
Həsən bəy Zərdabinin 1875-ci ildə Bakıda təməlini qoyduğu Azərbaycan milli mətbuatının 151 illik yolu1875-ci il iyulun 22-də Bakıda balaca, cəmi dörd səhifəlik bir vərəq işıq üzü gördü. Bu vərəqin adı sadə idi: “Əkinçi”. Amma onun arxasında duran iradə heç də sadə deyildi: cəhalətlə, süründürməçiliklə, hətta öz xalqının bir hissəsinin biganəliyi ilə üz-üzə dayanıb “yox” deməyən bir insanın Həsən bəy Zərdabinin inadı dayanırdı. Bu gün həmin tarixi biz Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edirik və hər dəfə bu günə qayıdanda, əslində, bir nəfərin təkbaşına apardığı savaşı xatırlayırıq.
Maarifçi bir gəncin arzusu
Həsən bəy Zərdabi 1837-ci ildə Şamaxı qəzasının Zərdab kəndində anadan olub. Tiflis gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsində təhsil alıb və 1865-ci ildə əla qiymətlərlə oranı bitirib. Rusiyada keçirdiyi illər onun dünyagörüşünü kökündən dəyişib. Burada o, təkcə təbiət elmlərini deyil, həm də dövrün demokratik, maarifçi ideyalarını mənimsəyib. Vətənə qayıtdıqdan sonra əvvəlcə Qubada məhkəmə katibi kimi çalışsa da, tezliklə Bakıya köçüb və burada gimnaziyada təbiət elmlərindən dərs deməyə başlayıb.
Elə bu dövrdə, hələ Qubada işlədiyi illərdə, onun zehnində bir fikir kök salmışdı: xalqını ana dilində maarifləndirmək, elmə, təhsilə, dünyəvi biliyə açmaq. Bu fikrin təcəssümü isə yalnız bir vasitə ilə mümkün idi: qəzetlə.
Yeddi illik mübarizə
Zərdabi qəzet çıxarmaq fikrinə hələ 1868-ci ildə düşmüşdü. Amma arzu ilə gerçəklik arasında düz yeddi il uzandı. Rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında olub. Çar Rusiyasında 1865-ci ildə qəbul edilmiş sərt senzura qanunları, məmur süründürməçiliyi, ən sadə icazənin belə aylarla, illərlə gözlənilməsi bütün bunlar onun yolunu kəsirdi.
Özü sonralar bu illəri acı bir yumorla belə xatırlayacaqdı: pul yoxdur, mətbəə yoxdur, hürufat yoxdur, çapçı yoldaş yoxdur, kitabxana yoxdur, hətta savadlı oxucu sayı da bir-iki yüzü keçmir, dövlətdən icazə almaq isə “böyük bəladır”. Dostu, böyük dramaturq Mirzə Fətəli Axundzadə bu işi “dağ çapmaq” qədər ağır bir çətinliyə bənzədirdi.
“Qəzeti necə çıxardım ? Pul yox, çapçı yoldaş yox, kitabxana yox, hürufat yox, əmələ yox. Bir-iki yüzdən yuxarı da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır.” — Həsən bəy Zərdabi
Dönüş nöqtəsi Bakı qubernatoru, general-mayor D. S. Staroselski ilə görüş oldu. Qafqaz mədəniyyətinə, gürcü həyat yoldaşının təsiri ilə, xüsusi hörmət bəsləyən general Zərdabiyə maraqlı bir məsləhət verdi: qəzetin adını “Əkinçi” qoysun. Bu ad ilk baxışdan sadəcə kənd təsərrüfatına həsr olunmuş zərərsiz bir nəşr təəssüratı yaradırdı və üstəlik, general özü senzorluq funksiyasını öz üzərinə götürməyə razı oldu. Zərdabi bu fürsətdən məharətlə istifadə etdi. Sonra o, İstanbula getdi, oradan qəzetin çapı üçün lazım olan hürufatı gətirtdi. Ayrıca mətbəə açmağa maddi imkanı olmadığından, Staroselski ona qubernatorluğun öz mətbəəsində çap imkanı yaratdı. Bütün bu çətin yolu şəxsi vəsaiti hesabına qət edərək, Həsən bəy Zərdabi nəhayət 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsini xalqın qarşısına çıxardı.
Bir nəfərin qəzeti
“Əkinçi” bütün mənası ilə Zərdabinin şəxsi əsəri idi. O, eyni zamanda həm naşir, həm redaktor, həm baş məqalələrin müəllifi, həm texniki işçi, həm mürəttib, həm də korrektor idi. Qəzet ayda iki dəfə yarımaylıq formatda nəşr olunur, hər nömrəsi dörd səhifədən ibarət olurdu.
Zərdabi ilk nömrədə qəzetin fəaliyyət istiqamətlərini fəsillərə bölərək oxucularına açıqlamışdı: birinci fəsil “daxiliyyə”, yəni redaksiyanın öz qeydləri; ikinci fəsil isə əkinçilik və maldarlıqla bağlı elmi-praktiki məlumatlar üçün nəzərdə tutulmuşdu. Bunun ardınca elm xəbərləri, dünya hadisələri və xalqın gündəlik problemlərinə həsr olunan bölmələr gəlirdi.
Qəzetin ətrafında tezliklə dövrün ən görkəmli ziyalıları toplaşdı: Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə “Vəkili-naməlumi millət” imzası ilə məqalələr yazırdı; böyük maarifçi şair Seyid Əzim Şirvani öz şeirlərini qəzetdə dərc etdirirdi; sonralar tanınmış dramaturq olacaq Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani və Dərbənddən Heydəri kimi müəlliflər öz məktub və məqalələri ilə qəzetə töhfə verirdilər. Qəzetin əsas oxucu auditoriyası kəndlilər, müəllimlər, tələbələr və şəhər ziyalıları idi. Onun sorağı təkcə Qafqazla məhdudlaşmadı, Sibirdən Omsk və Tümen sakinləri, Orenburq və Volqaboyu tatarları, hətta uzaq Londondan olan maraqlananlar belə “Əkinçi”yə abunə yazılmışdı.
Cəmi 56 nömrə, əbədi iz
İki il iki ay ərzində 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrına qədər “Əkinçi”nin cəmi 56 sayı çapdan çıxdı. Rəqəm kiçik görünə bilər, amma bu 56 say Azərbaycan dilində ilk dəfə ictimai fikrin, elmi biliyin və milli özünüdərkin kütləvi şəkildə səsləndiyi məkan oldu. Zərdabinin özünün dediyi kimi, “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun, yaxşı-yamanlığı aşkar eləsin” bu prinsip qəzetin bütün fəaliyyəti boyu əsas meyar olaraq qaldı.
Amma hər gerçək səsin olduğu kimi, “Əkinçi”nin də düşmənləri az olmadı. Qəzetin get-gedə daha cəsarətli mövqe tutması, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləməsi çar məmurlarını narahat etməyə başladı. Bakı qubernatoru Zərdabini “siyasi cəhətdən etibarsız” hesab edərək daim izləməyə başladı. Bu prosesdə mətbəədə fəhlə işləyən bir nəfərin jandarm idarəsinə etdiyi xəbərçilik də qəzetin bağlanması üçün əlavə bəhanəyə çevrildi. Nəticədə 1877-ci il sentyabrın 29-da “Əkinçi” çar hökuməti tərəfindən məcburi qaydada bağlandı.
Bir il sonra, 1878-ci ildə Zərdabi hətta gimnaziyadakı müəllimlik vəzifəsindən də uzaqlaşdırıldı və Yekaterinodar (indiki Krasnodar) şəhərinə göndərildi. Amma onun əkdiyi toxum artıq torpağa düşmüşdü və geri qaytarıla bilməzdi.
Sönməyən məşəl
“Əkinçi”nin bağlanması Azərbaycan mətbuatının sonu deyil, əksinə, başlanğıcı oldu. Onun açdığı yoldan gedərək qısa müddət sonra Tiflisdə “Ziyayi-Qafqaziyyə”, ardınca “Kəşkül” qəzetləri nəşr olunmağa başladı. Onlardan sonra isə 1906-cı ildə, yenə Tiflisdə, Azərbaycan satirik publisistikasının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü, bu nəşrin ideya-məzmun xəttinin kökləri birbaşa “Əkinçi”yə gedib çıxırdı.
Azərbaycan mətbuat tarixində özünəməxsus yeri olan alim, rəssam, publisist Əli bəy Hüseynzadə Zərdabi haqqında yazırdı ki, İslam aləmi qaranlıq içində qaldığı bir zamanda bu adam əlinə məşəl alıb qaranlıqları işıqlandırmağa çalışırdı. Doğrudan da, “Əkinçi” Azərbaycan ədəbiyyatına, publisistikasına və ictimai fikrinə qapı açmış, xalqın milli şüurunun formalaşmasına başlanğıc vermişdi.
“Keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlıqları işıqlandırmağa çalışıyordu.” — Əli bəy Hüseynzadə
Milli Mətbuat Günü — dövlət səviyyəsində tanınma
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iyulun 22-si rəsmi şəkildə Milli Mətbuat Günü kimi qeyd olunmağa başladı. Bu tarixin əhəmiyyəti sonradan dövlət səviyyəsində də təsdiqləndi: ümummilli lider Heydər Əliyevin 2000-ci il 27 mart tarixli sərəncamı ilə “Əkinçi”nin 125 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 20 iyun tarixli sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 130 illik yubileyi geniş miqyasda qeyd edildi.
Bu gün Azərbaycan mətbuatı tamamilə fərqli formatlarda çap nəşrlərindən tutmuş rəqəmsal media platformalarına qədər fəaliyyət göstərir. Amma onun kökündə hələ də 1875-ci ildə Həsən bəy Zərdabinin qoyduğu o sadə, lakin möhkəm prinsip dayanır: qəzet xalqın güzgüsü olmalı, onun sevincini də, dərdini də düzgün əks etdirməlidir.
151 il əvvəl bir nəfərin pulu, mətbəəsi, hürufatı olmayan, amma inamı sarsılmaz bir müəllimin başlatdığı iş bu gün də yaşayır. Hər dəfə bir xəbəri oxuyanda, bir həqiqəti öyrənəndə, əslində, Zərdabinin 1875-ci ildə açdığı o qapıdan keçirik. Milli Mətbuat Günü də məhz bunun bir insanın inadının bütöv bir millətə səs verməsinin xatirəsidir.
Güldanə HaqverdiyevaNaxçıvan Dövlət Universiteti, Texnologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi
































