ ilə əlaqədar olaraq Özbəkistanın Azərbaycandakı səfirliyinə müraciətlər edilib. Həmin müraciətlərdə qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mahiyyətinə uyğun şəkildə yazılmış bu kitaba görə müəllifin təzyiqə məruz qalması ölkənin seçdiyi demokratik yola uyğun gəlmir.Görəsən, Özbəkistanda erməni daşnkları və millətçiləri tərəfindən XX əsrin əvvəllərində özbəklərə,türk və müsəlman əhaliyə qarşı törədilən soyqırımlarını, milli-ayrı saçkiliyi,genosid və represiyaları unudublar? O zamanlar bolşeviklər bilavasitə ermənilərin əli ilə 36 mindən çox günahsız özbəyi qətlə yetiriblər. Bu işdə əli Azərbaycan xalqının qanına boyanmış Mirzoyan mühüm rol oynayıb. 1985-86-cı illərdə SSRİ Baş prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qıdılyan başda olmaqla sovet hüquq-mühavizə orqanlarının törətdikləri cinayətlər də yaddan çıxarılmamalıdır. 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçilərinin izi məyyən edilib.
Hələ bu azmış kimi, 2016-cı ilin dekabrın 19-da Daşkənddə akademik Rustamyon Abdullayev tərəfindən yazılmış "Fundamental iqtisadiyyat” (Rus dilində) jurnalında dərc edilmiş "Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (Rus dilində) adlı məqalədə də Şuxrat Salamovun adı çəkilən əsərləri tənqid olunur. Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları, o cümlədən də elmi işçi Güntəkin Nəcəfli bu iddialara qarşı etiraz edən məqalə ilə çıxış ediblər.
Ozbəkistandakı Azərbaycan diasporu ermənilərin iç üzünü faktlarla ifşa edən özbək tarixçisinin müdafiəsinə qalxıb. Onlar tərəfindən özbək tarixçi-publisist Şuxrat Salamovun hüquqlarının müdafiəsi ilə bağlı komissiya yaradılıb. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılmış komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin sədri, tanınmış hüquqşünas Fatimə Piriyeva rəhbərlik edir. 
Dördüncü misal: : Александр Фоменков ([email protected]) Rusiya FederasiyasınınDostlara dayaq duraq Rostov vilayətinin Taqonroq şəhərində yaşayır. Onu Azərbaycana tale bağlayıb.Azərbaycan Respublikasını və onun xalqını, Dağlıq Qarabağ məsələsində ölkəmizin müvqeyini ardıcıl şəkildə müdafiə edən, kasıb bir qələm sahibi və şairdir.Onun məqalələri, Azərbaycana həsr etdiyi kitab və şerləri Rostov vilayətindəki güclü erməni diasporunun hədəfinə gətirib.30 iyun 2017-ci ildə Taqonroq şəhər məhkəməsinin qərarı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.8 avqust 2017-ci ildə Taqonroq şəhər məhkəməsində Aleksandr Fomenkova qarşı 30 iyunda qəbul edilmiş qərardan etdiyi müraciət əsasında apelyasiya şikayətinə baxılıb. Aydındır ki, Fomenkovun məhkəməyə çəkilməsinin səbəbi onun Dağlıq Qarabağ məsələsində tutduğu mövqe və Azərbaycan diasporunun yanında yer almasıdır. 
Göründüyü kimi,erməni millətçiləri və diasporu Azərbaycan xalqının tərəfini saxlayan, həqiqətləri dilinə gətirən insanları kimliyindən asılı olmayaraq cəzalandırır,onları məhkəmələrə çəkir, onları sındırmağa, susdurmağa çalışır. Belə olan halda, artıq bu insanların müdafiəsi milli ləyaqət, şərəf və vicdan məsələsidir. Əgər biz onlara dayaq durmasaq, dostlarımız bizdən inciyəcək, düşmənlərimiz isə sevinib deyəcəklər: ”Bəs sizin müdafiə etdiyiniz azərbaycanlılar niyə köməyinizə gəlmir?”. Bizi müdafiə etmək istəyən digər dostlarımız da onların başına gətirilənləri görüb həqiqəti dillərinə gətirməkdən çəkinəcəklər. Gəlin bir daha dostlarımıza dayaq duraq, onların bu döyüşdə daha güclü Azərbaycan diasporunun və lobbisinin hərtərəfli köməyinə ciddi ehtiyacı vardır. 

Dostlara dayaq duraqHörmətlə, Qafar Məmməd oğlu Əliyev
-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü 
 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ