SON DƏQİQƏ

Qocalığı gecikdirən möcüzəvi qidalar

Tarix:

Bu gün, 08:00

/ 2 345 dəfə oxundu.
Qocalığı gecikdirən möcüzəvi qidalar

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar.
GunAz.az  xəbər verir ki, terapevt və lipidoloq Yelena Sebko Gazeta.ru saytına açıqlamasında bu mövzuya toxunub.
1. Qoz
"Qozun başlıca üstünlüyü tərkibindəki bitkimənşəli omeqa-3 (alfa-linolen) yağ turşularının bolluğudur. Bu komponentlər ürək-damar sistemini qoruyur, iltihaba qarşı mübarizə aparır və beyin fəaliyyətini yaxşılaşdırır. Həmçinin, qozun tərkibindəki polifenollar və antioksidantlar hüceyrələri oksidləşdirici stresin təsirlərindən mühafizə edir", - deyə mütəxəssis vurğulayıb.
2. Badam
Yelena Sebkonun fikrincə, faydalı çərəzlər reytinqində ikinci sıranı badam tutur. "Badam güclü antioksidant kimi tanınan E vitamininin ən zəngin mənbələrindəndir ki, bu da damar, dəri və immunitet sisteminin sağlamlığı üçün çox vacibdir. Eyni zamanda, badam əzələ və sinir sisteminin işini tənzimləyən, arterial təzyiqi normada saxlayan maqneziumla doludur. Tərkibindəki lif və zülal bolluğu sayəsində toxluq hissi yaradır, bu isə çəkisinə diqqət edənlər üçün xüsusilə əhəmiyyətlidir", - deyə həkim əlavə edib.
3. Püstə
Siyahının üçüncü pilləsində püstə qərarlaşıb. "Digər çərəzlərlə müqayisədə püstə daha az kalorilidir, lakin kalium, lif, zülal və gözləri qoruyan karotinoidlər (zeaksantin və lutein) ilə zəngindir. Tədqiqatlar sübut edir ki, püstəni müntəzəm olaraq rasiona daxil etmək qanda xolesterin səviyyəsini normallaşdırır və ürək-damar xəstəliklərinin yaranma ehtimalını aşağı salır", - deyə lipidoloq qeyd edib.
4. Fındıq
Həkim reytinqin dördüncü yerini fındığa layiq görüb. "Fındıq E vitamini, manqan, mis və mono-doymamış yağ turşuları ilə doludur. Bu tərkib sinir sisteminin, qan damarlarının və birləşdirici toxumaların sağlam qalmasını təmin edir", - deyə Y. Sebko bildirib.
5. Braziliya qozu
Ən xeyirli beş çərəzin siyahısını Braziliya qozu yekunlaşdırır. "Onun ən böyük özəlliyi tərkibindəki rekord miqdarda seleniumdur. Bu vacib mikroelement qalxanvari vəzin və immun sisteminin düzgün işləməsi üçün mütləqdir. Lakin bu çərəzdən istifadə edərkən diqqətli olmaq lazımdır: seleniumun normadan artıq qəbulu zərərli ola biləcəyi üçün gün ərzində 1-2 ədəd yemək tamamilə bəs edir", - deyə terapevt xəbərdarlıq edib.
Mütəxəssis sonda xatırladıb ki, bütün növ çərəzlər yüksək kalorili qidalar sırasındadır. Bu səbəbdən gün ərzində tövsiyə olunan ideal miqdar təqribən 25-30 qram, yəni kiçik bir ovuc qədərdir.
скачать dle 12.1

Şərhlər