İsrailə hücum zamanı HƏMAS yaraqlıları Fələstinin hüquqları uğrunda mübarizə aparan bir çox fəalı, eləcə də Fələstinə rəğbət bəsləyənləri də öldürüblər.
Bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Qəzza sərhədinin İsrail tərəfində sülh təşəbbüslərini və Fələstin hüquqlarını dəstəkləyən bir neçə kibbutzim sakini yaşayır. Bu sakinlərin çoxu şənbə günü HƏMAS hücumundan sonra itkin düşənlər və ya öldürülənlər arasında yer alıb. Yaraqlıların hücumundan sonra 74 yaşlı Vivian Silver itkin hesab edilir və çox güman ki, girov götürülüb. Kanadada anadan olan Silver 2014-cü ildə Qəzza müharibəsindən sonra İsrail-Fələstin münaqişəsinin siyasi həllini təşviq etmək üçün yaradılan kütləvi hərəkat-“Women Wage Peace”in liderlərindən biri idi.
Fələstin tərəfdarı olan başqa bir sülh fəalı Kaim Katsmanın əvvəlcə girov götürüldüyü güman edilirdi, lakin sonra o, evində öldürülmüş vəziyyətdə tapılıb. O, bu yaxınlarda Sietldəki Vaşinqton Universitetində fəlsəfə doktoru dərəcəsini bitirmişdi.
Şənbə günü hücumda daha iki sülh fəalı - Bilgə və Ceykob İnon da öldürülüblər”, - məlumatda deyilir.