SON DƏQİQƏ

İlqar Mirzəyevin əziz xatirəsinə

Tarix:

Dünən, 09:55

/ 3 356 dəfə oxundu.
İlqar Mirzəyevin əziz xatirəsinə

Dünyaya gələndə İlqar dedilər,
Vətən sevgisiydi sənin ilqarın.
Bu iki balanın anası Güllü,
Bir də gül-çiçəkli vətəndi yarın!

Hamı sizə baxıb qibtə edərdi,
Sizləri ən xoşbəxt insan sanardı.
Elvin günəş idi, Gülnarə bir ay,
Tale evinizdə daim yanardı.

Qızın Gülnarəyə sən öz ananın
Adını qoymuşdun, anam deyərdin.
Hərdən sığallayıb ipək tellərin,
Mələyim deyərdin, sonam deyərdin.

Pəhləvan cüssəli oğlun Elvinə
Baxanda ürəyin dağa dönərdi.
Gəncliyin düşərdi sənin yadına,
Ömrün bir çiçəkli bağa dönərdi.

O sənin oğlundu, sən də vətənin,
Vətən torpağının bir nəri idin.
Polkovnik rütbəsi alsan da, yenə
Vətənin sadiq bir əsgəri idin.


Polad Həşimovla çiyin-çiyinə
Alovlardan keçdin, odlardan keçdin.
Yeddi yoldaşınla sən eyni vaxtda
Şəhadət badəsini bir anda içdin.

Uçdu ruhlarınız uçdu göylərə,
Tanrı ağuşuna aldı sizləri.
Ən gözəl, istəkli mələklər kimi
Cənnət bağçasına saldı sizləri.

Bilirəm, məsuddu indi ruhunuz,
Zəfər təntənəli dövrandır bu gün!
Şuşaya sancılıb Vətən bayrağı,
Qarabağ Azərbaycandır bu gün!

Güləmail MURAD
скачать dle 12.1

Şərhlər