SON DƏQİQƏ
» » İnsan süni intellekt üçün Allah olacaq- “Ədəbiyyat söhbətləri”

İnsan süni intellekt üçün Allah olacaq- “Ədəbiyyat söhbətləri”

Tarix:

7-03-2024, 15:52

/ 6 135 dəfə oxundu.
İnsan süni intellekt üçün Allah olacaq- “Ədəbiyyat söhbətləri”

YUNUS OĞUZ:  "Biz Əfrasiyaba qayıdırıq. Bu dəfə daha yüksək səviyyədə, daha güclü qayıdırıq"
"Yaradıcı adamda azadlığın  sərbəstliyi var"
"Olaylar" AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə  "Ədəbiyyat söhbətləri" adlı yeni layihəyə başlayır.
İlk müsahib "Olaylar" informasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzdur.  
E.Q. - Birinci sualım ədəbiyyatın özü qədər qədimdir, yazıçılara  daim ünvanlanan bir sualdır.  Amma mənə, eləcə də oxucularınıza çox maraqlıdır ki, məhz Yunus Oğuz üçün ədəbiyyat nədir?
Y.O. - Ədəbiyyat yaradıcılıq deməkdir. Amma təkcə yaradıcılıq deyil. Elə elm də dərindən baxanda yaradıcılıqdır. Texnikada da kifayət qədər yaradıcılıq var. Amma ədəbiyyat tam başqadır. Ədəbiyyatda yaradıcılıq, mən deyərdim ki, insanın daxili aləminə müraciəti deməkdir. İnsan daxili aləmdə ruhuna müraciət edir, canına müraciət edir, mənəvi dünyasına müraciət edir.  Bu məqamda insan həm quldur, həm də padşahdır. Ədəbiyyatda çox zaman fiziki dünya ilə mənəvi dünyanı səhv salırlar. Və fikirləşirlər ki, fiziki dünyada sən azad deyilsən. Fiziki dünyada azadllığın məhduddur. Amma ədəbiyyatda, bədii yaradıcılıqda azadlıqdır. Məhmət Akif Ərsoyun "İstiqlal" marşından iki  misranı deyəcəyəm: 
- Mən əzəldən bəridir hürr yaşadım, hürr yaşaram, 
Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
Bax insanın yaradıcılığında, mənəvi dünyasında ona heç kim zəncir vura bilməz. Amma fiziki dünyada bu mümkündür. 
E.Q. - O zaman sualdan sual doğur. Bəs ədəbiyyatda azadlığın sərhədləri yoxdurmu? 
Y.O. - Var, var. Əslində ədəbiyyatda, belə deyək, ədəbi ideologiya var, dünya ideologiyası var, dövlətin ideologiyası var, yazıçının özünün şəxsi ideologiyası var. Amma məhz bütün bunların içində sən yaradıcı olursan. Əlbəttə, əsl ədəbiyyatdan danışıram.
E.Q. - Mən elə ora gətirirdim ki, bəzən istənilən bir mətni təqdim edir, əsaslandıraraq deyirlər ki, ədəbiyyat azadlıqdır, bu yazdığım da mənim azad düşüncələrimdir, yəni ədəbiyyatdır. 
Y.O. - Yox, yox. Elə şeylər var ki, deyək ki, Salman Rüşdünün təqdim etdiyi ədəbiyyat nə idi ki? Dini təhqir etmək idi. Yəni insan yaradıcı olsa da sərhəd olmalıdır. Onun yazdıqları Avropaya xoş gəlirdi, amma deyək ki, İrana xoş gəlmədi. 
E.Q. - Deməli mütləq etik sərhədlər olmalıdır. 
Y.O. - Təbii. Ona görə deyirəm ki, mənəvi yaradıcılığın öz sərhədləri, qırmızı xətləri var. Onu keçə bilməzsən. Mən yaradıcıyam deyib hər şeyin üstündən qırmızı xətt çəkə bilməzsən.Amma düşünürəm ki, yaradıcı adamda azadlığın  sərbəstliyi var. 
E.Q. - Maraqlı ifadədir: azadlığın sərbəstliyi.
Y.O. - Bəli, azadlığın sərbəstliyi. Məsələ burasındadır ki, mənəvi dünyadan fiziki dünyaya keçəndə çoxları onu başa düşmür. Əslində fiziki dünya ilə mənəvi dünya fərqlidir. İnsan çox zaman onu başa düşmür və mənəvi dünyanı istisnasız, birbaşa fiziki dünyaya tətbiq edəndə mizan pozulur. Buna görə cinayətlər və s. baş verir. Məsələn, şagirdlər arasında baş verən insidentlər. Bu özünün iç aləmini fiziki dünyaya keçirməkdir.
E.Q. - Deməli, fiziki dünyanı mənəvi dünyaya keçirmək daha yaxşıdır. 
Y.O. - Əlbəttə. Fiziki dünyanı mənəvi dünyaya keçirəndə kamilləşdirə bilsən, gözəl əsər yarada bilərsən. Əslində bu iki dünya bir-biri ilə vəhdətdədir, biri-birinə təsir edir. Amma baxır, onun təsiri kimə aiddir. Məsələn sizə aiddirsə, alim adamsınız, yaradıcısınız. Onu daha da inkişaf etdirirsiniz. Adi insanlar isə iki dünyanı qarışdırırlar. Qarışdıranda ya dəli olur, ya cinayət törədir və s. 
E.Q. - Deməli hazırlıq lazımdır. 
Y.O. - Hökmən, hökmən. Hazırlıq, yəni oxumaq lazımdır. Sizə bir söz deyim. Oxumaq mənəvi dünyanın fiziki dünyaya təsiridir. Tibbi nöqteyi nəzərdən təsirini deyirəm. Yaradıcı insan yaradıcılıqla məşğul olanda həyəcanlanır, yeni ideya gəlir, həyəcanlanır və o həyəcanın bioloji impulsları orqanizmi müsbət mənada yükləyir, orqanizmi xəstələnməyə qoymur. Bax, məsələ bundadır. Çoxları başa düşmür bunu. Amma, əlbəttə, söhbət əsl yaradıcılıqdan gedir. 
E.Q. - Deməli buna görə əsl yaradıcı insanlar öz yaşlarından daha gənc görünür, enerjili olurlar. Əsl yaradıcı insanların özlərinin də çox qəribə bir enerjiləri var
Y.O. - Məsələn, Nəriman Həsənzadə, Anar. Onlar yaradıcılıqla məşğuldur, həmin bioimpulsları daxildə orqanizmə verib onu enerjili saxlayırlar. Yaradıcılıq enerji yaradır. Onun qələmindən çıxan özü enerjidir. Məsələn, insanın milyonları var, vəzifəsi var. Vəzifədə olanda top kimidir. Amma vəzifədən çıxarılan kimi xəstələnir. Deməli enerjini itirir. Vəzifə də yaradıcılıqdır. Amma bədii yaradıcılıqda, elmi yaradıcılıqda qorxu yoxdur. O müsbət enerji yaradır. Bəzi  məmurlarda isə yaradıcılıq məsələn, rüşvətə qarışıb mənfi enerji yaradır. Qorxu yaradır. Qorxu hissi artıq onun canına hopur, xəstələnir. Ədəbiyyat, elm, incəsənət isə əsl yaradıcılıqdır. 
E.Q. - Elə bu məqamdan növbəti suala keçid alaq. Sizin yaradıcılığınızın müxtəlif aspektləri var. Qələminizi tarixi romanlarla yanaşı nəsrin felyeton, esse, povest janrlarında, poeziyada, dramaturgiyada da sınamısınız. Amma nədənsə Yunus Oğuzu məhz tarixi romanlar müəllifi kimi tanıyırlar. Ya da Yunus Oğuz məhz bu cür tanınmaq istəyib. Niyə? 
Y.O. - Ədəbiyyatımızda bir müddət tarixi romanlar yox dərəcəsində idi. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tarixi romanı yox idi. Olanlar da sovet şinelindən çıxmışdı. Amma yeni dövrdə real tarixi mövzular qoymaq lazım idi. Mən tarixi mövzulara, ümumən ədəbiyyata niyə keçdim? Elmi tarixi ədəbiyyatla bədii ədəbiyyat arasında çox sərhəd var. Elmdə deyə bilmədiyini bədii ədəbiyyatda deyə bilirsən. Düşünürəm ki, səbəbin biri bu idi. Digər tərəfdən elmdə postulatlar var, yəni elm klassik cəhətdən postulatlar deməkdir. Sənin dediyin fikri dünya qəbul edəcəkmi? Dünyanı qoyaq kənara, özümüzdə akademiyada gətirdiyin fikri qəbul edəcəklərmi? Yəni bir yenilik ortalığa atanda gərək onu sübut edəsən. Çünki biz  azad elmi tarixi ədəbiyyatımızı hələ tam şəkildə yaratmamışıq. İndi-indi yaranır bu milli tarixi ədəbiyyat. Hələki elmdə ilk növbədə Qərbi Azərbaycan tarixi ədəbiyyatımızı yaradırıq. Amma burada əsas məqam budur:  həm əsl milli tarixini göstərməlisən, həm də bu tarixin kütləvi oxucusu olmalıdır. Kütləvi oxucu isə yalnız bədii ədəbiyyatdadır. Elmi ədəbiyyat nümunəsini 100 nəfər oxuyar. Bir kitabını çap edərsən, paylayarsan oxunar. 10-15 il sonra bir kitab da çap edərsən. Belə olanda ömür gedir, missiya isə tamamlanmır. Amma bədii ədəbiyyatda qələmin elə bil meydanda qladiatordur. Qılıncını hara çalırsan çal, hər yer döyüş meydanıdır. 
E.Q. - Mən sizin stolunuzun üstündə bir kitab görürəm. Lev Qumilyovun "Etnosun coğrafiyası tarixi dövrdə" kitabı. Bu kitabı mütaliə edən yazıçıya bir sual ünvanlanamq istəyirəm: Yunus Oğuzun romanlarının zaman və qəhrəman seçimi hansı meyara əsaslanır? Niyə məhz bu qəhrəmanlar, niyə məhz bu tarixi dövr? Bunu öncədən plan kimi qarşınıza qoyur, müəyyənləşdirirsiniz, yoxsa ideya, fikir kimi yaranır? 
Y.O. - Yalnız zaman yox, həm də məkan faktoru var. Bəziləri fikir kimi, bəziləri öncədən düşünülərək yaradılır. Əslində mən öz keçmişimi bilmək istəyirəm. Xalqımıza da keçmişimizi göstərmək istəyirəm. Bizim keçmişimiz nədir, necədir, hansıdır? Keçmişinə  daş atanın  gələcəyini  topa tutarlar. Keçmişi olmayanın tarixi təkrar olunur.  
E.Q. - Yəni tamamlanmayan təkrar olunur, dairə mütləq qapanmalıdır. Dairə qapanana qədər həmin məqam təkrar olunur. 
Y.O. - Qumilyov da məhz onu yazır. Hər millətin tarixi ziqzaq kimi 800-1300 ildən bir təkrar olunur. Xalqın qalxma dövrü var, enmə dövrü var. Qalxmadan sonra yeddi il qomestaz halına düşür, ondan sonra memorial başlayır. Memuar yazmağa başlanılır. Keçmişini, tarixini  yazmaq, əlbəttə, lazımdır. Amma millət özünü təmizləyə-təmizləyə, çalxalana-çalxalana gedir axı. Yenisi gəlir. 4 il bundan qabaq kim deyə bilərdi ki, heç kimin gözləmədiyi halda 27 sentyabrda başlanan  44  günlük müharibə olacaq. Təmizləmə gəlir və yenidən xalqda qalxma gedir. O qalxmaya hazır olmaq lazımdır. Bu hazırlığın da əsası elmdir. 
E.Q. - Və ədəbiyyat. Ədəbiyyat da hazırlamalıdır axı. 
Y.O - Ədəbiyyat vətənpərvərliyi hazırlayır, təbliğatı hazırlayır. Amma bunların hamısı ideologiyadır, qalxma fazasından düşmə fazasına qədər. Mən onun kitabını da yazmışam. 
E.Q. -  "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" 
Y.O. - "Türkün tarixinə yeni bir baxış" da var. 
E.Q. - Mən "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında"  kitabınızı oxuyandan sonra nəinki cəmiyyətin, tarixin qanunauyğunluqlarını, hətta insanların motivlərini belə fərqli aspektdən başa düşdüm. Passionarlıq məhz həmin o enerji məsələsidir. 
Y.O. - Bitkilərin ömür dövrü var. Sikl deyirlər. İnsan da, etnos da məhz o cürdür. E.ə. II - III minillikdə turuklar adlı etnos yaşayıb. Turuk dövləti, Turukki deyirdilər. Amma əslində onlar indiki türklərin prototürkləridir. O etnos dövr edib bu günə qədər belə gəlib çatıb. Turuklarla müasir türklər  arasında saysız-hesabsız türk etnosu var idi. Hər dəfə yaranan dövlətin adını öz etnoslarının, yaxud sülalənin adı ilə adlandırırdılar. Bununla da məsələ bitdi. Tariximiz qarışdı. Tarix qarışandan sonra səni məhv etməyə nə var ki?! Amma bunu tarixi ədəbiyyatda saxlasan itməz. Məsələn, "Əmir Teymur" romanımda Əmir Teymur  İbn Xaldundan soruşur ki, bizim tariximiz hansıdır. Əsərdə İbn Xaldunla Əmir Teymurun  görüşünü məxsusi vermişəm. Xəzər xaqanı İosifin ispan kralına göndərdiyi "Biz burada on türk tayfası yaşayırıq. Bizim kökümüz Nuhun oğlu Yafəsə gedib çıxır" cümlələri yazılan məktubu da vermişəm. Bu tarixi demək lazımdır. Bu tarixi məqamlar elmidir. Mənbələr  var. Amma bunu bədii ədəbiyyatla demək lazımdır ki, sadə insanlar da bilsinlər. Məsələn, həmin romanda  bir məsələ də var: Səmərqənd niyə paytaxt seçildi? Romanda belə gedir: Makedoniyalı İsgəndər də bu şəhərə hücum edib, Səmərqənd Əfrasiyabın da paytaxtı olub. Yəni bədii əsərdə sən kodları qoyursan. Kodu qoyandan sonra tarixi bədii əsərlə geniş kütləyə çatdırmaq asandır. 
E.Q. - Siz "Attila" əsərinizdə də Qarabağ atları məsələsini kod kimi qoymusunuz. Qarabağın tarixini Attilanın dövründən başlayırsınız. Yəni ki, o vaxtdan Qarabağ türk yurdudur. 
Y.O. - Təbii, əslində elə də olub. Amma uzun müddət ərzində bədii ədəbiyyatı da, elmi ədəbiyyatı da kim necə istəyir, elə də yazıb. Məsələn, sovet dövründə bizim nəsli kosmopolit böyüdürdülər. Hara getdiyini bilməyən adamlar kimi. Amma qarşıda hədəf olmalıdır. Bir insanın gərək mütləq hədəfi olsun. Sovet dövründə çox insanın  hədəfi Moskvaya yarınmaq idi. Hədəfi  bəlli  olmayan  insan yolda büdrəyər. Bir insanın elə gözəl ideyaları, hədəfləri ola bilər ki, toplum onu öz hədəfi kimi qəbul edər. İnsan öz hədəfini topluma elə gözəl çatdıra bilər ki cəmiyyətin, dövlətin hədəfinə çevrilər. Məsələn, cənab Prezidentin Qərbi Azərbaycan hədəfi. Cəmiyyət tərəfindən qəbul edildimi? Edildi! Artıq dövlətin hədəfinə çevrildimi? Çevrildi! Bəzən insanlar deyirlər, mən özüm üçün yazıram. Özün üçün yazmırsan. Məsələn bu yaxınlarda yazdığım şeir: 
-Tanrı belə buyurdu,
Mən də sözdən doğuldum. 
Yandım, yandım kül oldum,
Sonra közdən doğuldum. 
Yəni bu məhz mənə aiddir. Əslində mənim kimi insanların cəmiyyətin aşağı təbəqəsindən çıxıb yuxarı təbəqəsinə, yəni ədəbiyyat təbəqəsinə gəlməsi çox çətindir. Mən genetik yaddaşa inanıram. Fikirləşirəm ki, hardasa bizim Şamaxıdakı nəsil  köklərimizdə Şirvani, Nəsimi, Sabir ilə bağlılıq var. Amma onlardan uzaqlaşmışıq. Amma nəsildən  kimdəsə o yaddaş oyanır. Yəni 500 il bundan qabaq təsəvvür edin ki, etnososial  psixologiyada rüşvət almaq var idisə, özbaşınalıq var idisə, hər oba,  hər boy bir padşaha qarşı çıxa  bilərdisə, XX əsrdə bu 1992-ci ildə ortaya çıxdı,  hərə bir dəstə yaratmağa başladı. 
E.Q. - Deməli siz ruhun reinkarnasiyasına inanırsınız...
Y.O. - Bəli.
E.Q. - Buna görə də sizin bir çox əsərlərinizdə Murad obrazı var. Müxtəlif tarixi dövrlərdə bu obraz iştirak edir. Siz onun adını saxlamaqla oxucuya mesaj verirsiniz ki, bu məhz həmin ruhdur. 
Y.O. - Təkcə o deyil. Yalnız ruhun reinkarnasiyası haqqında mesaj vermirəm. Burada şəxsən mənə aid bir məqsəd də var. Siz tədqiqatçı kimi yazırsınız ki, Yunus Oğuzun bir neçə əsərində Murad obrazı var. Kimsə həmin tədqiqatı oxuyur. Oxucu sizin yazınızı oxuyubsa, o biri Muradları da əsərlərimdə axtarıb tapacaq. Bununla da mən sikli başa çatdırmış olacağam. Bütöv bir minillik tarix yazmağı düşündüm, yazdım. Ortada bir Qacar obrazı qalıb. Qacara da əslində "Cığır"da toxunmuşam. Amma mənim üçün əsas Toxtamışla Əmir Teymur xətti qalıb. Bütövlükdə türk dünyasını, Turanı  əhatə edən bir əsərin əsasında duracaq xəttdir bu. 
E.Q. - Sultan Bəyazid və Teymur xətti də var. 
Y.O.- Sultan Bəyazidi "Əmir Teymur" romanında vermişəm. 
E.Q. - Ayrıca xətt kimi götürmək istəmirsiniz?
Y.O. - Yox. Kim Turan yaratmaq istəyibsə, o hökmdarları əsas xətt kimi götürürəm. Sonuncu dəfə Nadir şah Turan yaratmaq istəyib. Əmir Teymur Turan yaradıb. Çingiz xan Turan yaradıb. İndi də yenidən Turan qurulur. Dünya bizə buna görə basqı edir. Turanın yaradıldığını başa düşürlər. 
E.Q.- Prezident  İlham Əliyev inaqurasiya mərasimində də dedi ki, bizim ailəmiz türk dünyasıdır. 
Y.O. - Bəs bu Turanın yaranmasıdır da. Biz Əfrasiyaba qayıdırıq. Bu dəfə daha yüksək səviyyədə, daha güclü qayıdırıq. 
E.Q. - Deməli artıq azərbaycançılıq yox, türkçülük əsas xəttimizdir. 
Y.O. - Azərbaycançılıq  dövlətimizin  içindədir. Bədii ədəbiyyatdan bir az kənara çıxacağıq, amma bu oxucular üçün vacibdir.  İmperiyaların üç növü var. Birincisi: getdim, tutdum, aldım, mənimdir: Roma İmperiyası, Sasanilər, Qızılbaşlar. İkincisi federal imperyalardır. SSRİ kimi mərkəz - vassal sistemi. Nadir şahın imperiyası da   belə idi. O cür böyük  imperiyanı idarə etmək mümkün deyil, mütləq üsyanlar olacaq. Əmir Teymurun imperiyasında üsyanlar demək olar ki, olmayıb, çünki o  daha ağıllı idi. Mərkəzi Asiyanı birbaşa imperiyasına qatmadı. Çingiz xanın nəslindən iki qız götürdü. Birini özü aldı, o biri ilə də oğlunu evləndirdi. Üçüncü növ imperiya isə maliyyə imperiyasıdır. Gələcəkdə türk dövlətləri birləşib sıradan bir imperiyaya çevrilsə, onu  saxlamaq, idarə etmək olmaz. Amma iqtisadi imperiya kimi mövcud ola bilər. Artıq Turan iqtisadi sistemi yaranıb: Türk Dövlətləri Təşkilatı. Turan üçün  birinci bağ ədəbiyyat olmalıdır. Mənəvi-elmi-bədii bağ olmalıdır. "Nadir şah" romanımda bu məsələyə toxunmuşam. Nizamülmülklə Hindistanda görüşən Nadir şah deyir ki, mən Turan yaradıram. Tarixdə bu söhbət olmayıb. Bu mənim ideyamdır, bədii əsərə daxil etmişəm. Nizamülmülk deyir ki, sənin əsgərlərin sənin uğrunda vuruşur, bəs Turan üçün nə qədər vuruşa bilər? Nadir şah "Turan üçün qılıncım hazırdır" deyəndə Nizamülmülk deyir ki, Turan üçün qılınc birinci deyil. Birinci beyinlərə Turan ideyası aşılanmalıdır. Bunun elmi olmalıdır. Təbii, həmin dövrdə bu elm, ideya kimi formalaşmamışdı, belə söhbət ola bilməzdi. Amma bədii mətndə sən yazıçı kimi  ideyanı atırsan. Yəni elmsiz Turan olmaz, bədii ədəbiyatsız Turan olmaz.
E.Q. - Tarixi romanlardan danışdıq, ideologiyadan danışdıq. İndi esse və felyetonlarınızdan danışaq. Mənim fikrimcə, bu xətt poeziya xəttinizdən daha aktivdir.
Y.O. - Əslində poeziya da çoxdur. Özüm üzə çıxarmıram.
E.Q. - Ola bilər. Mən axırıncı dəfə mətbuatda Ali Baş Komandana həsr edilmiş "Dövlət bizik" şeirinizi oxumuşam. Daha sonra mətbuatda poetik nümunənizə rast gəlməmişəm. 
Y.O. - Ondan sonra da poetik nümunələr yaranıb. Özüm üzə çıxarmıram. Poeziyada məndən nəhənglər var. 
E.Q. - Mən buna görə bayaq qeyd etdim ki, Yunus Oğuzun yaradıcılığı çoxxətli olsa da əsas vurğulanan məqam tarixi romanlardır. 
Y.O. - Bəli, tarixi romanlar mənim sahəmdir. Ardıcıl olaraq bu janrda yazıram. Min illik tarixi yazmışam: Sultan Alp Arslandan başlamışam, "Cığır"da bitirmişəm. "Attila"nı qoyuram kənara.
E.Q. - "Attila" başqa xəttdir.
Y.O. - "Attila" ilə "Alp Arslan"nın arasında boşluq var. Onu başqa müəlliflər də doldura bilər. Alban tarixi, Cavanşir, Babək var. Bunlardan yazmaq lazımdır.
E.Q. - Cavanşirlə bağlı bədii əsər var.
Y.O. - Var. Amma nə zaman yazılıb? 
E.Q. - Bəli, o dövrün ideologiyasına uyğun yazılıb. 
Y.O. - Bu kitaba baxın: "Alban tarixi". Kənara qoymuşam. Vaxtım olanda hökmən başlayacağam. 
E.Q. - Alban tarixi ilə bağlı heyf ki, elə bir dəyərli bədii əsər yoxdur. 
Y.O. - Albanlar da bizimkilərdir əslində. Midiya da bizimdir. Amma təəssüflər olsun ki, bizim İslamaqədərki tariximizi elə günə salıblar ki, gözümüzün önündə gürcülər və ermənilər bizim tariximizi oğurlayıb. Mən Mədəniyyət Tv-də "Yaddaş" verilişini aparanda Robertə dedim ki, sən Sankt-Peterburqa yaz, Prezident Aparatına məktub yaz, dövlət xətti ilə alban kilsələrinin arxivlərini alın. Nə yolla olur olsun, alın. Sankt-Peterburqda nə mənbə qalıbsa, heç olmasa onların surətlərini götürün. Təbii, Ermənistan o mənbələri özününküləşdirib, verməyəcək. Amma həmin dövrdə başqa dövlətlərə, o cümlədən Vatikana məktublar yazılıb. Niyə tapmayaq o məktubları? O məktublarda tapacaqsan tarixi. Gürcü arxivlərində də mənbələr var. Biz sadəcə olaraq İslamaqədərki tariximizi indiyə qədər  elə də ciddiyə almamışıq. İslamdan sonra türk xristianlara kafir dedik. Niyə? Sənin adət-ənənələrin eyni, dilin eyni, folklorun eyni, mentalitetin eyni, hətta antropoloji cəhətdən də görünüşün də eyni. Yalnız din fərqlidir. Sonradan çarizm gələndə artıq islam əski tariximizi məhv etmişdi, çarizmə də manqurtluq sərf edirdi. Təsəvvür edin ki, islam ordusu Buxaraya girəndə 10 min alim var idi. Təkcə Buxarada! 12 min də orijinal əlyazma var idi. Ərəblər on min alimi öldürdülər, on iki min əlyazmanı da yandırdılar. Vəssalam, xalqın tarixi izi silindi. Bu izi ədəbiyyatla, elmlə üzə çıxarırıq. Çalışırıq bədii mətndə də  tarixi səhvlərə yol verməyək, əsl tarixi yazaq. 
E.Q. - Siz yaradıcılığınızda  tarixi dövrdən müasirliyə keçid alanda felyeton və esse janrları aktivləşir, burada artıq cari məsələlər gündəmə gəlir.
Y.O. - Söhbətimizin əvvəlində dedim. İnsan mənəvi dünyadan fiziki dünyaya keçir və bu keçiddə insan dəli olmaq səviyyəsinə gələ bilər. Çünki kəskin təzadlar yaranır. 
E.Q. - Tarixi romanlar yazan Yunus Oğuzun mənəvi dünyadan real dünyaya keçidinin kontekstində felyetonlar yaranır.
Y.O. - Yaxşı məqamları görəndə esse yaranır, mənfi məqamları görəndə felyeton. Müşahidəm çox güclüdür. 
E.Q. - Elə bir mövzu varmı ki, onu yazmaq istəyirsiniz, amma yaza bilmirsiniz? Hələ özünüzü hazır hiss etmirsiniz.
Y.O. - Var. O dünya-bu dünya enerjisi ilə bağlıdır. Hər yazıçı qələmi götürəndə mənəvi dünyanın enerjisini yığa bilmir. Haqqında yazdığın dünyanın enerjisini yığmalısan. Mən Tomris haqqında bədii əsər yazmaq istəyirdim. Amma o enerjini yaşaya bilmədim. Yaza bilərdim, amma nəticədə quru, sxematik bir əsər alınacaqdı. 
E.Q. - Bəzən tarixi mövzuya həsr edilmiş əsərlərdə cari həyatın enerjisi o qədər güclü olur ki, oxucu o əsərə, əsərin qəhrəmanlarına inanmır. 
Y.O. - Məndən bir neçə dəfə soruşdular ki, sən minillik tarix yazırsan, amma əsərlərində bir dənə köhnə söz, arxaizm yoxdur. Niyə? Dedim mən bu romanı yazandan sonra aparıb Əmir Teymura, Alp Arslana, Nadir şaha verəcəyəm ki, oxuyun? Mən keçmiş üçün yox, gələcək üçün yazıram. İndiki və  gələcək oxucular başa düşsünlər. Əmir Teymur tarixi yazmağı tapşırdığı Şərafəddin Şamini Qarabağda qışlaqda olarkən çağırır ki, oxu görüm nə yazmısan? Şərafəddin Şami oxuyur. Əmir Teymur hiddətlənir ki, sən nə yazmısan? Bunu mən başa düşmürəm, sadə xalq necə başa düşəcək? Əmir Teymur salnaməni xalq üçün yazdırırdı. Mən də elə bir akademik üslubda bədii əsər yaza bilərəm. Buna potensialım var. Lakin həmin qəliz əsəri heç kim başa düşməzdi. 
E.Q. - Gələcəkdə süni intellekt dövrü olacaq. Süni intellekt bədii əsər də yaza bilir. Süni intellektin hökmran olacağı dünyada ədəbiyyata ehtiyac qalacaqmı? 
Y.O. - Əlbəttə, ədəbiyyata hər zaman ehtiyac olacaq. 
E.Q. - Yəni gələcəkdə bəşəriyyət tam robotlaşmayacaq? Hələ duyğulara, mənəvi aləmə ehtiyac olacaq?
Y.O. - Sovet dövrünə dair bir əhvalat danışım. Deməli, Karl Marksa bənzəyən, onun kimi saqqal buraxıb, saqqalını o şəkildə düzəltdirən bir çəkməçi olur, bazarda oturur.  Sovet dövründə birinci katiblərin kabinetində həmişə Marks, Engels və Leninin şəkli asılırdı. Birinci katibin köməkçisi hər dəfə həmin bazardan keçəndə elə bilir ki, məhz Karl Marks o küncdə oturub. Köməkçi gəlib bu oxşarlıq barədə katibə danışır. Katib çəkməçini çağırır. Deyir ki, çəkməçinin Karl Marks kimi görünməsi doğru deyil, saqqalını qırx. Çəkməçi deyir: yoldaş katib, tutaq ki, saqqalımı qırxdım, bəs Karl Marksın beynimdəki fikirlərini necə edim? İndi süni intellekt sevgini hara qoyacaq, duyğunu hara qoyacaq, qəzəbi hara qoyacaq, insana xoş münasibəti hara qoyacaq, şadlıq saraylarındakı toy sevincini hara qoyacaq? Bəs süni intellekt insanın əzizinin dünyasını dəyişməsindən doğan ağrını, kədəri hara qoyacaq? Əlbəttə, süni intellekt bizə kömək edəcək, kosmosda bəşəriyyətə lazım olacaq. Amma süni intellekt insanın yerini verə bilməz. İnsan süni intellekt üçün Allah olacaq.  Allah bizi yaradıb, biz də süni intellekti yaradıb onun Allahı olacağıq. 
E.Q. - Gənc yazıçılara nə tövsiyyəniz var? Siz bu yolun bütün acılı-şirinli məqamlarını keçmisiniz. Artıq elə bir səviyyədə, zirvədəsiniz ki, yeni gələn nəslə öz tövsiyyələrinizi vermək haqqını qazanmısınız. 
Y.O.- Təbii ki, birinci növbədə qarşılarına hədəf qoysunlar. Hədəfə çatmaq üçün də hökmən oxumaq lazımdır. Məntiqə, qeyri-səlis məntiqə diqqət yetirmək lazımdır. Son dövrlərdə yazılan bir sıra poetik nümunələrimiz var ki, qeyri-səlis məntiqə əsaslanır. Yazanlar özləri bunu bilmirlər. Amma çox oxusalar, çox öyrənsələr nə yazdıqlarını və nə yazmalı olduqlarını biləcəklər. Bir məqam da var: şöhrətə çox can atmasınlar. İlk tarixi romanımı  - "Nadir şah" romanını 47 yaşımda yazmışam. Mən də daha tez roman janrına müraciət edə bilərdim. 20 ildən çox tarixi oxudum, araşdırdım, qeydlərimi apardım. "Attila"dan sonra zamanı gəldiyini görüb roman qələmə aldım. Fitri istedadın ola bilər, bədahətən şeir deyə bilərsən. Amma cəmiyyətdə itməmək üçün hökmən o yolları keçməlisən. Sən cəmiyyətin bir parçasısan. İctimai yol keçməlisən, dövlətini sevməlisən, ailə yolunu keçib ailənin müqəddəs olduğunu da anlamalısan. Bu məqamları keçməsən, bir də görəcəksən ki, quyunun dibindəsən. Yəni sənin artıq cəmiyyətə nə isə vermək imkanın olmayacaq.  
E.Q. - Mən  söhbətdən məmnun qaldım.
Y.O.-Mən  də.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ