Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Gunaz.az xəbər verir ki, mərasimdə Azərbaycan prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, millət vəkilləri, media nümayəndələri, ziyalılar və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Ə. Həsənov Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib: “Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Azərbaycan prezidenti cənab İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilmişdi. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi. Mətbuat Şurası cəmiyyətimizdə də, jurnalist ictimaiyyəti arasında da və ona müraciət edən ayrı-ayrı vətəndaşlar arasında da, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da gücləndirəcək”.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Şura son 15 ildə Azərbaycanda söz və fikir azadlığının möhkəmlənməsində, inkişafında böyük rol oynayıb: "Mətbuat Şurası 15 il bundan əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatları tərəfindən təsis edilib. Azərbaycan vətəndaşları, həkimlər, müəllimlər, ziyalılar media ilə bağlı problemlərini Mətbuat Şurası vasitəsilə həll etməyə çalışdılar. Azərbaycan ictimaiyyəti Mətbuat Şurasının timsalında özünün ümid yerini görür".
Yarandığı gündən indiyə kimi Şuraya 12 mindən çox şikayətin daxil olduğunu vurğulayan Ə. Amaşov qeyd edib ki, Azərbaycan dövləti Mətbuat Şurasına daim dəstək verib: "Şuraya daxil olan 12 min şikayət bir-bir araşdırıldı, tərəflərlə görüşdük. 7 il ofissiz qalan Mətbuat Şurasına Azərbaycan dövləti hər cür şəraiti olan ofis bağışladı. Azərbaycan dövləti Şuranın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərini dəstəklədi. Biz güclü medianın tərəfdarıyıq".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, Mətbuat Şurası 15 il ərzində böyük inkişaf yolu keçib: "BMT Azərbaycanda müstəqil medianın inkişafında maraqlıdır. Biz bu yaxınlarda Mətbuat Şurası ilə əməkdaşlığa başlamışıq. Əməkdaşlıq çərçivəsində azərbaycanlı jurnalistlərə təlimlər keçiriləcək".
Öz növbəsində Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Mətbuat Şurası yarandığı gündən Avropa Şurasının Bakı ofisi ilə sıx əməkdaşlıq edib: “Mətbuat Şurası bizim uğurlu tərəfdaşımızdır".
Sonra Mətbuat Şurasının 15 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Mərasimdə Mətbuat Şurasının 2010-cu ildə təsis etdiyi Ali Media Mükafatı 3 dərəcə üzrə 2017-ci ilin laureatlarına təqdim olunub. "APA Holding"ə daxil olan Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli Ali Media Mükafatına layiq görülüb.
Ali Media Mükafatının I dərəcə üzrə laureatı isə Telli Pənahqızı olub. O, Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.
Tədbir konsert proqramı ilə davam etdirilib.