
ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin (JCS) sədri general Den Keyn Prezident Donald Trampı İrana qarşı mümkün hərbi əməliyyatların riskləri və ABŞ-nin məhdud hərbi resursları barədə xəbərdar edib.
GunAz.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, general Den Keyn xüsusilə ABŞ-nin sursat ehtiyatı ilə bağlı narahatlığını ifadə edib. Bildirilib ki, o, Trampa ABŞ ordusunun veriləcək tapşırıqları yerinə yetirməyə qadir olduğunu desə də, mümkün nəticələr barədə də xəbərdarlıq edib.
Telekanalın məlumatına əsasən, görüş zamanı ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaması halında kütləvi mülki itkilərin baş vermə ehtimalı da müzakirə olunub.
Bildirilib ki, ABŞ-nin vitse-prezidenti C.D. Vens də İranda müharibənin eskalasiyası ilə bağlı narahatlığını ifadə edib. Donald Tramp isə Ağ Evdə keçirilən görüşdə hadisələrin mümkün inkişaf ssenarilərini nəzərdən keçirib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Oman nümayəndə heyətinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq məqsədilə Tehrana səfəri fonunda Vaşinqtonun İrana qarşı zərbələri müvəqqəti dayandırdığı bildirilmişdi.































