SON DƏQİQƏ

Ermənistan prezidenti kim olacaq?

Tarix:

31-01-2022, 19:48

/ 1 282 dəfə oxundu.
Ermənistan prezidenti kim olacaq?

Məlumdur ki, yanvarın 23-də Ermənistan prezidenti A.Sarkisyan istefa ərizəsini yazdı və bu addımını ölkənin daxili və xarici problemlərinin həllində iştirak imkanının olmaması ilə əlaqələndirdi. Ancaq təəccüblü idi ki, bu səlahiyyətlərlə 3 ildən artıq fəaliyyət göstərən dövlət başçısı nədənsə yalnız indi konstitusiyada yazılan müddəaların mahiyyətini anladı, hüquqlarının az olduğu qənaətinə gəldi və getmək barədə qərar verdi. Təbii ki, həm ölkə daxilində, həm də xaricdə bu izahat inandırıcı sayılmadı və istefanın əsil səbəbi barədə müxtəlif versiyalar ortaya atıldı. Onun xarici ölkə vətəndaşı olması faktını gizlətməsindən tutmuş Baş nazir N.Paşinyanın müəyyən xarici qüvvələrin vasitəsilə onu bu addımı atmağa məcbur etməsinə qədər kifayət qədər inandırıcı iddialar irəli sürüldü.

Bir şey aydındır ki, qərbin və Rusiyanın dəstəyini arxasına alan Baş nazir bu addımın atılmasında və Sarkisyanın istefa verməsində hamıdan daha artıq maraqlıdır. Qarşıda onu son dərəcə mühüm qərarların verilməsi, ciddi addımların atılması gözləyir. Söhbət həm yeni konstitusiyanın qəbulundan, həm Türkiyə ilə münasibətlərin normallaşmasından,   həm də Azərbaycanla mühüm razılaşmaların əldə olunmasından gedir. Təbii ki, bu addımları atmaq o qədər də asan olmayacaq. Çünki, Ermənistan cəmiyyətində və parlamentdə bu addımların atılmasını qətiyyən qəbul etməyən qüvvələr var. Ancaq dövlət başçısının bu mühüm qərarlara müxalifət mövqeyində durması vəziyyəti kifayət qədər ağırlaşdıra və bəzi qərarların verilməsinə mane ola bilər.

Yeni prezident kim olacaq? Parlamentdə qüvvələr nisbəti ilk iki turda həm müxalifətin, həm də hakimiyyətin namizədinin seçilməsini qeyri-mümkün edir. Bunu nəzərə alıb, iqtidar-müxalifət müzakirələri keçirib, heç bir partiyanın üzvü olmayan, nüfuzlu bir şəxsin namizədliyi barədə razılığa gəlmək olardı. Ancaq bu variant nə N.Paşinyanı, nə də onun xarici dəstəkçilərini qətiyyən qane edə bilməz. Bu səbəbdən, yeni prezidentin Baş nazirin komandasına daxil olan olan, onun tabeliyində işləmiş şəxslərdən birinin olacağı şəksizdir.

 Hələlik, iki şəxsin namizədliyi barədə KİV-də müəyyən iddialar səslənib. Əvvəlcə, Baş nazir aparatının rəhbəri A.Arutyunyanın hakim partiyanın namizədi olacağı barədə məlumat yayılıb və cəmiyyətin müəyyən hissəsi bunu kəskin narazılıqla qarşılayıb. Bundan sonra, iddia olunub ki, hakim "Vətəndaş müqaviləsi” partiyasının rəhbərliyi dar çərçivədə bu məsələni yenidən müzakirə edib və bu dəfə Yüksək texnologiyalı sənaye naziri V. Xaçatryanın namizədliyi məqbul sayılıb.

Bununla belə, Ermənistanda prezident seçkilərinə qədər hələ yeni namizədlərin ortaya çıxma ehtimalı kifayət qədər güclüdür və heç kimin güman etmədiyi bir namizədin verilməsi və seçilməsi tamamilə mümkündür. Bir şey aydındır ki, yeni prezident N.Paşinyanın iradəsinə qarşı çıxmayan və onun verdiyi qərarları tərəddüd etmədən dəstəkləyən bir şəxs olacaq.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri.

скачать dle 12.1

Şərhlər