
Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün olaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.
2020-ci il sentyabr ayının 27-də Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin yeni bir səhifəsi açıldı. Xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruğa çevrilərək Vətən müharibəsinə qalxdı. 2020-ci il noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub. Noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyaban ilə Şəhidlər xiyabanında oldular. Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan etdi. Fəxri xiyabana gələn dövlət başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Həmçinin cənab Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Cənab Prezident müraciətində demişdir ki, “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! Nə qədər məntiqli bir müraciət. Bu kəlmələrin hər biri özlüyündə bir tarixdir və tarixi keçmişimizdən xəbər verən hikmətdir. Müraciətdə səslənən bu fikirlər isə bir ömür mənimlə olacaq. “ Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
Türkanə Mübariz