SON DƏQİQƏ

Səcdənə gəlmişəm Şuşam

Tarix:

26-04-2023, 21:48

/ 3 182 dəfə oxundu.
Səcdənə gəlmişəm Şuşam

REDAKSİYADAN

Çox maraqlı şeirlərin, nəsr əsərlərinin və "Sənə məktub yazacam” adlı maraqlı kitabın müəllifi, tanınmış sahibkar, Milan Hospitalın yaradıcısı Xuraman xanım Muradovanı Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibətilə təbrik edirik. Onun bir neçə şeirini çoxminli oxucularımıza təqdim edirik.

 

XURAMAN MURADOVA

                  

 

Səcdənə gəlmişəm Şuşam

 

Həsrətdən üşüyən arzularımı,

Götürüb səcdənə gəlmişəm, Şuşam.

Neçə baharımı, neçə yazımı,

Sənsiz həyatımdan silmişəm, Şuşam.

 

Mərmi gülüşlərin göz dağım olub,

Hər damla göz yaşın bulağım olub,

Sənsiz kaş bilsəydin nə çağım olub,

Dərdinlə can verib ölmüşəm, Şuşam.

 

Anam tək sinəmə bağladım səni,

Hər gecə, hər gündüz qoxladım səni,

Otuz il ürəkdən ağladım səni,

Otuz il ürəksiz gülmüşəm, Şuşam.

 

Qarlı dağlarına çökən duman-çən,

Mənim ürəyimə çökmüşdü nədən,

Ruhumu özüylə aparıb gedən,

Dünyanı öz dünyam bilmişəm, Şuşam.

 

Olub keçənləri unudaq daha,

Bağışla, deyəsən batdım günaha,

Bilsəydin açılan bu xoş sabaha,

Nə qədər qurbanlar kəsmişəm, Şuşam.

 

Xoşdur azadlığın, xoşdur bu sədan,

Səni gözlərimdə yaşatdım hər an,

Səcdənə durubdur qızın Xuraman,

Səni candan artıq sevmişəm, Şuşam.

 

Yaz, dərdimi

 

Yaz notlara dərdimi,

Mənə ümid bəstələ...

Dərdlərimə nəfəs ver,

Nəğmələrində səslə...

 

Küsən xəyallarımla

Dumanlarda  gəz məni.

Soyuğunda azdığım

Həsrətinlə kəs məni.

 

Gecənin yaxasından

Asılan ulduz kimi.

Qaranlıqlar içində

Susmuşam yalqız kimi.

 

Dərdimin tumarı var

Yağan yağışlarında.

Həsrətim buz bağlayıb,

Donan baxışlarında.

 

Dərdimin notlarını

Heç kəsə vermə, saxla.

Bu, bir ömür sirrimdi,

Darıxsan oxu, ağla.

 

 

        Darıxmaq

 

 

Darıxmağın rəngi olmur əzizim.
Darıxmaq şeh tutan gülə bənzəyir.
Yandırar qəlbini gözə görünməz.
Ocağında sönmüş külə bənzəyir.

 

 

 

İnsana ayrılmaz bir yoldaş olar,
Sığınar dərdinlə bir sirdaş olar,
Darıxmaq qəlbində dərin iz salar.
Tufanla sovrulan yelə bənzəyir.

 

 

Çox dayaz görsənər, amma dərindi,

Həsrəti ömürlük qəlbdə yerindi,

 

Üşüyər hər zaman, yeri sərindi,
Darıxmaq bir çaya, gölə bənzəyir.

 

 

Yaralar adamı öz can evindən,
Əridər, məhv edər, saça salar dən,
Susarsan, ürəyin dolar kədərdən.
Darıxmaq lal olmuş dilə bənzəyir.

 

 

 

Eyləyər qəlbini lap oyuq-oyuq,       
Hərdən qaynar olar, hərdən də soyuq,

 

Eyləməz özünü heç nəyə layiq

Darıxmaq, səhraya, çölə  bənzəyir.

 

 

SƏNDƏN  ELƏ  KÜSƏRƏM

 

Mən elə küsərəm səndən, əzizim,

Bir daha üzümü görə bilməzsən.

Mən elə küsərəm səndən əzizim,

İstəsən də geri dönə bilməzsən.

 

Sənə  olan sevgim sonsuz  olsa da,

Danışa  bilməzsən, dinə  bilməzsən.

Yanarsan qəlbində  səniçin- için,

Dərdini  kimsəylə bölə  bilməzsən.

 

Mən elə  küsərəm səndən  əzizim,

Durnalar  ağlayar göyün  üzündə.

Gözü  yaşlı  qalan  bu  sevdamızın,

Zülmətə çevrilər dünya gözündə.

 

Son payızda  əsən soyuq küləklər,

Aparar  sevgimi cox uzaqlara.

Fikrin  bir  nöqtədə  ilişib qalar,

Gözlərin  tikilər uzaq  yollara.

 

Mən  elə  küsərəm  səndən əzizim,

Bulud  tək  hönkürər  sevda  yağışın.

Qalarsan  hicranın ümidlərində,

Dikilər  yollara həsrət  baxışın.

 

 

      Bir gün olmayacam

 

Bir gün arzulayarsan məni...

Cadar-cadar torpaqlar

             yağışı arzuladığı  kimi.

Bir gün arzulayarsan məni...

Çarəsiz bir xəstənin

Gözlərini pəncərəyə dikib

Günəşin doğuşunu gözlədiyi kimi.

Bir gün arzulayarsan məni...

Bir məhbusun dəmir barmaqlıqlardan

Azadlığa həsrət qalmış

                               baxışları  kimi.

Bir gün arzulayarsan məni...

Neçə illərin sevgi nəşəsindən

alışan dodağların buz nəfəsli

                     naxışları kimi...

Amma o gün mən olmayacam...

Nə də yağış yağmayacaq.

Məni yetirən  o ana,

Daha məni doğmayacaq…

 

 


 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ