SON DƏQİQƏ

Böyük qələbəmizin MEMARI

Tarix:

7-04-2023, 10:53

/ 3 461 dəfə oxundu.
Böyük qələbəmizin MEMARI

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevin SİA-ya müsahibəsini təqdim edirik

- YAP Qaradağ rayon təşkilatı hansı layihələri həyata keçirir?

- Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabr ayında yaranıb. Ondan bir müddət sonra 1993-cü ilin mart ayında isə YAP Qaradağ rayon təşkilatı yaradılıb və bununla da ilk yaradılan təşkilatlardan birinə çevrilib. Lakin 30 il müddətində bir çox böyük işlər görülməsinə baxmayaraq, partiyada görülməli olan işlər də çoxdur. Bir müddət YAP-a qəbul sürətli şəkildə getdiyindən, seçimlərə çox ciddi diqqət edilmirdi. Bunun nəticəsində bir çox insanlar partiya sıralarına daxil olsalar da, sonradan əlaqəni kəsiblər. Ümumən YAP-da partiyanın yeddinci qurultayından sonra partiya üzvlərinin uçotlarının dəqiqləşdirilməsi ilə bağlı bir proses başlayıb. Eyni zamanda üzvlər haqqında məlumatlar əldə etdikdən sonra, işlədiyi halda da əməkhaqqının bir faizinin üzvlük haqqı olaraq verilməsi məsələsi aktuallaşıb. Bu proseslər tək YAP Qaradağ rayon təşkilatına deyil, respublikanın bütün YAP rayon-şəhər təşkilatlarına aiddir. Bu isə bizim işimiz və vaxtımızın əsasını təşkil edən məsələdir. Rayon təşkilatının bütün aktiv üzvləri bu məsələnin həllinə cəlb olunub.

44 günlük müharibədən sonra şəhid ailələri, qazilər və ümumilikdə müharibə iştirakçıları ilə əlaqələrin qurulması, problemlərinin həlli məsələsinə diqqət daha da artıb. YAP Qaradağ rayon təşkilatında artıq il yarımdır ki, fəaliyyət göstərirəm. Bütün şəhid ailələrinin evlərinə baş çəkmək, qazilərlə görüşmək, bu istiqamətdə tədbirlər keçirmək, gənclər arasında, məktəblərdə təbliğatların aparılması istiqamətində ideoloji iş bizim üçün prioritet məsələdir. Bu işlər bizim artıq gündəlik fəaliyyətimizə çevrilib.

- Partiyanın bugünkü uğurları barədə nə demək olar?

- YAP yarandıqdan təxminən 6-8 ay sonra hakimiyyətə gəlib, yəni iqtidar partiyası olub. Keçən otuz il müddətində partiya ardıcıl olaraq altı prezident seçkisi, o qədər də parlament və bələdiyyə seçkilərini qazanıb. YAP daim inkişafda olan partiyadır və bir çox uğurlara imza atıb. Partiyanın bugünkü uğurlarını saymaqla bitməz. Ən böyük uğurumuz isə 44 günlük müharibədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın sədridirsə, eyni zamanda ölkədə mühüm vəzifə tutmuş şəxslər bu partiyanın üzvüdürsə bu da partiyanın uğurları sırasına daxil edilə bilər.

Ümummili Lider Heydər Əliyev hakimiyyətə gəldikdə öz qarşısına qoyduğu mühüm vəzifələrdən biri də məhz Azərbaycanın torpaq bütövlüyünü təmin etmək idi. Bu vəzifə isə partiyanın qarşısında dayanan ən mühüm iş idi. Eyni zamanda iqtisadi, sosial, beynəlxalq sahədə də uğurlar qazanırıq. Bu gün beynəlxalq aləmdə dostlarımızın sayı artır. Ölkəmizdə də bir çox beynəlxalq konfransalar baş tutur. Dünya ölkələri Azərbaycanın yürütdüyü düzgün siyasəti gördükcə bizə daha da yaxınlaşırlar. Ermənistan isə günümüzdə öz dostlarını gün keçdikcə itirir. Hazırda dünyanın bir çox ölkələrində tənəzzül olmasına baxmayaraq, Azərbaycan durmadan inkişaf edir, böyük investisiya layihələri həyata keçirilir. Göründüyü kimi bütün sahələr üzrə uğurlarımız və burada YAP-ın da rolu danılmazdır.

- Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi yaxınlaşır. YAP Qaradağ rayon təşkilatı bu istiqamətdə hər hansı tədbirlər planı hazırlayıb?

- 2023-cü il "Heydər Əliyev ili"dir. Biz əvvəllər Ulu Öndərlə bağlı bir il ərzində bir neçə tədbirlər keçirirdik. Amma bu il "Heydər Əliyev ili" olduğuna görə, ilin əvvəlindən başlayaraq, tədbirlər, aksiyalara start vermişik və hər ay bir neçə tədbir keçiririk. Bizim bu istiqamətdə geniş tədbirlər planımız var. Qaradağ böyük rayondur və ərazi baxımından Bakı şəhərinin 51 faizini əhatə edir. Rayonda isə qəsəbələr biri-birindən uzaq məsafədə yerləşdiyinə görə, bütün qəsəbələrdə ayrı-ayrılıqda xüsusi tədbirlər baş tutur. Düşünürəm ki, bu il eyni zamanda Ulu Öndər Heydər Əliyev institutu ili kimi də xarakterizə oluna bilər. Buna görə də çalışdığımız qədər əhaliyə Ulu Öndərin siyasi fəaliyyəti barədə geniş məlumatlar verməliyik.

- Siz, YAP-ın veteran üzvlərindənsiniz. Partiyanın uzunmüddətli üzvü kimi Ulu Öndər Heydər Əliyevin atdığı müdrik addımlar günümüzdə özünü necə göstərir?

- Ümummili Liderin siyasi kursunun nəticəsini xalqımız 44 günlük müharibədə qzandığımız qələbədə gördü. 1993-cü ildə xalq böyük Liderə səs verib, onu Azərbaycan rəhbərliyinə dəvət etməsəydi bugünkü qələbəmiz olmazdı. Bu gün dünyada müharibələr gedir, amma Azərbaycanda isə stabillik var. Bu 30 ildə mümkün olan və olmayanı Azərbaycan iqtidarı Ümummili Lider Heydər Əliyevin, daha sonra isə onun siyasi kursunun ən layiqli davamçısı olan cənab Prezidentin sayəsində əldə etdik. Azərbaycan bu gün inkişaf göstəricilərinə görə, keçmiş SSRİ-i məkanına daxil olan respublikalar içərisində ilk sıralardadır. Bu böyük bir nailliyyətdir.

Səbinə Hüseynli


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ