SON DƏQİQƏ
» » “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” -MÜSAHİBƏ- FOTO

“Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” -MÜSAHİBƏ- FOTO

Tarix:

26-02-2024, 10:38

/ 5 820 dəfə oxundu.
“Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” -MÜSAHİBƏ- FOTO

Xocalı soyqırımının 32 ili tamam olur.
Ermənilərin insanlığa qarşı törətdikləri cinayət zamanı yüzlərlə insan əzizlərini - atasını, anasını, qardaşını, bacısını, hətta qundaqdakı günahsız körpəsini itirib. Yüzlərlə azərbaycanlı erməni vandalizminin, qətliamının qurbanı olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən qanlı qırğının ayaq səsləri isə təxminən iki ay öncə, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində eşidilib. Vaqif Xaçatryanın başçılıq etdiyi əliqanlı dəstə Meşəli sakinlərinə olmazın işgəncələr verib, diri-diri yandırıb, öldürüb.
Oxu.az-ın əməkdaşı həmin qətliamdan sağ çıxan Çiçək Nurməmmədova ilə həmsöhbət olub. Müsahibəni təqdim edirik:
- Çiçək xanım, Allah bütün şəhidlərə, faciə qurbanlarına rəhmət eləsin! Siz də qətliamda xeyli əzizinizi itirmisiniz…
- Mən 1966-cı ildə Xocalı rayonunun Meşəli kəndində dünyaya gəlmişəm. Ailədə yeddi uşaq olmuşuq - beş bacı, iki qardaş.
O dəhşətli gün indiyə kimi yadımdadır. Dekabrın 22-dən 23-nə keçən gecə ermənilər kəndimizə hücum etdilər. 22 yaşlı qardaşım Zakir polis əməkdaşı idi. Həmin gecə növbədə idi. Erməni quldurlar kəndə girəndə qardaşım tez ratsiya ilə xəbər verib ki, ehtiyatlı olsunlar, hamı müdafiəyə qalxsın. Ancaq qardaşım xəbəri ötürənə qədər mənim atamın evinə yüzədək erməni qulduru hücum çəkmişdi. Atam döyüşçü idi. Ermənilər onun başına 50 min manat qoymuşdular. Deyirdilər ki, Novruz kişini aradan götürmək lazımdır, döyüşçüdür, hamını ayağa qaldıra bilər. Onu öldürüb kəndi rahat talamaq istəyirdilər. Sonradan öyrəndik ki, qardaşım Zakir elə döyüş postunda vuruşaraq şəhid olub. Subay oğlan idi, ondan geriyə bir yadigarı da qalmadı.
Ailə üzvlərimiz - atam Novruz Novruzov, anam Adilə Novruzova, bacılarım 15 yaşlı Rübabə və 17 yaşlı Rahilə Novruzovalar, 19 yaşlı qardaşım Barat Novruzov isə həmin gecə evdə olublar. Zəminə, Elmira və mən ailəli idik deyə faciə bizi ayrı məkanlarda yaxaladı. Ermənilər ata evimə sanki bir ailəni yer üzündən silməyə gəlmişdilər. Bizim ailədən beş, yoldaşımgilin ailəsindən isə dörd nəfər erməni vəhşiliyinin qurbanı oldu. Ümumilikdə həmin gün qohum-əqrəbadan 26 şəhidimiz oldu. Balaca bir kənd idi. O vaxt kəndi müdafiə üçün hərbçilərimiz gəlmişdilər, amma kömək gec çatdığı üçün döyüşən kənd sakinlərinin də gücü tükənmişdi.
- Aşkar ölümdən necə qurtuldunuz?
- Mən həmin vaxt yeddi il idi ki, ailə qurmuşdum. Yoldaşımgilin evi bir az aralıda idi. Ermənilər atamgili öldürüb, evi talayandan sonra bizim evə tərəf irəliləmişdilər. Qayınatam şəhid oldu, qayınanam yaralandı. İki bacısının oğlanları onu tez xəstəxanaya çatdırmaq istədilər. Onlardan birinin UAZ markalı maşını vardı. Yaralını maşına qoyub meşənin içi ilə Şuşa xəstəxanasına çatdırmaq üçün yola düşdülər. Sonra bildik ki, bir az irəlidə ermənilər maşının qabağını kəsiblər. Maşındakıların hamısını meşənin içərisində dərə var idi, orada güllələyərək qətlə yetiriblər. Maşın güllədən deşik-deşik idi. Ürəkləri soyumamış, hamısının alın nahiyəsindən güllə ilə vurmuşdular. Bizim ümumilikdə doqquz nəfər ailə üzvümüzü ermənilər Meşəli qətliamında amansızlıqla öldürüblər.
Mən isə evimizdə qalmışdım, çıxa bilmirdim. Qonşumuzda bir oğlan var idi, Ramil, Allah ona rəhmət eləsin! O özünü atdı bizim evə ki, döyüşə-döyüşə bizi də müdafiə etsin. Evdə sobanın borusunu çıxarıb taxdı avtomatın ağzına ki, səs güclü çıxsın, ermənilər qorxsunlar. Ramil gördü ki, ermənilərin sayı artır, bizə qışqırdı ki, qadınlar, qızlar, hamınız tez çıxın, qaçın buradan. Altı ayın gəlinini də götürdüm, üzüyuxarı meşəyə tərəf qaçdıq. Hay sala-sala ki, bəlkə, kimsə bizə köməyə çatar.
- Çiçək xanım, bir qardaşınızın əsir götürüldüyünü dediniz... Onun taleyi necə olub?
- 19 yaşlı qardaşım Baratı evdən əsir götürüb aparmışdılar. Barat da atamla birlikdə evdə vuruşub. Pəncərədən atamın vurulduğunu görüb, çarəsizlikdən qaçıb yanına. Sonra baxıb ki, ermənilər qonşu evin həyətindən benzin götürüb evimizə tökürlər ki, yandırsınlar. Barat köməksiz qalıb, təslim olub. Onu əli-qolu bağlı kənddən üç kilometr uzağa aparıblar ki, orada işgəncə versinlər. Orada maşını saxlayıblar. Erməni maşından aralananda Barat özünü öldürmək üçün on metr hündürlükdəki qayanın kənarından atıb. Ermənilər elə biliblər, ölüb, amma çayın içinə düşüb, sanki Allah saxlayıb. Qolları arxadan bağlı, ayaqyalın soyuq qış günü qaçmağa başlayıb. O qardaşım sağ qaldı, şükür Allaha! Onu mən böyütdüm, evləndirdim. İndi Allah qorusun, iki oğlu, bir qızı var.
Ermənilərin bizim başımıza açdığı oyunları danışmaq mənə həddən artıq çətindir. Görün neçə il keçib, amma hər dəfə danışanda yaramız ilk günkü kimi qanayır.
- Bəs ailənizin digər üzvləri necə, onlardan necə xəbər tutdunuz?
- Ata evimin həyətində tövlə var idi. Anam orada heyvanlara yem verirmiş. Tövlənin qapısını açanda güllə ilə vurmuşdular. Üstəlik, anamı neçə yerdən bıçaqlamışdılar. Bacım Rübabə səsə çıxıb qaçanda elə qapının ağzında güllə ilə ürəyindən vurmuşdular. Atamı evin içərisində yandırmışdılar.
Bacım Rahilə də qonşunun qızı ilə qaçmaq istəyəndə vurmuşdular. Qonşunun qızı yaralandı, bacım isə öldü. Bacım vurulan yerin yanında qaz balonunu partlatdılar ki, nəşini götürə bilməyək.
Hər il bu ərəfədə canımızdan can qopur. İnsan insana belə qəddarlıq etməz ki, ermənilər bizə bu cür faciə yaşatdılar...
O qətliamdan sonra hamı qorxurdu. Heç kim gecə yuxuya gedə bilmirdi. Bizim kəndimizin ətrafında ermənilər çox idi. Xocalı ilə bizim aramızda 40 dəqiqəlik yol var idi. Ermənilər başımıza hər cür müsibət açdılar. Qohumlarımızdan meşədə nəşi qalanlar oldu ki, heç götürə də bilmədik.
- Əzizlərinizdən heç kimin nəşini götürə bilmədiniz?
- O vaxt sakinlər şəhid olanların bir qismini kənddə cərgə ilə basdırmışdılar. Başdaşı da qoymamışdılar. Sonra qayıdıb çıxarmış, Laçın yolunda “Meşə yolu” deyilən ərazidə basdırmışdılar. Daha dəqiq desəm, bizim əzizlərimiz Laçının Fərraş kəndində dəfn olunublar. Məzarlarının üstünə şəkillərini də vurublar.
Azərbaycan Ordusunun qarşısında şəhid ailəsinin üzvü kimi baş əyirəm. Əsgərlərimiz bizim torpaqlarımızı mənfur düşməndən azad etdilər, ürəyimizə su səpdilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ