
Mənzil və daşınmaz əmlak bazarında hazırda vəziyyət sabit olaraq qiymətləndirilir. Yəni qiymət artımı baxımından ciddi dəyişiklik müşahidə olunmur. Bəzi ərazilər üzrə cüzi qiymət artımları qeydə alınır. Bu isə ümumi mənzərə baxımından bazara xas olan adi bir haldır. Ona görə də, qiymət dəyişikliklərinə əsasən bazarda əhəmiyyətli artım baş vermir.
Bununla belə, istər bənzər əmlaklarda, istərsə də torpaq sahələrində və digər seqmentlərdə - qeyri-yaşayış və digər obyektlərdə - qiymət artımı davam edir. Xüsusilə, mənzil bazarında keçən ilin sonu və bu ilin əvvəli ilə müqayisədə qiymətlərdə təxminən 8 faizə qədər artım müşahidə olunur.
Bu sözləri açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib.
Ekspert əlavə edib ki, kirayə mənzil bazarında isə təklif məhduddur:
“Bu səbəbdən həmin seqmentdə, xüsusən də mövsüm ərzində qiymət azalmaları müşahidə olunmur və təklifin məhdudlaşması prosesi davam edir. Bu isə əsasən söküntü zonalarında yerləşən obyektlərin sökülməyə məruz qalması səbəbindən kirayə mənzil bazarında təklifin azalması ilə əlaqədardır. Bu istiqamətdə yeni tikililər meydana gəlməkdədir və həmin obyektlərdə qiymətlər daha fərqlidir. Bütövlükdə demək olar ki, paytaxt da daxil olmaqla, ölkənin bir çox bölgəsində kirayə qiymətlərində artım müşahidə olunur. Sadəcə şəhər mərkəzində bu artım nisbətən zəifdir, amma mərkəzdən kənara doğru artımlar daha qabarıq görünür”.
R.Osmanlının fikrincə, yaxın aylarda, xüsusilə yay mövsümündə kəskin qiymət artımı gözlənilmir:
“Əgər bazara təsir edəcək ciddi inzibati qərar qəbul edilməzsə və eyni zamanda daxili makroiqtisadi amillərlə asılı olmayan regional hadisələr baş verməzsə, hesab edirəm ki, yay mövsümündə əhəmiyyətli qiymət dəyişməsi olmayacaq. Amma ilin sonuna doğru nələrin baş verəcəyi barədə indidən konkret fikir bildirmək çətindir. Çünki Azərbaycanda daşınmaz əmlak bazarındakı qiymət dəyişmələri bəzən yalnız makroiqtisadi amillərlə izah olunmur. Bu baxımdan bu istiqamətdə hazırlıqlı olmaq vacibdir”.