
Azərbaycan Respublikasının Prezidenti bu gün dünyada tanınmış, ən nüfuzlu dövlət xadimlərindən biridir. Bu gün əksər siyasi xadimlər Prezident İlham Əliyevin uğur formulunu nümunə kimi göstərir, Azərbaycan təcrübəsinə istinad edirlər.
Müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirmişdir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır.
Azərbaycanın inkişafında mühüm rol oynayan cənab Prezident İlham Əliyevin liderliyi altında ölkəmiz sosial-iqtisadi, siyasi və mədəni sahələrdə böyük nailiyyətlər əldə edib. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya miqyasında nüfuzunu artırmış və xalqın rifahını yüksəltmək üçün genişmiqyaslı layihələr həyata keçirmişdir.
Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla icrası nəticəsində Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf edir. İnfrastruktur layihələri, sənaye parkları və kiçik sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlər əldə olunub.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır. Qarabağın azad edilməsi ilə başlanan yeni mərhələ ölkəmizin gücünü və qətiyyətini bir daha göstərdi.
Sosial layihələr, minimum əmək haqqının və pensiyaların artırılması, təhsil və səhiyyə sahəsindəki islahatlar, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 21 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü.
Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
Azərbaycanın bugünkü uğurları məhz cənab Prezident İlham Əliyevin müdrik və ardıcıl siyasətinin nəticəsidir. Bu inkişafın davamlı olması üçün biz də xalq olaraq həmrəylik nümayiş etdirməli, dövlətimizə dəstək olmalıyıq.
Türkanə Mübariz