SON DƏQİQƏ
» » Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

Tarix:

2-04-2026, 17:08

/ 3 328 dəfə oxundu.
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

Aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 6-cı köç reallaşıb.
GunAz.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.
Bu köçün məhz aprelin 2-nə təsadüf etməsi rəmzi məna daşıyır. Belə ki, 33 il əvvəl - 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. Onilliklər boyu kəlbəcərlilərin yaddaşında ağrı və ayrılıq günü kimi qalan bu tarix, artıq dövlətimizin qüdrəti sayəsində dirçəliş və doğma yurda qovuşma günü kimi yenidən yazılır. 33 il əvvəl məhz bu gün yurdlarından didərgin düşən sakinlər, indi elə həmin təqvim günündə Kəlbəcərə sevinc və qürur hissi ilə qayıdıblar.
Köçlə gələnləri Kəlbəcər şəhərindəki I yaşayış məhəlləsində əlində bayraq tutmuş məktəblilər qarşılayıb. Azərbaycanın dövlət himnini ifa ediblər.
Təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sonra ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksəksürətli internet xətləri ilə təmin edilib.
Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin edilib.
Köçürülən əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli sakinlər əsasən dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində çalışırlar.
Qeyd edək ki, Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və dayanıqlı məskunlaşmanın və iqtisadi canlanmanın təmin olunması üçün  bütün zəruri addımlar atılır.
скачать dle 12.1

Şərhlər