
Bu il Azərbaycan Milli Mətbuatının 151 illiyi tamam olur. Bu tarix təkcə mətbuatımızın yaranma günü deyil, həm də xalqımızın maariflənmə, milli oyanış və azad söz uğrunda mübarizəsinin başlanğıc nöqtəsidir.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsası qoyuldu. Ayda cəmi 300–400 nüsxə tirajla çap olunan və ümumilikdə 56 sayı işıq üzü görən qəzet qısa ömür sürməsinə baxmayaraq, Azərbaycan jurnalistikasının təməl daşına çevrildi. "Əkinçi" sadəcə qəzet deyil, xalqı elmə, tərəqqiyə və milli özünüdərkə səsləyən bir maarifçilik tribunası idi.
Qəzetin ətrafında birləşən Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani kimi görkəmli ziyalıları bir amal birləşdirirdi: cəmiyyəti cəhalətdən uzaqlaşdırmaq, insanları elmə və maarifə yönəltmək, milli düşüncəni formalaşdırmaq. Seyid Əzim Şirvaninin "Bu qəzetin Zərdabiyə heç bir xeyri yoxdur. Hamısı xalq üçündür" sözləri də "Əkinçi"nin daşıdığı böyük missiyanı ən dolğun şəkildə ifadə edir.
Aradan 151 il keçsə də, milli mətbuatımızın əsas prinsipləri dəyişməyib. Həqiqətə sadiqlik, cəmiyyət qarşısında məsuliyyət, obyektivlik və peşəkarlıq bu gün də jurnalistikanın ən ali dəyərləridir. İnanıram ki, biz – gənc jurnalistlər də "Əkinçi"dən gələn bu zəngin irsi, peşə etikası və milli mətbuat ənənələrini layiqincə davam etdirəcək, cəmiyyətə faydalı olmaq üçün vicdanla çalışacağıq.
Bu gün mənim üçün başqa bir səbəbə görə də xüsusi əhəmiyyət daşıyır. Keçən il bu günlərdə Naxçıvan Televiziyasına jurnalistika tələbəsi kimi müsahibə vermişdim. O zaman bu peşəyə böyük həvəslə gələn bir tələbə idim. Bu il isə artıq həmin televiziyada əməkdaş, veriliş müəllifi və aparıcısı kimi Milli Mətbuat Günü münasibətilə müsahibə verirəm. Bir il ərzində yaşanan bu dəyişiklik mənim üçün sadəcə peşəkar inkişaf deyil, zəhmətin, inamın və məqsədyönlü əməyin bəhrəsidir.

Bu yolda çətinliklər də oldu, yorulduğum, ruhdan düşdüyüm anlar da yaşandı. Lakin hər dəfə yenidən ayağa qalxmağı, hədəflərimə doğru addımlamağı bacardım. Çünki insanı uğura aparan yalnız istedad deyil, həm də səbir, əzm və özünə inamdır.
Bu münasibətlə mənə inanan, hər zaman yanımda olan, dəstəyini və etimadını əsirgəməyən dəyərli müəllimim Səadət müəllimə, eləcə də bütün müəllimlərimə, dostlarıma və bu yolda mənə dəstək olan hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Sizin inamınız və dəstəyiniz mənə hər zaman güc verib.
Azərbaycan Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində yeni nailiyyətlər və daim həqiqətin keşiyində dayanmağı arzulayıram.
Milli mətbuatımızın 151 illik şərəfli yolu daim davam etsin. Qələminiz iti, sözünüz kəsərli, həqiqətə xidmətiniz isə əbədi olsun!
Nərmin Əlirza
NDU Jurnalistika ixtisası üzrə III kurs tələbəsi,
NDU Jurnalistika ixtisası üzrə III kurs tələbəsi,
Naxçıvan televiziyasının əməkdaşı































