
Bəziləri tarixi sadəcə kitablardan oxuyur, bəziləri isə canı və qanı ilə o tarixi yenidən yazır. 44 günlük Vətən müharibəsinin dastana dönən qəhrəmanlarından biri də Şuşaya ilk cığırı açan kəşfiyyat bölük komandiri, baş leytenant Babək Bəxtiyar oğlu Allahverdiyevdir. 1979-cu il mayın 30-da qədim Naxçıvan şəhərində dünyaya göz açan Babək, hələ uşaq ikən hər kəsə qətiyyətlə “Mən böyüyəndə hərbçi olacağam!” deyirdi. İradəli böyümək üçün idmanın kiqboksinq və karate növləri ilə ciddi məşğul olan bu igid, əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyi, daha sonra isə Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vuraraq uşaqlıq arzusunu şərəfli bir peşəyə çevirdi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, bir an belə tərəddüd etmədən ön cəbhəyə atıldı və evdən çıxanda ailəsinə bircə kəlmə söz dedi: “Şuşanı azad edib qayıdacağam!” Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən ağır döyüşlərdə fərqlənən baş leytenant, keçilməz meşələri və sıldırım qayaları aşaraq qədim Şuşaya ilk yol açan qorxmaz kəşfiyyatçılardan oldu. Cəbhədən etdiyi hər zəngdə həyat yoldaşına noyabrın 10-u 7 yaşı tamam olacaq övladının ad gününə qədər mütləq qayıdacağına söz verirdi. O, noyabrın 4-ü Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Şuşanı işğaldan azad etsə də, canından çox sevdiyi balasının doğum gününə cismən çata bilmədi, lakin xalqına ən böyük ad günü hədiyyəsini — Şanlı Zəfəri bəxş etdi.
Noyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılan qəhrəman komandirin bu gün Bəxtiyar və Çingiz adlı iki oğlu böyüyür. Ataları kimi hərbçi olmaqlarını istədiyi bu yadigar övladları böyütmək indi həyat yoldaşının ən müqəddəs amalıdır. Ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilən Babək Allahverdiyevlə bu gün nəinki ailəsi, bütöv bir Azərbaycan fəxr edir. O, tarixi sevərək böyümüşdü, amma adını tarixə qızıl hərflərlə yazaraq əbədi yaşamaq haqqı qazandı.
Rəsmiyə Heybətağaqızı































