
İtaliyanın qərbindəki Sardiniya adasında leysan yağışlarının səbəb olduğu güclü sel və daşqın nəticəsində bir nəfər ölüb, 4-ü itkin düşüb. Adanın cənubunda leysan yağışları Santanna Arresi qəsəbəsində daşqınlara səbəb olub. Daşqın nəticəsində 80 yaşlı qəsəbə sakini həyatını itirib. Seldən zərər çəkən Kalyari şəhəri yaxınlığındakı Sarroç bölgəsində ova gedən 4 nəfərdən isə xəbər alınmır. İtaliya xilasetmə briqadası ovçuların axtarışını davam etdirir. Noyabrın 16-da Kalyari şəhərindəki ibtidai və orta məktəblərdə təhsilin dayandırılacağı açıqlanıb. Bölgədə meteoroloji həyəcan siqnalı sarıdan narıncıya yüksəlib. Qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilib.



























