SON DƏQİQƏ

“Sənə məktub yazacam”

Tarix:

10-03-2023, 23:09

/ 2 111 dəfə oxundu.
“Sənə məktub yazacam”

 


                                      Ressenziya

Çox istedadlı şairə Xuraman xanım Muradovanın yenicə çapdan çıxan "Sənə məktub yazacam”  kitabını demək olar ki, birnəfəsə oxudum. Və burada oxuduğum bir-birindən maralı şeirləri,  "Nəbi və Həcər” poeması  xoşuma gəldi. Bir həqiqəti deyim ki, "Azad Azərbaycan” qəzetinə rəhbərlik etdiyim işimlə və saytlarla  əməkdaşlığımla bağlı çoxlu şeir oxuyuram. Əfsus ki, həmin şeirlərin əksəriyyəti ürəyimcə olmur.  Yalnız söz  yığınıdır. Amma əsl, yüksək peşəkarlıqla yazılan şeirlər var ki, duyğuların, geniş ürəklərin, böyük təxəyyülün, dərin məhəbbətin məhsuludur. Belə şeirləri də  yalnız Ulu Tanrı tərəfindən seçilmiş insanlar yazır. Həmin insanlar  Böyük Tanrının Yer kürəsində  elçiləri sayılır. Onlar ürəyi geniş, səxavətli olurlar. Hətta şeir yazan hökmdarlar , krallar, şahlar belə çox səxavətli, ürəyigeniş olublar. Ona görə də hər adam şeir yaza bilmir.

Bu gün əziz oxucular, məhz belə insanlardan biri, sinəsi Vətən eşqi, millət eşqilə döyünən, qanı, canı ilə millətə bağlı bir şairə və onun yenicə çapdan çıxan "Sənə məktub yazacam” ilk kitabı ilə sizi tanış etmək istəyirəm. Bu insan Xuraman xanım İsmayıl qızı Muradovadır.  Kitabdakı elə  "Sənə məktub yazacam” şeirinin başlanğıcındakı bu sətirlər isə oxucunu  kitabı oxumağa maraqlandırır, həvəsləndirir. 

Sənə məktub yazacam...

Yazacam şirin dillə.

Könlünü ovunduran-

Yazacam, üç-beş cümlə.

 

"Darıxmaq” şeirindən bu orijinal  deyilmiş bəndə fikir verin.

 


Darıxmağın rəngi olmur, əzizim.
Darıxmaq şeh tutan gülə bənzəyir.
Yandırar qəlbini gözə görünməz.
Ocağında sönmüş külə bənzəyir.

 

 

Mən bir neçə il idi ki, Xuraman xanım Muradovanın qəzetlərdə, saytlarda çap olunan şeirlərini izləyirdim. Həmin şeirlərin hamısı bir-birindən maraqlı olduğuna görə, onları saytlar, qəzetlər, jurnallar  mütəmadi çap etdirdi.  Hamısı da  böyük oxucu marağına səbəb olurdu. Bu şeirlərdən bir neçəsinə bəstəkarlar hətta mahnılar da yazıb. Bədii qiraətçilər tərəfindən səslənən Xuraman xanımın şeirləritamaşaçılar tərəfindən  sevilirdi və yüksək səviyyədə qəbul olunurdu. Onun şeirlərinə yazılan  mahnılardan biri  "Sənə məktub yazacam”  çox istedadlı müğənni Mirələm  Mirələmovun ifasında  böyük tamaşaçı marağına səbəb olub.

Mən  Xuraman xanımın  "Sənə məktub yazacam” kitabındakı  şeirlərini və  "Nəbi və Həcər”  poemasını oxudum. Sevindim ki, ədəbiyyatımıza özünün orijinal fikirləri, deyimləri, maraqlı fikir tapıntıları, obrazlı ifadələrdən çox  yaxşı, peşəkar istifadə eləməyi bacaran bir şairə  gəlir.

Ona görə də belə qərara gəldim ki,  yazılı  ədəbiyyat aləminə ilk qədəm qoyan, ilk dəfə  kitabı çap olunan Xuraman İsmayıl qızı Muradovanı  sevimli  oxucularımızla  daha yaxından tanış edim.

O, 1965-ci ilin  avqust ayının 22-də  Göranboy rayonunun  Xanqərvənd kəndində anadan olub. Amma atası  əslən Laçındandır. Laçın da həmişə onun şeirlərinin əsl mövzusu olub. 1972- ci ildə birinci sinfə gedib və  1982-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə təkcə ədəbiyyata yox, həm də rəssamlığa böyük meyli olan  Xuraman xanım, başqa fənləri də əla qiymətlərlə oxuduğundan  elə 1982-ci ildə Azərbaycan Dövlət  Memarlıq Üniverstetinə daxil olub və 1987-ci ildə memar-mühəndis kimi oranı  yüksək qiymətlərlə  bitirib.

1990- cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və "Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi  dönəmlərdə  2009- cu ildə "Milan” Hospital Klinikasını təsis edib. Xuraman  xanım Avropa Tibb  Assosiasiyasinin və EPMA- nin fəxri üzvüdür. Oksford Beynəlxalq  Akademiya İttifaqının  fəxri Professorudur.

Sahibkarlıqla məşğul olmağa başladığı dönəmdə Xuraman xanım Muradova çoxlu mükafata layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram.  Şuşa  fatehi Xüsusi Təyinatlı Qüvvələr komandanı general polkovnik- leytenatnı Hikmət Mirzəyev tərəfindən iki dəfə Fəxri Fərmanla mükafatlandırılıb və iki dəfə də döyüş nişanı ilə təltif olunub.  Xüsusi Təyinatlı Qüvvələr komandanlığının döş nişanı isə  hər insana verilmir. Əlahiddə Ümümqoşun Ordu komandanının birinci müavini, Qərərgah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Eləcə də general polkovnik  Mais Bərxudarov tərəfindən Fəxri Fərmanla təltif edilib. Azərbaycan Döyüş Sənətləri Federasiyasının  Fəxri Fərmanı ilə təltif olunub. N saylı Hərbi Hissə komandiri tərəfindən təltif olunub.Vətən Muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə  göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb.  2017- ci ildə "Lider” TV- də  Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi tövhələrə,  ailələrin sağlamlığının  möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub.  Son zamanlarda isə Xuraman xanım Muradova  Azərbaycan Sahibkar Qadınlar İctimai  Birliyi tərəfindən  daha böyük mükafat,  Xurşid Banu Natavan adına  mükafata və Türkiyə Cümhuriyyətinin  ödülünə layiq görülub. Bir insanın əldə etdiyi bu qədər  mükafat hər adama nəsib olmur. Bu, Vətənini, xalqını, millətini öz canından artıq sevən, yüksək vətənpərvər, böyük  şəxsiyyət, seçilmiş  insanlara nəsib olub.

Biz  inanırıq ki, Xuraman İsmayıl qızı Muradova çap  olunan bu ilk  kitabından sonra bədii yaradıcılıqla daha  ciddi məşğul olmaqla,  ədəbiyyat sahəsində də layiq olduğu mükafatlara, fəxri adalara  sahib olacaq. Çünki  istedad  və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaq olmur. Xuraman xanımın  yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zəngin  çoxlu şeri bizə  bu fikiri qətiyyətlə  deməyə  əsas verir.

Dahi Nizami Gəncəvi deyir:

 

Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

Mən  qətiyyətlə deyirəm  ki, Xuraman xanımın yazdığı və "Sənə  məktub yazacam” kitabında çap olunan bütün şeirlər çox kamildir. İnanıram ki, o, gələcəkdə çox tanınmış şairə olacaq və bundan sonra biz onun neçə-neçə şeirlər, poemalar kitablarını da oxuyacağıq.  İnanıram ki, Xuraman xanım  Azərbaycan ədəbiyyatı tarixində özünün bənzərsiz, dərin  şeirləri ilə yaşayacaq.  Məhz buna görə də ona  gələcək yaradıcılığında  böyük uğurlar arzu edirəm.

Yadıma gəlir  Xuraman Muradovanın şeirləri  2021-ci ildə respublika mətbuatında çap olunanda, böyük oxucu marağına səbəb olmuşdu. Çünki bu şeirlərdəki orijinallıq onun hər şeirində maraqlı, obrazlı ifadələr tapması, sözaltı mənaların dərinliyi, şeirlərin lakonikliyi Xuraman xanımı az bir vaxtda oxuculara çox sevdirdi. Bütün bunlardan ruhlanan Xuraman xanım Muradova da  ilk kitabını çap etdirdi. Kitabda  "Yaşamaq istərsən” şeirindəki bu axıcı, lakonik cümlələr yaşamağın necə gözəl olduğuna çox tutarlı bir sübutdur.

 

 

Bəzən lal olarsan, bəzən susarsan,
Bəzən ümman kimi dolub daşarsan.
Ürəyin darıxar, ruhun sıxılar,
Bəzən dəniz kimi elə coşarsan..
Yaşamaq istərsən…

 

 

Əziz oxucular, inanıram ki, Xuraman xanımın bu kitabı sizin xoşunuza gələcək. Həm də bu kitabın çap olunması Xuraman xanımı da yeni şeirlər, poemalar  yazmağa ruhlandıracaq.

Fikirlərimi isə  onun  "Vətən,  ay Vətən” şeiri ilə tamamlayıram.

 

Səni sevən ürəyim

Hər an sənlə döyünür.

Sən mənim eşq məbədim,

Mənim könül dünyamsan,

Sən bu Vətən dünyamda

Sən mənim öz anamsan.

Vətən, ay vətən!

 

Başı bəlalar çəkən

Qanlı bir keçmişin var.

Neçə yerə bölünüb

Parçalandın min dəfə

Amma, heç sarsılmadın.

Haqq-ədalət yolunda.

Yazıldı  zəfər adın.

Vətən,  ay vətən!

 

Azadlığın eşqiylə

Yanan odlu ürəyin

Mətinləşdi, bərkidi

Mübarizə yolundan

Çəkinmədin heç zaman

Tarix-tarix yaşadın,

Zirvə-zirvə ucaldın

Vətən, ay vətən!

 

Sorağısan səsimin

Ərşə qalxan ünündə.

Çiçək-çiçək dil açdın

Həqiqətin önündə.

Qərinələr içində

Neçə min il tarixin,

Silinməyən yaddaşın.

Özün boyda dərd daşın,

Vətən, ay vətən!

 

Dünən igid yaraqlım,

Bu gün  zəfər soraqlım,

Dirilən ümidlərim,

Açılan kilidlərim

Sənin zəfər adındı!

Azadlıq adlı səsim,

Şirin ana nəfəsim

Vətən, vətən, ay vətən!!

 

Azadlıq adlı səsi, şirin ana nəfəsi Vətən olan Xuraman İsmayıl qızı Muradovaya daha böyük yaradıcılıq uğurları arzu edirik. Ondan yeni kitablar gözləyirik. Eşitmişəm ki, Xuraman xanım   Muradovanın  "Sənə məktub yazacam” kitabı artıq türk dilinə tərcümə olunur. İnanıram ki, bu kitab türk oxucularının da marağına səbəb olacaq. Beləliklə, Xuraman xanıma daha böyük yaradıcılıq sevincləri arzu edirik.

 

“Sənə məktub yazacam”Ağalar İDRİSOĞLU,

  yazıçı-rejissor,

Əməkdar incəsənət xadimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ