SON DƏQİQƏ

Azərbaycanlı dənizçilərə çağırış edildi

Tarix:

Dünən, 13:59

/ 2 792 dəfə oxundu.
Azərbaycanlı dənizçilərə çağırış edildi

Xarici sularda üzən azərbaycanlı dənizçilərə çağırış edilib. 
GunAz.az  xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb. 
“Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır. Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr arzulayırıq.
Xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq”, - çağırışda qeyd olunub.
Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmək, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almaq, habelə mümkün olduğu hallarda belə səfərlərdən çəkinmək tövsiyə edilib: “Eyni zamanda, gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyirik.
Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq”.
скачать dle 12.1

Şərhlər