SON DƏQİQƏ
» » Adlarını milli qoyanlar antimilli fəaliyyətlə məşğuldur

Adlarını milli qoyanlar antimilli fəaliyyətlə məşğuldur

Tarix:

12-01-2021, 08:56

/ 3 803 dəfə oxundu.
Adlarını milli qoyanlar antimilli fəaliyyətlə məşğuldur

Partiya sədri: "Gənc nəsil xaricin verdiyi "sədəqə qrantlar” müqabilində öz dövlətində erməniçilik edənləri tanımalıdır”

"Hər bir müxalif partiya hakimiyyətə gəlmək iddiasını ortaya qoya bilər. Amma bu iddia dövlət və xalq maraqlarından üstün olmamalıdır”.

Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, xüsusən dövlətlə dialoqa getməkdən imtina edən bir qrup müxalifyönlü dəstələrlə bağlı prezident İlham Əliyevin nitqində söylədiyi fikirlər əslində gənclərə bir mesaj kimi dəyərləndirilməlidir: "Bilirsiniz ki, iqtidarla dialoqlardan imtina edən dəstə zaman-zaman gəncləri öz maraqlarında istifadə edir, onları yalnış yola sövq edirlər, Onların taleyi ilə, təhsili ilə oynayırlar. Bu günə kimi həmin müxalif dəstənin istiqamətləndirdikləri və ya yönləndirdikləri gənclərin bir çoxu sövq edildikləri qanunsuz işlərdən dolayı azadlıqdan məhrum edilməklə üz-üzə qalıb. Amma sual edək ki, onların hansı birinin taleyi ilə maraqlanıblar? Təbii ki, heç biri ilə. Çünki həmin müxalif dəstəni xalq yox, sadəcə hakimiyyətə gəlmək maraqlandırır".

Ə.Kazımova bildirib ki, həmin müxalif dəstənin dövlət daxilində yürütdükləri məkirli siyasət müharibə dövründə də müşahidə edildi: «50 dən çox partiya birgə bəyanat, beynəlxalq təşkilatlara etirazlar edərkən belə, həmin müxalif düşərgə səssiz qaldı. O zaman sual edirəm, Azərbaycana ikili standartlardan baxan beynəlxalq təşkilatlarla dövlətdaxili bir qrup xain müxalif dəstənin fərqi nədir? Adlarını milli şura qoyublar, amma antimilli fəaliyyətlə məşğuldurlar! Hər bir müxalif partiya hakimiyyətə gəlmək iddiasını ortaya qoya bilər. Amma bu iddia dövlət və xalq maraqlarından üstün olmamalıdır». Partiya sədrinin sözlərinə görə, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır: «Gənc nəsil kimin Azərbaycan torpaqlarını geri qaytardığını bilməlidir, işğalçı Ermənistanı da tanımalıdır. Özünü müxalif düşərgə adlandıran, amma xaricin verdiyi "sədəqə qrantlar” müqabilində öz dövlətində erməniçilik edənləri də tanımalıdır. Ermənilər necə Paşinyandan utanırsa, inanın ki, biz də aramızda belə, xain xislətli, Paşinyan təfəkkürlü insanların özlərini müxalif adlandırmasından utanmalıyıq. Hər kəs iqtidarla uzlaşmaq məcburiyyətində deyil. Cənab Prezident ölkədə mütləq demokratiyanın əsasını qoyub. Dialoqa dəvət olunur hər bir partiya, heç kim məcburi cəlb edilmir. Ötən il bir neçə partiya qeydiyyata alındı. Heç bir partiyanın qarşısında "dialoqa qatılmalısan” kimi şərt belə qoyulmadı. Dialoq çərçivəsində hakim dairə müxalif yönlü partiyaların, xüsusən parlamentdə təmsil oluna bilməyən partiyaların dövlət idarəçiliyində təklif və istəklərini dinləmək üçün bir platformadır. Bundan imtina edən bir partiyanın fəaliyyəti sizcə nədir ki, o bu platformada iştirak etməkdən çəkinir? Partiya sadəcə hakimiyyətə gəlmək üçün var olmur axı. Partiya fəaliyyəti boyunca hansı xeyirli və faydalı təkliflərlə çıxışları olub axı? Bu gün əfsuslar olsun ki, partiyalar öz fəaliyyətlərini sadəcə seçkidən-seçkiyə öz namizədləri ilə nümayiş etdirə bilirlər. Geridə qalan zamanı dəyərləndirmirlər. Müxalif düşərgə nə edir? Bu günə kimi nə edib axı? Xaricdən qrant alırlar, adını qoyublar ki, guya beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər».

Ə.Kazımova əlavə edib ki, bu günə kimi həmin müxaliflərin beynəlxalq təşkilatlarda ermənilərə qarşı heç bir çıxışı olmayıb: «Bunlar bu təfəkkürləmi dövləti idarə etmək istəyirlər? Allah göstərməsin, eynən Paşinyanla Ermənistanın aqibəti necə oldusa, bizim də aqibətimiz elə olardı… Bu təfəkkürlə nəinki hakimiyyəti təmsil etmək, müxalif düşərgəni belə təmsil etmək utancvericidir”.

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər