SON DƏQİQƏ

Slovakiya Prezidenti Azərbaycana gəlir

Tarix:

Bu gün, 18:54

/ 2 996 dəfə oxundu.
Slovakiya Prezidenti Azərbaycana gəlir

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.

GunAz.az xəbər verir ki, bu barədə Slovakiya Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər ötən ilin dekabrında Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfərinin davamı kimi qiymətləndirilir.

Məlumata görə, Prezident Pelleqrinini səfərdə Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay-Eştok, həmçinin Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir müşayiət edəcəklər.

Slovakiya Prezident Administrasiyasının məlumatına görə, səfərin əsas hissəsi iyulun 14-də Qarabağda Prezident İlham Əliyevlə keçiriləcək görüş olacaq.

Görüşdə əsasən enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Slovakiyanın ixracının dəstəklənməsi, sənaye və texnoloji əməkdaşlığın inkişafı, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Liderlər həmçinin Slovakiya şirkətlərinin münaqişədən zərər çəkmiş ərazilərin bərpası və inkişafı layihələrinə cəlb olunması imkanlarını nəzərdən keçirəcəklər.

Səfər çərçivəsində Prezident Peter Pelleqrini Ağdam rayonuna da gedəcək. O, Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi ilə tanış olacaq, həmçinin general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

İyulun 15-də isə Slovakiya Prezidenti Bakıda Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək. O, həmçinin Azərbaycanda Apostol prefekti kimi fəaliyyət göstərən Vladimir Fekete ilə bir araya gələcək.

Peter Pelleqrini Şəhidlər Xiyabanını ziyarət edərək əklil qoyacaq, həmçinin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edəcək.Prezidentin Bakıya səfəri çərçivəsində Slovakiya-Azərbaycan Biznes Forumu da keçiriləcək. Forumda Slovakiya iş adamları iştirak edəcək. Tədbirin məqsədi ticarət əməkdaşlığını genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətini dəstəkləməkdir.

Slovakiya Prezident Administrasiyasından verilən məlumata görə, Bratislava ilə Bakı arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, innovasiya, nəqliyyat və texnoloji tərəfdaşlıq kimi strateji əhəmiyyət daşıyan sahələrdə münasibətlərin inkişafını təsdiqləyir.
скачать dle 12.1

Şərhlər