SON DƏQİQƏ
» » Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir!

Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir!

Tarix:

12-02-2017, 18:47

/ 2 704 dəfə oxundu.
Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir!

Azərbaycanda diaspor və lobbiçilik quruculuğu
"Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".
Azərbaycan Respublikasının Prezidenti
Ilham Əliyev
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başlamışdı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar "dünyanın ən mübariz xalqı" adına layiq görülmüşdülər. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.
Azərbaycan xalqı iyirminci əsrin sonlarında - 1988-ci ildən başlayaraq tarixinin ən amansız sınaqları ilə üzləşdi. 1918-ci ildə Azərbaycanın tarixi torpağı olan İrəvan ətrafında yaradılan qondarma erməni dövləti sonradan başqa tarixi torpaqlarımızı da öz ərazisinə qatıb "Böyük Ermənistan” qurmaq iddiasına düşdü. Bu yolda erməni millətçiləri hər cür qəddarlığa və vəhşiliyə əl atdı, azərbaycanlı - türk əhaliyə qarşı genişmiqyaslı soyqırımı və etnik təmizləmə siyasəti apardı, türksüz Ermənistan formalaşdırmağa başladı və keçən əsrin sonralarında buna nail oldu.
1988-ci ildə isə özünün güclü himayədarlarına arxalanan Ermənistan yenidən Azərbaycandan torpaq qoparmaq iddiasına düşərək Dağlıq Qarabağda separatçı hərəkata başladı. Nəhayət, ermənilərin ərazi iddiaları ilə başlanan münaqişə genişlənərək müharibəyə çevrildi və Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Bu, təəssüf ki, Azərbaycanın hələ yenicə müstəqillik qazandığı, özünün silahlı qüvvələrinin olmadığı bir dövrə təsadüf etdi.
Xalqımızın 1991-ci ildə qazandığı ikinci müstəqillik şansı isə olduqca müqəddəs bir nemət kimi qorunmaqdadır. Həqiqətdir ki, bu müstəqillik çox çəkmədən - 1993-cü ildə bir tərəfdən erməni təcavüzü, digər tərəfdən isə xarici qüvvələr tərəfindən qızışdırılan daxili qarşıdurmalar nəticəsində az qala itirilmək təhlükəsi ilə üzləşmişdi. Amma xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkə böyük bir fəlakətdən xilas edildi.Azərbaycan
müstəqilliyini qoruyub saxlaya bildi. Bu, şübhəsiz ki, Heydər Əliyevin milli maraqların konturlarını dəqiq cızan uzaqgörən siyasəti, şəxsi cəsarəti və müdrikliyi sayəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri birbaşa Azərbaycanın müstəqilliyini təhdid edən erməni təcavüzünü dayandırması, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilənin imzalanmasına nail olmasıdır. Məhz bundan sonra Prezident Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin qurulub möhkəmləndirilməsinə, iqtisadi tərəqqinin təminatına və sosial-mədəni problemlərin həllinə başladı. Uzaqgörən siyasətçi məhz bu illərdə Azərbaycanın taleyüklü problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində milli birlik və həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş, birbiri ilə lazımi əlaqələrə malik olmayan soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab etdi. Bu məsələni bir də o cəhət vacib edirdi ki, artıq təxminən bir əsrlik fəaliyyət tarixi olan erməni diasporu bütün dünyada, əsasən də Qərb ölkələrində tarixi saxtalaşdırmaqla məşğul olaraq sülhsevər Azərbaycan dövləti, eləcə də türk dünyası əleyhinə qarayaxma siyasəti aparırdı.
Yenicə müstəqillik qazanmış, hələ daxili problemlərini belə yoluna qoymağa macal tapmamış Azərbaycan Respublikası ayrı-ayrı Avropa ölkələrində, ABŞ-da nüfuzdan salınır, ağ qara şəkilində təqdim olunur, erməni məkri və hiyləsi hər şeyi özünün eybəcər rənginə boyayıb təqdim edirdi. Məhz bu mənfur, böhtançı və saxta siyasətin nəticəsi idi ki, 1992-ci ildə Ermənistanın təcavüzünə məruz qalmış, elanolunmamış müharibəyə cəlb edilmiş Azərbaycan ABŞ Konqresinin embarqosuna məruz qalmışdı. ABŞ parlamenti məhz erməni məkrinə uyaraq qəbul etdiyi "Azadlığa dəstək aktı”na 907-ci düzəliş əlavə edərək Azərbaycanı müstəqilliyin, azadlığın möhkəmləndirilməsi üçün ABŞ-ın maddi, eyni zamanda, mənəvi dəstəyindən məhrum etmişdi. Belə bir vaxtda ulu öndər həm Ermənistanın təcavüzünə, həm də erməni diasporunun təxribatlarına layiqincə cavab vermək üçün Azərbaycanın milli diasporunun yaradılması ideyasını irəli sürür və səfər etdiyi xarici ölkələrdə mütləq imkan tapıb azərbaycanlılarla görüşür, milli himrəylik, milli birlik naminə birləşmənin labüdlüyünü söyləyirdi. Əslində milli birliyin yaradılması məsələsi Heydər Əliyevi daim düşündürürdü. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən, 1991-ci il dekabrın 16-da imzaladığı fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik günü elan etmişdi. Sonradan xalqın tələbi ilə Bakıya gələn və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən Heydər Əliyev bu ideyanı daha geniş şəkildə həyata keçirməyə başladı. Ona görə də bu gün tam cəsarətlə demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bu müqəddəs ideyanın gerçəkləşməsi naminə vaxtını və imkanlarını əsirgəməmiş, dünya azərbaycanlılarının ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün əlindən gələni etmişdi. Sonralar ümummilli lider 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza
müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününun dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər - İranda, Gürcüstan və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd rayonlarında yaşayan etnik azərbaycanlılar diaspor hesab olunmur.
Azərbaycan diasporunun təşəkkülü, formalaşması və inkişaf tarixi bilavasitə xalqın mühacirət tarixi ilə bağlıdır. Azərbaycanlıların xarici ölkələrə mühacirəti tarixən qədim köklərə malik olsa da, sistemli şəkildə bu proses XIX əsrin birinci yarısındakı siyasi-hərbi münaqişələr, İran-Rusiya müharibələri, Qafqaz regiondakı məcburi miqrasiya prosesləri ilə bağlıdır.
XX yüzildə xarici ölkələrə azərbaycanlıların mühacirəti intensiv xarakter almışdır. Bu müddət ərzində baş vermiş iki dünya müharibəsi, istər Şimali, istərsə Cənubi Azərbaycanın daxil olduğu metropoliyalarda köklü ictimai-siyasi dəyişikliklər, sosial inqilablar, həmvətənlərimizin növbəti dəfə xaricə kütləvi köç etmələri ilə nəticələnmiş, bu köç əsrin sonlarında Azərbaycanın müstəqil dövlətçilik ənənələrini bərpa etməsi zamanınadək həyata keçmişdir
1991-ci ildə Azərbaycan Respublikasının müstəqil dövlətçilik ənənələrini bərpa etməsi və bunun ardınca ölkədə baş verən ictimai-siyasi hadisələr xalqın mühacirət tarixində də öz təsirini buraxmışdır. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi təsdiqləndi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
Müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının
araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
Aparılmış məqsədyönlü işlər nəticəsində Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ- yeni Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
Diaspora ilə İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə xüsusi diqqət yetirir. Burada əsas strateji məqsəd, böyük öndər Heydər Əliyevin müəyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları icma və birliklərdə birləşdimək, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə çalışır.
İyirmi birinci yüzillikdə Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirib, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atıb. Dünyanın bütün ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında quran Azərbaycan beynəlxalq birliyin etimadını qazanıb.
Azərbaycan diasporu artıq təşkilatlanma mərhələsini arxada qoyub; indi dünyanın müxtəlif ölkələrində sayı 400-ü keçən diaspor təşkilatlarının keyfiyyət baxımından daha da güclənməsinə, daha mütəşəkkil qüvvəyə çevrilməsinə ehtiyac var. Onların mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeniyeni dostlar qazanmaları - bir sözlə, güclü Azərbaycan lobbisi deməkdir. Diaspor təşkilatlarının mütəşəkkilliyi dünya azərbaycanlılarının həmrəyliyinə töhfədir.
Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı istiqamətində keçirilən tədbirlər öz nəticəsini verir. Yaşadıqları ölkədən, qitədən asılı olmayaraq Azərbaycan diasporu ölkəmizin haqq səsinin ucaldılmasında, həqiqətlərin dünya xalqlarına çatdırılmasında çevik və qətiyyətlidir. Əlbəttə ki, bu, hər bir Azərbaycanlının vətənə olan sevgisindən irəli gəlir.
Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir!

Rövşən Əvəzoğlu
Müstəqil araşdırmaçı


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ