
Tovuz rayonunda 64 yaşlı kişi sevgi münasibətində olduğu qadının yetkinlik yaşına çatmayan qızına təcavüz etməkdə ittiham olunub.
GunAz.az Teleqrafa istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Aydın dayıları ilə arasında tanışlıqla bağlı evlərinə gediş-gəlişi olan Günellə (adlar şərti verilib – red.) cinsi əlaqəyə girib, ona qarşı seksual xarakterli digər hərəkətlər edib.
Yaşlı kişi “VAZ 2106” markalı avtomobilində Güneli könüllü razılığı əsasında Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Gillik” adlanan çöl ərazisinə aparıb, avtomobilin salon hissəsində onunla intim əlaqədə olub.
İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Aydın elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, Günelin çağırışı ilə onunla görüşüb: “O, telefon vasitəsilə bir-iki dəfə mənimlə görüşmək istədiyini dedi. Mən də özümdən asılı olmayan səbəblə onunla görüşdüm. Sonuncu dəfə 2025-ci il aprelin 23-də görüşdük, həmin gün aramızda heç bir münasibət olmadı”.
Təqsirləndirilən şəxs deyib ki, Günelin ailəsiylə tanışlığı olub, bir neçə dəfə evlərinə gedib-gəlib: “Günel nənəsi ilə yaşayırdı, atası-anası boşanıb, anası Şəmkir rayonunda kafedə işləyirdi. Mənim onun nənəsi ilə heç bir münasibətim və tanışlığım olmayıb. Amma anası ilə münasibətim vardı, bəzən məni evlərinə çağırırdı. Mən onun evinə gedəndə bazarlıq da edirdim”.
Aydının sözlərinə görə, Günelin 8-ci sinifdə oxuduğunu və təxmini yaşını bilib: “Mənə özü görüşməyi təklif etdi. Görüşdüyüm üçün peşman oldum. Cəmi iki 2 dəfə görüşdük, hadisə yerində videogörüntüləri Günel çəkdi”.
Aydın qeyd edib ki, aprelin 22-də Günel ona zəng edib və yenə görüşməyi təklif edib: “Mən ona Şəkidə olacağımı və gələ bilməyəcəyimi dedim. Aprelin 23-də səhər saatlarında məktəb yaxınlığındakı parkda təsadüfən Günellə qarşılaşdım. Onun yanında qadın və bir uşaq vardı. Günel xahiş etdi ki, maşınla onu məktəbdən götürüm, mənimlə işi də var. Güneli götürdüm, birlikdə getdik. O, maşının sürücü tərəfdən arxa hissəsində əyləşmişdi. Maşını saxlayıb sol tərəfə keçəndə polis əməkdaşlarının gəldiklərini gördüm. Polislər gələndə Günel üst geyimdəydi.
Mən Günelə pul vermişəm, amma pul qarşılığında belə bir şey etməsini istəməmişəm. Günel özü məndən əl çəkmirdi”.
Aydın deyib ki, aralarında olan münasibətə görə Günel ilk dəfə ondan 20 manat, ikinci dəfə isə 15 manat istəyib: “Mən də istədiyi məbləği verdim. Onunla cinsi əlaqədə olmamışam, seksual xarakterli hərəkətlər etmişəm. Üç videonun ikisinin eyni gündə, digərinin isə başqa bir gündə qeydiyyata alındığını bilirdim”.
İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, dərsə gedərkən hər gün Aydını məktəbin yaxınlığındakı parkda yeriyərkən görürmüş: “O, dəfələrlə mənə yaxınlaşır, hal-əhvalımı soruşurdu. Mənə deyirdi ki, əgər məktəbdən çıxdıqdan sonra yanıma gəlməsən, Şəmkirdə ananla birlikdə yaşayan qardaşını öldürəcəm, sən də tapa bilməyəcəksən. Həmin dövrdə mən anamla yox, nənəmlə qalırdım.
Aramızda olan münasibət zamanı onun videolar çəkdiyini bilirdim. Həmin videolarla mənə hədə-qorxu gəlir, məni görüşlərə dəvət edirdi. Ondan niyə belə etdiyini soruşdum, məndən xoşu gəldiyini dedi, sevgililər günündə mənə hədiyyə də aldı. Mən isə hədiyyəni istəmədim və qəbul etmədim”.
Günelin ifadəsinə görə, heyvanları örüşə apararkən Aydın həmin ərazidə dəmiryolu ətrafında olub və ona yaxınlaşıb: “Ondan məni narahat etməmisini istədim. İnternat məktəbində oxuyurdum, qorxduğum üçün başıma gələn hadisəni ailə üzvlərimə deylə bilmirdim”.
Zərərçəkmişin sözlərinə görə, məktəb açıldıqdan sonra, 2024-ci il sentyabrın 16-dan Aydın onun arxası ilə gedib, onu narahat edib: “Mənimlə 3 dəfə ayrı-ayrı vaxtlarda - 2025-ci il martın 3-də, martın 10-da və tutulan günü daxil olmaqla cinsi əlaqədə olub. İlk dəfə məni maşınına dəvət etdi. O, evimizə tərəfə getdiyini, dayımın bundan məlumatı olduğunu dedi. Amma məni evə aparmadı. Məktəbdən yuxarı istiqamətə qalxdı, təpəlik ərazinin alt hissəsində maşını saxladı.
Narahat oldum, məni niyə buraya gətirdiyini soruşdum. O isə “qorxma, mən sənin babanam” dedi. Sonra mənə yaxınlaşdı, beldən aşağı hissəsimdə üst geyimimi çıxardı. Mənə qarşı seksual xarakterli hərəkəti etdi və bunları videogörüntü ilə qeydə aldı. Mənimlə təbii yolla cinsi əlaqədə oldu”.
Günelin ifadəsinə görə, ikinci görüş martın 10-da olub: “Aydın mənə yaxınlaşdı və dönər verdi. Ancaq mən götürmədim. Daha sonra o, məktəbin arxa hissəsinə gəldi və dedi ki, əgər mənimlə gəlməsən, çəkdiyim videoları dayına göstərəcəm. Mən qorxduğum üçün yenə Aydının avtomobilinə əyləşdim. Məni ağaclıq olan sahəyə apardı, iyrənc hərəkətlər etdi”.
Günel qeyd edib ki, sonuncu dəfə Aydın yenə məktəbin qarşısında onu götürüb və “Gillik” adlanan əraziyə aparıb: “Orada mənimlə intim əlaqədə oldu. Bu zaman ora polis əməkdaşları gəldi.
Mən telefon işlətməmişəm, Aydınla heç vaxt telefonda əlaqə saxlamamışam. Videogörüntüləri Aydın çəkilib, aramızda olan münasibətə görə ondan pul istəməmişəm”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli müəssisədə çəkməsi qərara alınıb, həmçinin 2 il müddətə övladını tərbiyə etmək hüququndan məhrum olunub.
Hökmdən narazı qalan Aydın apellyasiya şikayəti verib. Qeyd edib ki, ilk dəfə ona Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham irəli sürülüb, sonradan məcəllənin 152.4.1-ci maddəsinə tövsif edilib. O, işinə yenidən baxılmasını və düzgün qərar qəbul edilməsini xahiş edib.
Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayəti təmin etməyib. Amma Gəncə Ağır Cinayətlər Məhkəməsinin Aydına təyin edilmiş 2 il müddətə övladını tərbiyə etmək hüququndan məhrumetmə cəzası dəyişdirilib. Ona 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarında uşaqların tərbiyəsi ilə bağlı vəzifə tutma və ya uşaqların tərbiyəsi ilə bağlı fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da təyin olunub.
Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.































