Səcdənə gəlmişəm Şuşam
REDAKSİYADAN
Çox maraqlı şeirlərin, nəsr əsərlərinin və "Sənə məktub yazacam” adlı maraqlı kitabın müəllifi, tanınmış sahibkar, Milan Hospitalın yaradıcısı Xuraman xanım Muradovanı Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibətilə təbrik edirik. Onun bir neçə şeirini çoxminli oxucularımıza təqdim edirik.
XURAMAN MURADOVA
Səcdənə gəlmişəm Şuşam
Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.
Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.
Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.
Qarlı dağlarına çökən duman-çən,
Mənim ürəyimə çökmüşdü nədən,
Ruhumu özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm, Şuşam.
Olub keçənləri unudaq daha,
Bağışla, deyəsən batdım günaha,
Bilsəydin açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.
Xoşdur azadlığın, xoşdur bu sədan,
Səni gözlərimdə yaşatdım hər an,
Səcdənə durubdur qızın Xuraman,
Səni candan artıq sevmişəm, Şuşam.
Yaz, dərdimi
Yaz notlara dərdimi,
Mənə ümid bəstələ...
Dərdlərimə nəfəs ver,
Nəğmələrində səslə...
Küsən xəyallarımla
Dumanlarda gəz məni.
Soyuğunda azdığım
Həsrətinlə kəs məni.
Gecənin yaxasından
Asılan ulduz kimi.
Qaranlıqlar içində
Susmuşam yalqız kimi.
Dərdimin tumarı var
Yağan yağışlarında.
Həsrətim buz bağlayıb,
Donan baxışlarında.
Dərdimin notlarını
Heç kəsə vermə, saxla.
Bu, bir ömür sirrimdi,
Darıxsan oxu, ağla.
Çox dayaz görsənər, amma dərindi,
Həsrəti ömürlük qəlbdə yerindi,
Eyləməz özünü heç nəyə layiq
Darıxmaq, səhraya, çölə bənzəyir.
SƏNDƏN ELƏ KÜSƏRƏM
Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim,
İstəsən də geri dönə bilməzsən.
Sənə olan sevgim sonsuz olsa da,
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində səniçin- için,
Dərdini kimsəylə bölə bilməzsən.
Mən elə küsərəm səndən əzizim,
Durnalar ağlayar göyün üzündə.
Gözü yaşlı qalan bu sevdamızın,
Zülmətə çevrilər dünya gözündə.
Son payızda əsən soyuq küləklər,
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar,
Gözlərin tikilər uzaq yollara.
Mən elə küsərəm səndən əzizim,
Bulud tək hönkürər sevda yağışın.
Qalarsan hicranın ümidlərində,
Dikilər yollara həsrət baxışın.
Bir gün olmayacam
Bir gün arzulayarsan məni...
Cadar-cadar torpaqlar
yağışı arzuladığı kimi.
Bir gün arzulayarsan məni...
Çarəsiz bir xəstənin
Gözlərini pəncərəyə dikib
Günəşin doğuşunu gözlədiyi kimi.
Bir gün arzulayarsan məni...
Bir məhbusun dəmir barmaqlıqlardan
Azadlığa həsrət qalmış
baxışları kimi.
Bir gün arzulayarsan məni...
Neçə illərin sevgi nəşəsindən
alışan dodağların buz nəfəsli
naxışları kimi...
Amma o gün mən olmayacam...
Nə də yağış yağmayacaq.
Məni yetirən o ana,
Daha məni doğmayacaq…