
"Üçüncü dəfə iştirakımda 80 bal topladım, bu nəticəni təcrübəm və hazırlığımın bəhrəsi hesab edirəm".
GunAz.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 80 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Lamiyə Əliyeva azedu.az-a açıqlamasında bildirib.
"Bakı Qızlar Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunuyam. Magistr təhsilim yoxdur.
Bu, MİQ müsabiqəsində üçüncü iştirakım idi. Birinci dəfə 52, ikinci dəfə 72, bu il isə 80 bal topladım.
Nəticəmi əvvəlki illərlə müqayisədə daha uğurlu hesab edirəm.Kurikulum sualları mənə əvvəlki illərlə müqayisədə daha rahat gəldi. Azərbaycan dili və riyaziyyat sualları da ümumilikdə asan idi.
Xüsusilə Azərbaycan dili bölməsində mətnlər qısa olduğuna görə sualları rahat cavablandırdım. Riyaziyyatda isə yalnız bir sual üzərində daha çox vaxt itirdim.İmtahanı vaxtından əvvəl başa vurduğum üçün cavablarımı yenidən yoxlamaq imkanım olmadı.
Buna görə də hansı suallarda səhv etdiyimi bilmirəm.İmtahanın təşkili ilə bağlı heç bir problem yaşamadım. Kompüterlərin işləməsi, nəzarətçilərin fəaliyyəti və ümumi imtahan mühiti məni tam qane etdi.
Düşünürəm ki, bu il əldə etdiyim nəticə daha çox son üç ildə topladığım təcrübə və davamlı hazırlığın nəticəsidir. Açığı, hazırlaşmağıma görə özümdən bir qədər yüksək bal gözləyirdim. Bununla belə, 80 bal da mənim üçün sevindirici nəticədir.
Vakansiya seçimində əsas üstünlüyü Bakı və ətraf ərazilərə verməyi düşünürəm. Bununla yanaşı, doğma rayonum olan Tovuzda uyğun vakansiya olarsa, həmin məktəbləri də seçimlərimə daxil edəcəyəm".































