SON DƏQİQƏ
» » Rusiyada Paşinyanı siyasi repressiyalarda ittiham etdilər

Rusiyada Paşinyanı siyasi repressiyalarda ittiham etdilər

Tarix:

30-03-2019, 17:24

/ 10 228 dəfə oxundu.
Rusiyada Paşinyanı siyasi repressiyalarda ittiham etdilər

Rusiyanın üç nüfuzlu telekanalı Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı açılmış cinayət işi ilə əlaqədar reportaj hazırlayıb.

Rusiyanın əsas xəbər kanalı “Rossiya 24” Koçaryanı “siyasi təqib olunan şikar”, Ter Petrosyanı “təcrübəli araqızışdıran”, Paşinyanı isə “qanunsuzluq törədən erməni lideri” kimi qələmə verib.

Telekanalın reportajında xüsusi olaraq qeyd olunur ki, “1998-2008-ci illərdə Ermənistana başçılıq etmiş Robert Koçaryan siyasətə geri döndüyünü elan etməsindən çox keçməmiş həbs olunub. Hüquqşünaslar bunun siyasi sifariş olduğunu qeyd edir. Koçaryanı etiraz aksiyaları zamanı baş verən toqquşmalarda həyatını itirmiş 10 nəfərin ölümünə görə cavabdeh bilirlər”.

TVS (ТВЦ) telekanalının reportajında isə deyilir:

“Ədalət, yoxsa hesablaşma: Robert Koçaryan nə üçün mühakimə olunur? Robert Koçaryanın tərəfdarlarının dediyinə görə, Ermənistanın keçmiş prezidentinə qarşı cinayət işi, ilk andan siyasi divanı xatırladıb. Ona qarşı irəli sürülmüş ittihamlar, həqiqətən, çox absurd görünür.

Məsələn, onu dövlətin konstitusiya quruluşunu pozmaqda təqsirləndirirlər. Söhbət 2008-ci ildən gedirsə, o, konstitusiya quruluşunu necə poza bilərdi axı?! Həmin vaxt özü dövlət başçısı idi. Yeri gəlmişkən, bu status özlüyündə, onun ömürlük toxunulmazlığını təmin etməli idi. Ancaq məhkəməni ikinci cəhddən buna da göz yummağa məcbur etdilər”.

“Bu Ermənistanın konstitusiyasında təsbit olunub. Beləcə, Robert Koçaryana 2008-ci il hadisələrinə görə iş kəsmək məqsədilə Ermənistan konstitusiyasından yan keçmək üçün əllərindən gələni edirlər.

Əminəm ki, Robert Koçaryanı qorxutmaq, ümumiyyətlə, mümkün deyil. Məhkəmə ona işin kəsilməsi ilə bağlı qərar qəbul etsə belə, mübarizəni davam etdirəcək. O cümlədən, Avropa instansiyalarında”, - deyə Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin üzvü Konstantin Zatulin telekanala açıqlamasında bildirib.

“Məsələn, Levon Ter-Petrosyanı sorğu-suala cəmi bir dəfə çağırıblar. Halbuki Petrosyan 2008-ci ildə faktiki olaraq insanların ölümünə səbəb olmuş etiraz aksiyasının lideri olub. Hər halda, Ter-Petrosyanın şəxsinə bu qədər diqqətsizliyin bəsit izahı var. Həmin dönəmlərdə barrikadalar önündə onun yanında hazırkı Ermənistan baş naziri Nikol Paşinyan da dayanırdı”, - deyə reportajda qeyd olunur.

NTV telekanalı isə Milli Təhlükəsizlik Xidməti başçıları arasında telefon söhbətlərinin səs yazılarını xatırladıb. Həmin səs yazılarında Ermənistanın yüksəkçinli rəsmiləri Koçaryanın məsələsini müzakirə edir və onun istənilən halda həbs olunacağını qeyd edir.

“Koçaryanın cinayət işinə xitam verilsə, bu, yeni hakimiyyətə ağır zərbə olacaq və bunu baş nazirin ofisində yaxşı bilirlər”, - deyə reportajda bildirilir.

скачать dle 12.1

Şərhlər