
İyulun 27-də Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho Azərbaycana səfərə gəlib.
GunAz.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Dövlət Gömrük Komitəsində Braziliya gömrük xidmətinin rəhbəri Fabiano Koelho ilə keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının arasındakı münasibətlərin mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb, “Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar və təşəbbüslər” mövzusunda təqdimat nümayiş etdirilib.
İkitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan və Braziliya gömrük xidmətləri arasında “2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı” imzalanıb.
Görüşdən sonra Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti ilə tanış olan qonağa son dövrlərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelhonun iştirakı ilə panel müzakirə təşkil olunub. Müzakirədə iki olkənin gömrük orqanları arasında əməkdaşlığın perspektivlərindən bəhs edilib, xüsusilə informasiya texnologiyaları sahəsində təcrübə mübadiləsinin vacibliyi vurğulanıb və gömrük əməkdaşlarının sualları cavablandırılıb.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə səfər edən qonağa ofisin regional əməkdaşlıq təşəbbüsləri və potensialın gücləndirilməsi layihələri barədə məlumat verilib. Həmçinin Səlahiyyətli İqtisadi Operator, “Bir pəncərə” və inteqrə edilmiş risk idarəçiliyi sahələrində Braziliya gömrük xidmətinin təcrübəsinə dair təqdimat nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.































