SON DƏQİQƏ
» » Zəngəzurdan başlayan çətin, AMMA ŞƏRƏFLİ YOL

Zəngəzurdan başlayan çətin, AMMA ŞƏRƏFLİ YOL

Tarix:

29-01-2026, 14:25

/ 3 130 dəfə oxundu.
Zəngəzurdan başlayan çətin, AMMA ŞƏRƏFLİ YOL

“Zəngəzurun səsi” qəzetinin təsisçisi və baş redaktoru, Birinci Qarabağ müharibəsinin veteranı Yavər Nuriyevin vaxtsız vəfatı qələm dostlarını və onu tanıyanları dərin hüznə qərq etdi. Həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən Yavər müəllim, arxasında silinməz izlər və unudulmaz xatirələr qoyub getdi.

Zəngəzurdan başlayan çətin, amma şərəfli yol

Yavər müəllim 1988-ci ildə Zəngəzurun Qafan rayonundan didərgin düşərək Bakıda məskunlaşmışdı. Taleyin ağır sınaqlarına baxmayaraq, o, zəhmətkeşliyi və sarsılmaz iradəsi ilə özünə layiqli həyat yolu qurdu. Uzun illər ali təhsil müəssisələrində çalışdı, halal zəhməti ilə ailəsini dolandırdı, iki qız övladını böyüdüb boya-başa çatdırdı.

Vətən fədaisi və cəsur döyüşçü

Yavər Nuriyev təkcə qələm sahibi deyil, həm də silahdaş idi. Birinci Qarabağ müharibəsində Ağdam istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, düşmənə qarşı mərdliklə vuruşmuşdu. Onun vətən sevgisi quru sözlərdən ibarət deyil, səngərdə sübut olunmuş bir həqiqət idi.

Zirək, məsuliyyətli və məclislər yaraşığı

Dostlarının yaddaşında o, həm də son dərəcə cəsarətli və zirək bir insan kimi qalıb. Ən çətin hava şəraitində, keçilməz yollarda belə özünəxas arxayınlığı ilə ətrafındakılara güvən verərdi. İşində ciddi, məclisdə isə səmimi idi. Harada olmasından asılı olmayaraq — istər Sumqayıtda, istər Şabranda, istərsə də doğma bağında — o, həmişə ünsiyyət mərkəzində olar, hamının rəğbətini qazanardı.

"Yavər müəllim insanlara kömək etməyi həyatının mənası sayırdı. Çalışırdı ki, kiməsə dayaq olsun, heç olmasa evinə çörək pulu aparmasına vəsilə olsun."

Fenomenal yaddaş və "Yaddaş Kitabı"

Onun yaddaşı hər kəsi heyrətləndirirdi. Tanıdığı insanların telefon nömrələrini əzbər bilərdi. Qafan rayonundan didərgin düşmüş soydaşlarımızın məlumatlarını toplayaraq nəşr etdirdiyi “Yaddaş kitabı” onun xalqına olan bağlılığının ən böyük nümunəsidir. “Zəngəzurun səsi” qəzeti isə onun ictimai-siyasi fəaliyyətinin zirvəsi idi.

Son söz

Pəhləvan cüssəli, mərd və xeyirxah dostumuzun yeri həmişə görünəcək. Maddi çətinliklər və vaxtında çatmayan tibbi yardım onu bizdən vaxtsız ayırdı. Bu dünya fanidir, amma Yavər Nuriyev kimi insanların ruhu xatirələrdə əbədi yaşayacaq.

Mərasim haqqında məlumat:Mərhum Yavər Nuriyevin yas mərasimi 31 yanvar (şənbə günü), Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Zəm-Zəm” mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin!

Müəllif: Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər