SON DƏQİQƏ
» » Mürəkkəb qoxusundan ekran işığına: Dəyişməyən yeganə şey vicdanın çəkisidir

Mürəkkəb qoxusundan ekran işığına: Dəyişməyən yeganə şey vicdanın çəkisidir

Tarix:

Bu gün, 09:36

/ 4 972 dəfə oxundu.
Mürəkkəb qoxusundan ekran işığına: Dəyişməyən yeganə şey vicdanın çəkisidir

İLAHƏ ALLAHVERDİYEVA yazır

Pəncərədən süzülən ilk səhər işığı ilə şəhər oyandıqca, kiminsə gecədən yarımçıq qalmış cümləsi son nöqtəsini tapır. Küçələr günün gurultusuna daxil olmamış, haradasa bir insan taleyinə toxunacaq yeni bir izin təməli qoyulur. Biz günə ekrandakı sürətli toxunuşlarla başlayarkən, arxa fonda görünməyən böyük bir fədakarlıq xəritəsi cızılır. Baş verənləri sadəcə ötürmək yox, onun iliklərinə qədər varmaq, hər kəsin ötəri baxıb keçdiyi kiçik bir detalda gizlənən böyük həqiqəti tutmaq dərin bir vicdan borcudur.
Həmin görünməyən xəritənin hər qırışında bir insan hekayəsi, hər nöqtəsində ağır bir məsuliyyət var. Jurnalistin qarşısındakı yol yalnız fakt toplamaqdan ibarət deyil; o yol insan nəfəsini duymaq, hadisələrin səssiz pıçıldayan tərəfinə qulaq asmaq və zamanın yaddaşına leksiz izlər həkk etmək yoludur. Bəzən tək bir cümlə bir insanın illərlə içində daşıdığı ağrını görünən edir, bəzən də unutqanlığın tozlu rəflərinə atılmış bir həqiqəti yenidən gün işığına çıxarır.
Sözün bu tilsimli gücünü Azərbaycan mətbuatının ilk addımlarından görmək mümkündür. 1875-ci ilin o isti iyul günündə Həsən bəy Zərdabi “Əkinçi” ilə yola çıxanda, əslində yalnız bir qəzet çap etmirdi; bir millətin təfəkkürünə, milli şüuruna cığır açırdı. Kiçik bir mətbəədən yayılan həmin cürətli səs əsrlərin içindən keçib bu günümüzə qədər gəlib çatdı. O səs sübut etdi ki, dürüst qələm bəzən bir dövrün aynası, bəzən də bir xalqın dözüm yaddaşına çevrilə bilir.
O gündən bu günə zamanın axarı çox şeyi dəyişib. Ağır mətbəə dəzgahlarını rəqəmsal platformalar əvəz edib, təzə mürəkkəb qoxusu soyuq ekranların işığına yenilib. Lakin sözün daşıdığı ruh və məsuliyyət zərrə qədər dəyişməyib. Klaviaturanın hər toxunuşunda, obyektivin yaddaşına həkk olunan hər kadrda həmin ilk həyəcan yaşayır. Jurnalistika hadisə yerinə birinci çatmaq yarışı deyil; o, bütöv bir cəmiyyətin vicdanını, yaddaşını və ədalət duyğusunu oyaq saxlamaq mübarizəsidir.
Jurnalistin yazdığı hər sətir zamana buraxılan bir mesajdır. Bu gün yazılan bir cümlə sabah bir tarixin şahidinə, bir insanın harayına çevrilə bilər. Ən çətin olanı da elə budur: xəbərin bu çılğın, təlaşlı axınında anı itirmədən onun mahiyyətini, insani tərəfini qorumaq.
Çünki hər xəbərin arxasında döyünən bir ürək var. Bir rəqəmin arxasında bir ailənin taleyi, bir başlığın arxasında illərlə davam edən səssiz mübarizə gizlənir. Qələm sahibinin əsl fərqi də elə bu gizli qatları oxuya bilməsindədir. O, hadisəyə yalnız baxmır, onun ağrısını içindən keçirir.
Rəqəmsal dünyada sözün sürəti artdıqca, onun çəkisi və mənəvi məsuliyyəti daha da böyüyür. Bir xəbər saniyələr içində milyonlara çata bilər, lakin onun bıçaq kimi kəsdiyi iz illərlə sağalmaz. Elə buna görə də jurnalistin ən böyük sipəri peşə bacarığında daha çox daxili vicdanıdır. Hər sətirdə bir seçim dayanır: ucuz sensasiyanın arxasınca qaçmaq, yoxsa həqiqətin özünə sığınmaq.
Redaksiya masalarında saatlarla fakt dəqiqləşdirən, hər söhbətin üstündə titrəyən, asan yolu deyil, dürüst yolu seçən insanlar bu peşənin görünməyən qəhrəmanlarıdır. Onların əməyi kölgədə qala bilər, lakin cəmiyyətin işıqlı, doğru məlumat alması məhz həmin səssiz fədakarlığın bəhrəsidir.
Həqiqi qələm heç vaxt yalnız kağızda iz buraxmır; vaxt gəlir bir haqsızlığın qarşısında sipərə, vaxt gəlir ümidini itirmiş bir insanın sığınacağına çevrilir. Sözün gücü onun gurultusunda yox, insanın ruhuna toxuna bilməsindədir.
Bu peşəni ayaqda saxlayan yeganə qüvvə içdəki ədalət qığılcımı, insana hörmət və həqiqətə olan sədaqətdir. Hər sətir keçmişin təcrübəsi ilə gələcəyin işığı arasında qurulan sarsılmaz bir körpüdür. O körpünün möhkəmliyi isə qələmi tutan əlin dürüstlüyündən, mürəkkəbə qatılan vicdandan asılıdır.
Zaman dəyişəcək, texnologiyalar təzələnəcək, informasiya yolları başqalaşacaq. Lakin insanın həqiqət axtarışı və vicdanla yazılmış sözün dəyəri əbədi qalacaq. 
скачать dle 12.1

Şərhlər