
Gəncə şəhərində 16 yaşlı yeniyetmə həmyaşıdını öldürməkdə ittiham edilib.
GunAz.az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Əhliman (ad şərtidir) həmyaşıdı Ülvini (ad şərtidir) qətlə yetirib.
İttihama görə, Əhliman Vüsala borclu olduğu 10 manatın tanışı Ülvi tərəfindən əsassız olaraq tələb edilməsini, həmçinin pulu qısa müddətdə çatdırmasının təkidlə istənilməsini və təhqir olunmasını qəbul etməyib.
Bundan başqa, Ülvi pulu tezliklə verməyəcəyi təqdirdə onun yaşadığı ünvana gələrək ailə üzvlərinin yanında rüsvay edəcəyini bildirib. Əhliman bunu şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib.
İttihama əsasən, Əhliman aralarında yaranmış mübahisəyə birdəfəlik son qoymaq məqsədilə Ülvini öldürmək qərarına gəlib. Bu məqsədlə o, Ülvinin təyin etdiyi görüş yeri olan Gəncə şəhəri, Natəvan qəsəbəsində artezianın yaxınlığından keçən dəmir yolu xəttinin kənarında onunla görüşüb.
Görüş zamanı Ülvi pulun verilməməsi ilə bağlı irad bildirib, əlindəki qara rəngli təsbehi Əhlimanın başına toxunduraraq nalayiq ifadələr işlədib. Bundan hiddətlənən Əhliman şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ülvini qarın nahiyəsindən bir dəfə vurub. Ülvi kəskin qan itirmə nəticəsində ölüb.
Əhlimana Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Məhkəmədə ifadə verən Əhliman özünü təqsirli bildiyini deyib. O bildirib ki, Vüsal adlı tanışına 10 manat borcu olub:
“Hadisədən təxminən iki gün əvvəl digər tanışım Ülvi mənə zəng edərək borcu verməyimi tələb etdi. Əks təqdirdə "çox şey" olacağını dedi.”
Əhlimanın sözlərinə görə, hadisədən bir gün əvvəl Ülvi yenidən ona zəng edərək ertəsi gün görüşməyi təklif edib:
“Mən də razılaşdım. Həmin gün saat 18:00-19:00 radələrində Ülvi zəng edib harada olduğumu soruşdu. Yerimi dedim. O isə söyüş söyərək heç yerə getməməyimi, gələcəyini bildirdi.
Həmin vaxt Gəncə şəhəri, Natəvan qəsəbəsində ailəmizə məxsus əkin sahəsinin yaxınlığında idim. Bir neçə dəqiqə sonra Ülvinin 3-4 nəfərlə birlikdə artezian tərəfdən gəldiyini gördüm. Onlar mənə yaxınlaşdıqdan sonra Ülvi dəmir yolu relslərinin yanına keçərək söhbət etməyi təklif etdi. Razılaşıb onunla birlikdə relslərin yanına getdim.
Orada Ülvi və yanındakı şəxslər məni əhatəyə aldılar. Ülvi söyüş söyməyə başladı. Onun yanında olan şəxslər məni yumruq və təpiklə vuraraq təhqir etdilər. Şalvarıma əl atmaq istəyəndə sahədən götürdüyüm və belimdə olan bıçağı çıxardım. Özümü müdafiə etmək istəyərkən ehtiyatsızlıqdan Ülviyə bıçaqla xəsarət yetirdim.”
Əhliman bildirib ki, Vüsaldan 10 manata elektron qəlyan alıb, lakin pulunu ödəməyib:
“Vüsala borcumu qaytaracağımı dedim. O isə qəlyanı mənə hədiyyə etdiyini bildirdi. Amma sonradan Ülvi həmin 10 manatı ona verməyimi tələb etdi. Hadisədən təxminən 10 gün əvvəl pulu istəməyə başlamışdı. Mən də dedim ki, pulun sahibi Vüsaldır, o istəmədiyi halda nə üçün pulu sənə verməliyəm? Hadisə baş verənədək Ülvi ilə aramızda dava olmayıb, yalnız sözlü mübahisələrimiz olub.”
Onun sözlərinə görə, hadisə günü Ülvi yenidən zəng edərək harada olduğunu soruşub və "orada ol, gəlirəm" deyib:
“Hadisə zamanı mən tək idim. Ülvinin yanında isə Eldar, Alim, Sənan və adını xatırlamadığım daha bir nəfər vardı. Onları yaşadığım qəsəbədən tanıyırdım. Həmin şəxslər pulu verməyəcəyim təqdirdə onu məcburi şəkildə alacaqlarını dedilər.
Relsin kənarında olarkən Ülvi məndən pulu tələb etdi. Mən isə pulumun olmadığını və Vüsal istəmədiyi halda niyə ona verməli olduğumu söylədim. Bu zaman Alim adlı şəxs "pulu ver" deyərək mənə bir neçə dəfə təpik vurdu və söyüş söydü. Digərləri isə kənardan baxırdılar.”
Əhliman deyib ki, daha sonra Ülvi əlindəki təsbehlə onun başına vuraraq pulu tələb edib:
“Bu vaxt həmin şəxslərin kənara çəkilməsi üçün üzərimdəki bıçağı çıxardım. Ülvi üstümə gəldiyi üçün bıçaq ona dəydi. Hadisəni törətdiyim bıçağı özümü müdafiə etmək məqsədilə üzərimdə gəzdirirdim. Ülvi kriminal aləmə meylli idi, pulu verməyəcəyim təqdirdə məni bıçaqlamaqla və öldürməklə hədələyirdi.”
O əlavə edib ki, əvvəlki söhbətlərində Ülvi ilə görüşmək istəmədiyini bildirib:
“Amma Ülvi yaşadığım ünvana gələrək ailə üzvlərimin yanında məni təhqir edəcəyini dedi. Mən də məcbur qalıb görüşə razılaşdım. Hadisə zamanı Ülvi söyüş söydükdən sonra Alim mənə "sən mənim kəmərimdən aşağı oğlansan" dedi və məni təpiklə vurmağa başladı. Ardınca Ülvi təsbehlə başıma vurub pulu tələb etdi. Mən də onu bıçaqla vurdum. Bundan sonra onun yanında olan şəxslər hadisə yerindən uzaqlaşdılar.”
Əhliman bildirib ki, hadisədən sonra Samux rayonunda yaşayan xalası Elmiranın evinə gedib:
“Xalamgildə olarkən onun həyat yoldaşı Əhmədə törətdiyim əməl barədə danışdım. Sonra Əhmədlə birlikdə könüllü şəkildə Samux Rayon Polis Şöbəsinə getdik. Heç kim məni çağırmamışdı. Polis şöbəsinin qarşısında Əhməd əməliyyatçıya zəng etdi. Hadisənin Gəncə şəhəri ərazisində baş verdiyini bildikləri üçün məni orada saxlamalarını dedilər. Bir qədər sonra polis əməkdaşları gəlib məni götürdülər və hadisə yerinə apardılar.”
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əhliman 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən olunub.































