
İranın sərbəst güləş üzrə yığma komandasının ABŞ-a yoldaşlıq görüşü üçün nəzərdə tutulan səfəri ləğv edilib.
Bu barədə İran Güləş Federasiyasınən prezidenti Əlirza Dabir ABŞ Güləş Federasiyasına ünvanladığı məktubda bildirib.
Dabir ABŞ-ın İran yığmasının 2 güləşçisi, məşqçisi, rəisi, hakimi və onun özünə hələ də viza verməməsi səbəbindən səfərin ləğv edildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğunun bəzi əməkdaşlarının İran yığmasının üzvlərini 5 saatadək sorğu-sual etməklə, "nəzakətsiz və hörmətsizcəsinə davranış"a yol vermələrinə etiraz edib.
İran Güləş Federasiyası bu davranışı qarşılığında ABŞ tərəfini Tehrana yoldaşlıq görüşünə dəvət edib.
Qeyd edək ki, yoldaşlıq görüşü fevralın 12-də ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçirilməli idi.