SON DƏQİQƏ

Hərbiçi qızı Songüldən TƏSİRLİ SÖZLƏR

Tarix:

18-10-2022, 21:11

/ 3 702 dəfə oxundu.
Hərbiçi qızı Songüldən TƏSİRLİ SÖZLƏR

 
Əziz Şuşa sən azadsan!
Şuşam, mən dünyaya göz açanda mənfur  düşmən səni çoxdan işğal etmişdi. Mən səni Xanın ecazkar səsi ilə ifa etdiyi "Qarabağ şikəstəsin"də, Vaqifin,Zakirin şeirlərində, "Şahnaz"da, "Qatar"da, "Heyratı"da, "Arazbarı"da və adı Qarabağla qoşa çəkilən musiqimizin banisi Üzeyir Hacıbəyovun musiqilərində duydum və gördüm. Şuşam,   mən sənin qoynunda heç qaçmadım,  suyunu içmədim, o təmiz havanı ciyərlərimə çəkmədim, çiçəklərini qoxlamadım, amma yenədə sənə bütün qəlbimlə bağlandım. Bilirsənmi, mən səni ömrünün 29 ilini vətənimiz üçün çalışan atamın məğrur və həsrət dolu baxışlarında görüb sevdim. Mən sənin adını hər çəkdiyində göz yaşları yanaqlarından süzülən anamın simasında görüb sevdim. Amma səni ən çox atam sevmiş olmalıdır ki, onun hər aldığı nəfəsdə sən varsan. Atamın bütün qayəsi, istəyi, arzusu səninlə bağlı idi. Şuşam, sən atam və atam kimi sənə sevdalı minlərlə igidin ən böyük sevdasısan. Bu sevda uğrunda atam illərini verdi. Onun tək xəyalı sənə qovuşmaq idi. Hər şad günümüzdə atam bizə ürək sözlərini deyərkən ilk sözü sən olardın:"İnşallah, tezliklə Qarabağımızı və onun göz bəbəyini, musiqi beşiyimizi, Şuşamızı azad edərik. Bax o zaman ruhumun ən dərin yerində daşıdığım vətənimə olan övlad borcumu ödəyəcəm. Əsil sevincli günlərimiz o zaman başlayacaq, qızım"-deyərdi.
2020-ci ilin payızında igidlərimiz, o cümlədən, atam vətənin müdafiəsinə qalxanda öz qanlarıyla torpağa can verən hər bir şəhidin cənnət qoxan ruhunda, övladını itirən anaların, ataların "vətən sağ olsun" deyişində, atasız qalan uşaqların atalarının tabutuna  sarılmış bayrağı qoxlayıb öpməsində gördüm səni və sənə olan sevgim daha da çoxaldı. Bilirsənmi, Şuşam! atam çox vaxt səngərdə vətənin keşiyini çəkdiyi üçün evə bəzən həftələrlə gəlməzdi. O zaman bacılarım, qardaşım və mən çox darıxardıq atam üçün. Atamla telefonla hər danışığımızda: "Ata evə gəl, biz sənin üçün çox darıxmışıq",- deyərdik. Vətən müharibəsi başlayanda atam bizimlə vidalaşmaq üçün evə gələndə çox qorxmuşdum. Amma sən azad olunanadək atamı iki ay görə bilməsəm də, onu bir daha görə bilməmək qorxusu ürəyimi üzsə də heç vaxt:"Ata evə gəl, sənin üçün çox darıxmışam"-, demədim. Çünki bilirdim ki, atam illərdir həsrəti ilə yaşadığı Qarabağına qovuşmaq üçün vuruşur. Bilirdim ki, vətən torpağı atamın qoluna qüvvət, gözünə nur verib. Ali baş komandanın hər çıxışında işğaldan azad olan torpaqlarımızın adını eşitdikcə atamın xoşbəxt simasını görmüş kimi olurdum. Şuşam, sən azad olunduqdan sonra duydum ki, oğulların sənin üçün aşılmaz qayaları dırmaşaraq süngü, bıçaqla düşmənin gözünü oyublar. Dünya bu sevgidən, bu qəhramanlıqdan danışırdı. O zaman mənim gözümdə daha da əzəmətli və vüqarlı görünürdün.
  
 Sən zəfər tariximizin ən gözəl zirvəsi oldun. Elə bir zirvə ki, ora yalnız həqiqi vətən aşiqlərinin əli çatdı. Sənin uğrunda qurban gedən canlar isə bayrağımızın al qırmızı rəngində Qarabağın azad səmasında qürurla dalğalandı. Bilirsənmi, Şuşam, sən azad olunanda Cənab Prezident sənin azadlıq müjdəni verdikdən sonra atam evə zəng vurmuşdu. O zamana qədər  atamın səsində bu cür xoşbəxtliyi hiss etməmişdim. Axı atam ən böyük sevdasına qovuşmuşdu. Sənin azadlığınla atamın ürəyindəki vətən yarası sağalmışdı. Atam hər zaman bizə nəsihət verərkən deyirdi ki, "Bu həyatda elə yaşayın ki, daşıdığın adın haqqını verə biləsiniz." 44 günlük vətən müharibəsində atam cəbhədə göstərdiyi igidliyi ilə daşıdığı Babək adının haqqını layiqincə verə bildi. Şuşam, mən qürur duyuram ki, Qarabağ uğrunda, nazlı Şuşamız uğrunda hər şeyi gözə alaraq cəbhədə düşmənə qan udduran bir atanın qızıyam. Şuşam, sən indi azadsan. Sənə yalnız azadlıq yaraşır. Əziz Şuşam illərlə həsrətlə yollarını gözlədiyin övladların səni azad etdi. Sən indi şəhidlərin süngü, bıçaqla tarix yazdığı şəhərsən. Qürurlu  və mərd duruşunda  neçə-neçə şəhidin müqəddəs ruhu duyulur. Sənin azadlığınla zəfərimiz taclandı. Sənin azadlığınla donan arzularımız çiçəkləndi. Vətənimin hər daşı, qayası indi sənin azadlıq nəğməni söyləyir. 
Songül Allahverdiyeva 
Bakı şəhər Yasamal rayonu 
A.Hüseyinzadə adına 20 saylı 
məktəb-liseyin IX sinif şagirdi 
скачать dle 12.1

Şərhlər