
Naxçıvan Muxtar Respublikası ərazisi zəngin tarixi keçmişi, qədim tarixi mədəniyyət abidələri və əhalinin böyük hörmət və ehtiramla ziyarət etdiyi müqəddəs yerləri – ziyarətgahları ilə də olduqca məşhurdur. Bu diyarda olan məşhur ziyarətgahlardan biri də bəlkə də gün ərzində anlamını bilmədən yanından keçdiyimiz Nehrəm, Parçı (Xanlıqlar) və Naxçıvan şəhərində yerləşən İmamzadə kompleksləridir. Orta əsrlər dövrünə aid olan bu tarixi-memarlıq abidələri dövrünün memarlıq üslubunun ən gözəl nümunələrindən biri kimi tanınır. Bu müqəddəs məkanların tarixi, memarlıq xüsusiyyətləri və Naxçıvanın mədəni irsindəki rolu barədə tanınmış tarixçi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Naxçıvan Dövlət Universitetinin professoru Hacıfəxrəddin Səfərli ilə həmsöhbət olduq:
– Hacıfəxrəddin müəllim, Naxçıvan ərazisindəki ziyarətgahlardan olan İmamzadələr barədə ümumilikdə nə deyərdiniz?
– Naxçıvan Muxtar Respublikası ərazisində islam dini ilə əlaqədar yaranmış ziyarətgahların içərisində “imamzadə”lər xüsusi yer tutur. Hazırda Naxçıvan bölgəsində “imamzadə” adı ilə tanınan üç ziyarətgah vardır: Babək rayonunun Nehrəm kəndindəki İmamzadə, Şərur rayonunun Xanlıqlar kəndindəki İmamzadə və Naxçıvan şəhərindəki İmamzadə. Yerli əhali tərəfindən imam övladları ilə əlaqələndirilən bu qəbil ziyarətgahlar üzərində digər müqəddəs yerlərdən fərqli olaraq orta əsr sənətkarlarının əli ilə möhtəşəm tarix-memarlıq abidələri – türbələr ucaldılmışdır. Əsasən oxşar memarlıq-konstruktiv quruluşa malik olan bu abidələr ərazidəki digər ziyarətgah-pirlərdən fərqli olaraq “imamzadə” adlandırılırlar. Ərəbcə “imam”, farsca “zadə” sözlərinin birləşməsindən əmələ gələn bu söz “imam övladı”, “imam nəslindən olan” mənasını verir.

Tarixdən məlumdur ki, imamlar Abbasi xəlifələri tərəfindən daim təqib olunmuşlar. Bu səbəbdən də onların övladları təqiblərdən yaxa qurtarmaq üçün qaçıb müxtəlif ölkələrə, o cümlədən Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinə pənah gətirmişlər. Məsələn, VII imam Museyi-Kazım hicri-qəməri təqvimi ilə 183-cü ildə (miladi təqvimilə 799-800-cü ildə) xəlifə Harun ər-Rəşid zamanında zəhərlənib öldürüldükdən sonra onun övladları təqib olunmuş və onlar canlarını qurtarmaq üçün didərgin düşüb müxtəlif yerlərə, o cümlədən Azərbaycana qaçmışlar. Onlar pənah gətirdikləri yerlərdə, o cümlədən Naxçıvanda yaşamış, vəfat etdikdən sonra orada da dəfn olunmuşlar. Sonradan onların qəbiri ziyarətgaha çevrilmişdir. Məhz bu səbəbdən də Azərbaycan ərazisində və ona yaxın yerlərdə, vaxtilə Azərbaycan torpaqları olan digər yaşayış məskənlərində və qonşu ölkələrdə olan bir sıra ziyarətgahlar da xalq tərəfindən imam Museyi-Kazımın övladları ilə əlaqələndirilir. Məsələn, Babək rayonunun Nehrəm kəndindəki imamzadə onun övladlarından Seyid Əqillə, Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə Seyid İbrahimlə, Ordubad rayonunun Düylün kəndindəki pir Seyid Səffanla (Səfi ilə), hazırda Ermənistan Respublikasının tərkibində olan Mehri rayonunun Buğakar kəndindəki ziyarətgah Seyid Əhməd ilə əlaqələndirilir.

Azərbaycan Səfəvi dövlətini yaradan Qızılbaş şeyxləri idarə etdikləri ərazilərdə imamlar ilə bağlı olan ziyarətgahlara diqqətlə yanaşmış, onların üzərində gözəl memarlıq abidələri ucaltmışlar. Təsadüfi deyildir ki, Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə binaları məhz Səfəvilər dövründə inşa edilmişlər. Qeyd etmək lazımdır ki, orta əsrlər zamanı imamzadələrin funksiyası təkcə ziyarətgah-pir olmaqla məhdudlaşmamış, onlar həm də ərazidə fəaliyyət göstərən sufi təriqətləri üzvlərinin yığıncaq və ibadət yeri olmuşlar. Belə komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik məscid, təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir.
– Bayaq qeyd etdiniz ki, muxtar respublikanın müxtəlif ərazilərində İmamzadə ziyarətgahları var. Bunlardan biri də Nehrəm kəndindəki İmamzadədir. Bu barədə ətraflı məlumat verə bilərsiniz?
– Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək gəlib çatan məşhur ziyarətgahlardan biri Babək rayonunun Nehrəm kəndindəki “imamzadə”dir. Orta əsrlər dövründən əhali tərəfindən ziyarət edilən bu ziyarətgaha zəvvarlar ötən yüzillikdə, sovet hakimiyyəti illərində, hətta müqəddəs yerlərə gediş-gəlişin qadağan olunduğu dövrdə də gizli şəkildə olsa da getmiş, ziyarətlərini həyata keçirmişlər. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən bu müqəddəs yer türbə, məscid, təkyə və başqa yardımçı otaqlardan ibarət böyük bir kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir vardır. Qəbirin üstü iri sənduqə formalı düzəldilmiş, gəclə suvanmış, üstünə qara örtük salınmışdır. Ziyarətə gələn zəvvarlar həmin qəbiri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbirin üzərində onun kimə aid olmasını bildirən məzar kitabəsi yoxdur. Ancaq kənd camaatı arasında yayılan fikrə görə bu qəbirdə yeddinci imam Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.

Tarixdən məlumdur ki, ataları imam Museyi-Kazımın vəfatından sonra onun övladlarından bir neçəsi canlarını qurtarmaq üçün qaçıb Naxçıvan ərazisinə gəlmiş, orada yaşamışlar. Seyid Əqil isə həmin dövrdə Nehrəmə pənah aparmış, orada yaşamış, əhali arasında böyük hörmət və nüfuz qazanmışdır. Vəfat etdikdən sonra isə orada dəfn edilmiş, qəbiri yerli əhali tərəfindən ziyarətgaha çevrilmişdir. Sonradan qəbirin üzərində türbə inşa edilmişdir. Gələn zəvvarların yerləşməsi, ibadət etməsi, gecələməsi, qurbanların və minik heyvanlarının saxlanması üçün türbənin yanında, ona bitişik məscid və başqa yardımçı otaqlar inşa edilmişdir. Türbənin və kompleksə daxil olan digər otaqların heç birinin üzərində onların inşası haqqında məlumat verən kitabə yoxdur.

İmamzadə kompleksi orta əsrlər zamanı ziyarətgah-pir olmaqla yanaşı, həm də sufi məskəni – xanəgah funksiyasını yerinə yetirmişdir. Burada hansı isə təriqətə, ehtimal ki, “Səfəviyyə” və “Bektəşiyyə” təriqətlərinə məxsus dərvişlər yaşamış və fəaliyyət göstərmişlər. Bu dərvişlər kompleksə daxil olan yardımçı otaqlarda yaşamış, buradan öz ideyalarını yaymış, qəbir olan türbədə isə ibadət etmişlər. Kompleksə daxil olan otaqlardan biri təkyədir. Təkyə sufi yaşayış məskənlərinin adlarından biridir. Bu təkyədə İmamzadə kompleksinin əsasını təşkil edən türbədə dəfn edilən və imam övladı olduğu söylənilən mərhumun qəbirinə hörmət səbəbindəndir ki, şiəliklə sıx bağlı olan “Səfəviyyə” və “Bektəşiyyə” təriqətinə mənsub dərvişlər yaşamış və fəaliyyət göstərmişlər.
Nehrəm kəndindəki bu türbə Naxçıvan imamzadəsi ilə bir dövrdə – Səfəvi şahı II Təhmasibin zamanında (1722-1732-ci illər) inşa edilmişdir. Keçən müddət ərzində təbii qüvvələrin təsirindən müəyyən aşınmalara məruz qaldığı üçün 2018-ci ildə İmamzadə kompleksində bərpa və təmir işləri aparılmışdır.
– Bəs Parçı (Xanlıqlar) İmamzadəsi haqqında bizə nə məlumdur?
– Naxçıvan ərazisində orta əsrlər dövründən bəri yerli əhalinin hörmətlə yanaşdığı və böyük inamla ziyarət etdiyi məşhur ziyarətgahlardan biri də “Parçı imamzadəsi”dir. Parçı vaxtilə Şərur mahalında ayrıca kənd olub, Xanlıqlar kəndinin şimalında yerləşirmiş. XX yüzilliyin 20-30-cu illərinə aid ədəbiyyat materiallarında o, ayrıca kənd kimi qeyd edilir. Sonralar Xanlıqlar və Parçı kəndləri genişlənmiş, bir-birinə birləşmişlər. Hazırda Parçı Xanlıqlar kəndinin bir hissəsinə çevrilmişdir. Günbəzli böyük binadan ibarət olan “İmamzadə”nin mərkəzi salonunda bir qəbir vardır. Müstəqilliyin əvvəllərində bina kənd camaatı tərəfindən bərpa edilərkən qəbirin üstü də səliqəli düzəldilmiş, onun üzərinə yerli materiallardan hazırlanmış başdaşı və sinədaşı qoyulmuşdur. Ancaq onların üzərində heç bir yazı – kitabə yoxdur. Yaşlı adamların dediyinə və ədəbiyyat materiallarından məlum olduğuna görə vaxtı ilə qəbirin üzərində yazılı daş olmuş, ancaq məsuliyyətsiz adamlar onu məhv etmişlər. Hazırda qəbirin üzərində epitafiya – məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək mümkün deyildir. Yerli əhali arasında da bu “imamzadə” haqqında dəqiq məlumat yoxdur. Kəndin əhalisi onu “Şahzadə İbrahim ibn Musa imamzadə”si adlandırır.
Məhəmməd Rasizadə 1930-cu ildə “Azərbaycanı öyrənmə yolu” məcmuəsinin 4-5-ci sayında “Şərur dairəsinə səyahət haqqında qeydlər” adlı məqalə nəşr etdirmişdir. Məzmunu təxminən Mirbağır Mirheydərzadənin “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin” 13 may 1928-ci il tarixli iclasında etdiyi məruzə ilə oxşar olan bu məqalədə Parçı kəndindəki “İmamzadə”dən də bəhs edilir. Müəllif yazır: “Bu kənddə (Parçı kəndində) qədim nişanələrdən məşhur bir “İmamzadə” vardır, üstündə günbəzi və böyük həyəti vardır. Lövhəsində “İbrahim ibn Musa” qeyd edilmişdir. Şərur xanlığının içində buraya ziyarətə gəlmək adətdir”. Göründüyü kimi M.Rasizadə bu fikri “İmamzadə”nin lövhəsindəki kitabəyə əsasən söyləyir və burada M.Mirheydərzadənin və başqa müəlliflərin abidənin adında qeyd etdiyi “şahzadə” sözü yoxdur. Məlumdur ki, tarix-memarlıq abidələri, qəbirlər və s. haqqında ən düzgün məlumatları onların üzərindəki kitabələr verirlər. Ona görə də, kitabəyə əsaslanan M.Rasizadənin məlumatını daha düzgün hesab etmək olar.
– Bəs “İmamzadə”də dəfn olunan İbrahim ibn Musa (İbrahim Musa oğlu) kimdir?
– Abidənin yerli əhali tərəfindən “İmamzadə” adlandırılmasına əsasən aydın olur ki, o, imamlarının övladlarından birinə mənsubdur. Şiələrin yeddinci imamının adı Museyi Kazımdır. Onun çoxlu övladları olmuşdur. Dini ədəbiyyatdan məlumdur ki, Museyi Kazımın oğlanlarından birinin adı İbrahim olmuşdur. Naxçıvan Muxtar Respublikası və Azərbaycanın bir sıra yerlərində olan ziyarətgahların imamlarının övladları ilə əlaqəli olması baxımından mümkündür ki, Parçı “İmamzadə”sinin içərisində olan qəbir imam Museyi Kazımın oğlu İbrahimə məxsus olsun. Ehtimal ki, atası öldürüldükdən sonra İbrahim təqiblərdən yaxa qurtarmaq üçün qaçıb Şərur ərazisinə gəlmiş, orada yaşamışdır. Vəfat etdikdən sonra Parçı kəndində dəfn edilmiş, qəbiri ziyarətgaha çevrilmişdir. Sonralar isə onun qəbirinin üzərində türbə ucaldılmışdır. Abidənin üzərində kitabə olmadığı üçün onun inşa tarixi haqqında dəqiq fikir demək mümkün deyildir. Ancaq memarlıq-konstruktiv əlamətlərinə görə onu XVI-XVII əsrlərə aid etmək olar. Parçı imamzadəsi 2015-2016-cı illərdə yüksək səviyyədə bərpa olunmuşdur. Bərpa zamanı memarlıq quruluşu ilə diqqəti cəlb edən imamzadə kompleksinin tarixi görkəmi, orijinallığı və özünəməxsus memarlıq ünsürləri qorunub saxlanmışdır.
– İmamzadə kompleksləri sırasında ən məşhuru olan Naxçıvan şəhərindəki kompleks haqqında nə deyə bilərsiniz?
– Naxçıvan Muxtar Respublikası ərazisində “imamzadə” adı ilə tanınan məşhur ziyarətgahlardan biri də Naxçıvan şəhərində, yerli əhali tərəfindən “imamzadə” adlandırılan memarlıq kompleksidir. Şəhərin cənub tərəfində yerləşən və əhalinin böyük ehtiram bəsləyərək ziyarətə gəldiyi bu kompleks üç binadan ibarətdir. Kompleksin özəyini cənub tərəfdə yerləşən türbə təşkil edir. Aşağıdan kvadrat şəklində inşa edilən abidənin yuxarı hissəsində, silindr şəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfüqi, tünd bənövşəyi rəngli kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu kimi xalını xatırladan bəzək ünsürü və kufi xətlə dəfələrlə təkrarlanan epiqrafik motiv – “Allah” sözünü yaratmışdır. Türbənin içərisində bir qəbir vardır. Qəbirin üstü sənduqə formasındə (uzunluğu 150 sm, hündürlüyü 88 sm, eni 115 sm) düzəldilmiş, sementlə suvanmış, üstünə qara parçadan örtük salınmışdır. Şəhərin yaşlı əhalisinin söylədiyinə görə bu qəbirdə VIII imam Rzanın oğlu dəfn edilmişdir. 1926-cı ildə Naxçıvanda olan rus alimi V.M.Sısoyev muxtar respublikaya səfərinin yekunlarına həsr olunmuş elmi hesabatında bu imamzadədən danışarkən həmin qəbir haqqında da bəhs edir. Alim qeyd edir ki, deyilənə görə burada VIII imam Rzanın oğlu dəfn edilmişdir. Həmçinin alim yazır ki, həmin vaxt qəbirin üstündə mərmər lövhə üzərində ərəb dilində həkk edilmiş kitabə, yanında isə müqəddəs sayılan və dindarlar tərəfindən öpülən iki ədəd iri, qara rəngli daş vardır. Yerli əhali bu daşları “hərəkət edən daşlar” adlandırır. Qeyd etmək yerinə düşər ki, belə daşlara ərazidəki bəzi ziyarətgahlarda da rast gəlinir. Yerli əhali arasında olan inama görə bu daşlar hərəkət edir, gecələr qəbirin başına dolanırlar. Həmin daşların doğub çoxalması fikrini söyləyənlər də vardır. Qəbirin üzərində məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Ancaq abidənin xalq tərəfindən “imamzadə” adlandırılmasından da göründüyü kimi qəbirdə dəfn edilən şəxs şiə imamları ilə əlaqəlidir. Görünür, Abbasilər xilafəti hakimlərinin təqibləri üzündən didərgin düşmüş imam övladlarından hansı isə biri Naxçıvana gələrək orada yaşamış, əhali arasında yüksək nüfuza malik olmuşdur. Vəfatından sonra orada da dəfn edilmişdir. Yerli əhali tərəfindən ziyarətgaha çevrilən həmin qəbirin üstündə sonralar türbə inşa edilmişdir.
Keçən yüzilliyin 20-ci illərində “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin göndərişi ilə Naxçıvanda olmuş epiqraf İ.Əzimbəyovun yazdığına görə türbənin şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olmuşdur. O, kitabənin mətnini və bəzi səhvlərlə rus dilində tərcüməsini nəşr etdirmişdir. Kitabənin sonrakı taleyi məlum deyildir. İ.Əzimbəyovun təqdim etdiyi məlumata görə kitabənin mətninin tərcüməsi belə olmuşdur: “Bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir, ərəb və əcəmlərin hakimi, sultan Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həzrət Rufai bəy əmr etmişdir”. Kitabədə tarix qeyd olunmamışdır. Ancaq orada qeyd olunan “Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında” sözlərinə əsasən inşa ili dəqiq olmasa da abidənin tarixini təxmini müəyyənləşdirmək mümkündür. Kitabədə adı qeyd edilən Əbu Müzəffər şah Təhmasib Bahadur xan Səfəvi şahı Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu şəxs 1722-1732-ci illərdə hakimiyyətdə olmuşdur. Kitabədə abidənin onun zamanında tikilməsini qeyd edən xəttat bu vasitə ilə abidənin inşa tarixini çatdırmışdır. Deməli türbə XVIII əsrin 20-ci illərində inşa edilmişdir.
XIX əsrin ortalarında Naxçıvanda olmuş rus şərqşünası və diplomati N.V.Xanıkov da türbəni Səfəvi şahı II Təhmasibin dövrünə aid edir. Yəqin ki, N.V.Xanıkov haqqında bəhs edilən kitabəni görmüş və bu fikri də ona əsasən söyləmişdir. İmamzadə kompleksi müstəqillik illərində bərpa olunarkən həmin kitabənin mətni İ.Əzimbəyovun məqaləsindən götürülərək daş lövhəyə həkk edilmiş və itib-batmış kitabənin yerinə qoyulmuşdur.
Bu türbəyə bitişik, nisbətən böyük həcmə malik və qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. V.M.Sısoyevin yazdığına görə kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab edilirmiş. Alimin şəhadətinə görə o, kompleksdə olarkən orada Abbasqulu xanın hicri 1337-ci il tarixdə (1918-ci ildə) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskisinin qəbiri var imiş. Ancaq bu və orada olan digər qəbirlər zaman keçdikcə dağılmış və məhv olmuşlar. Kompleksdən azca aralı, şimal tərəfdə başqa bir türbə vardır. Bişmiş kərpiclə inşa edilən bu türbə aşağıdan kvadrat şəkilli götürülərək üstü günbəzlə örtülmüşdür. Haqqında bəhs edilən abidələr ilə müqayisədə bu türbə nisbətən yaxşı vəziyyətdə qalmışdır. Ancaq onun içərisində heç bir qəbir və ya xatirə kitabəsi qalmamışdır. İmamzadə kompleksində 2008-ci və 2017-ci illərdə bərpa və təmir işləri aparılmışdır.
Rafiq TƏHMƏZ
"Şərq qapısı" qəzetinin əməkdaşı
































