
Moldova "Avroviziya-2025" mahnı müsabiqəsində iştirak etməyəcək.
GunAz.az xəbər verir ki, bu barədə musiqiçilər arasında seçim aparan "Moldova 1" telekanalının direktoru Korneliu Durnesku məlumat verib.
“Qərar asan deyildi, lakin indiki kontekstdə bu lazım idi. Builki milli seçim müəyyən problemlər, o cümlədən tamaşaçı marağının, mahnıların və ifaların ümumi keyfiyyətinin aşağı düşməsini üzə çıxardı” deyə, o, bildirib.
Durnesku əlavə edib ki, ölkə nümayəndələrinin müsabiqədə iştirakı xeyli xərc tələb edir. Lakin hazırda Moldovada iqtisadi çətinliklər yaranır.
Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Gələn il mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.
2024-cü ildə yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.