SON DƏQİQƏ

Dənizdə çimərkən dərinliyə üzməyin!

Tarix:

Bu gün, 16:55

/ 2 317 dəfə oxundu.
Dənizdə çimərkən dərinliyə üzməyin!

Yay mövsümündə Xəzər dənizində təəssüf ki, boğulma hadisələri tez- tez  baş verir. Bu faciələrin əsas səbəbləri təhlükəsizlik qaydalarına əməl edilməməsi, dərinliyə üzmək, küləkli havada çimmək və güclü su axınlarıdır.
Bu mövzu mənə illər əvvəl baş vermiş bir hadisəni xatırladır. Təxminən 1965–1970-ci illərdə Ağdamın Qaradağlı kəndindən olan Sosialist Əməyi Qəhrəmanı Məmməd müəllimin oğlu Valodya Xəzər dənizində boğulmuşdu. Bu faciə o dövrdə insanları dərindən sarsıtmışdı. Mən bu hadisəni mərhum atamdan da dəfələrlə eşitmişəm.
Deyilənə görə, həmin vaxt geniş axtarışlar aparılmış və dənizin dərinliklərindən bir neçə meyit tapılmışdı.
O illərdə insanlar arasında belə bir söhbət də dolaşırdı ki, guya bəzi xilasedicilər  boğulan insanların meyitlərini sonradan tapmaq adı ilə ailələrdən pul alırmışlar. Bu barədə məndə rəsmi təsdiqlənmiş məlumat olmadığı üçün bunu yalnız o dövrün danışılan söhbəti kimi qeyd edirəm.
Təxminən 25 il əvvəl dostlarımla birlikdə dənizdə çimərkən mən də qəribə bir hadisə yaşadım. Birdən ayağımdan kimsə və ya nəsə tutdu. Digər ayağımla təpik vuraraq güclə dayaz yerə çıxa bildim. Elə həmin günün axşamı xilasedicilər bir gəncin meyitini sahilə çıxardılar. O gündən sonra dənizə daha böyük ehtiyatla yanaşıram.
Xəzərdə küləkli havada çimmək olduqca təhlükəlidir. Xüsusilə sahildən dənizə doğru əsən külək insanı sahildən uzaqlaşdıra bilər və geri qayıtmağı çətinləşdirər. Buna görə də küləkli havalarda dənizə girməkdən çəkinmək lazımdır.
Dənizin dibində qəfil dərinləşən yerlər və təhlükəli axınlar ola bilər. Buna görə də qurşaqdan artıq dərinliyə üzməyin, yalnız xilasedicilərin nəzarət etdiyi çimərliklərdə çimin və təhlükəsizlik qaydalarına ciddi əməl edin.
Unutmayaq ki, həyat hər şeydən qiymətlidir. Bir anlıq ehtiyatsızlıq ömür boyu peşmançılığa çevrilə bilər.
Rauf İLYASOĞLU
Həkəri qəzetinin baş redaktoru

скачать dle 12.1

Şərhlər