
2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan Sosial Rifah Partiyasının
BƏYANATI
Tariximizin ən şərəfli səhifələrindən biri, son 200 ildə ilk dəfə ərazi bütövlüyümüzün təmini kimi Zəfər səlnaməmizə çevrilmiş 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının qürur mənbəyidir. Ordumuzun gücü, Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, cəmiyyətimizin həmrəyliyi 2020-ci ili Azərbaycan üçün Qələbə ilinə çevirdi. 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu həmrəyliyimiz 2020-ci ildə uzun illərdir həsrətində olduğumuz torpaqlarımızın azad edilməsində öz əməli təcəssümünü tapdı. Bu, birlik, həmrəylik Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi.
Qələbəyə gedən yolun hər saatı, hər anı hesablanmış, planlaşdırılmış bir yol oldu. Ötən 19 ildə Möhtərəm Prezidentimizin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmə bacarığı, diplomatik müstəvidə kərpic-kərpic hörülmüş uğurlar, bir zamanlar nəinki haqq səsi eşidilməyən, hətta məruz qaldığı soyqırımlara belə etinasız yanaşılan Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik bu qələbənin əsas şərtinə çevrildi.
10 noyabr qələbəmizin təmin olunmasında xalqımızın milli birliyi, həmrəyliyi böyük əhəmiyyət daşımaqdadır. Tarixi Qarabağ zəfərinə gedən yolda Prezident İlham Əliyev dövlətin siyasi-iqtisadi dayaqlarını daha da möhkəmləndirirdi. Siyasi islahatlara əsaslanan bu siyasət günümüzün rakursundan bəlkə də daha aydın sezilir. Ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi münasibətlərdə yeni dialoq mühitinin formalaşdırılması, iqtidar ilə müxalifət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün görülən işlər və nəhayət bütün bunların həyata keçirilməsi üçün nümayiş olunan böyük siyasi iradə Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Siyasi sferada yaranan qarşılıqlı etimad mühiti siyasi palitranın dövlətin qəbul etdiyi qərarlara münasibətdə nümayiş etdirdiyi mövqedə özünü bariz şəkildə göstərdi. İstər 2020-ci ilin yayında baş vermiş Tovuz hadisələri zamanı, istərsə də Vətən müharibəsi dövründə Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və digər təsisatlar dövlətin apardığı siyasəti dəstəklədiyini bildirdi, cənab Prezidentin ətrafında sıx birləşdi. Vətən müharibəsi Azərbaycan xalqının öz Liderinin rəhbərliyi ilə torpaqlarının azadlığı uğrunda mübarizəyə çevrildi.
2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir AZƏRBAYCANLI qələbə uğrunda mübarizəyə qoşuldu. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda "dəmir yumruq" kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.
Bu bayram günlərində Zəfərimizin qazanılmasında böyük payı olan şəhidlərimizin xatirəsini böyük hörmətlə anırıq. Cənab Prezidentimizin də hər zaman qeyd etdiyi kimi 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsində onların böyük payı var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və Vətən müharibəsində iştirak etmiş bütün əsgər və zabitlərimizə can sağlığı arzulayırıq.
Qarabağ münaqişəsi artıq tarixə çevrilib. Regionda yaratdığımız yeni siyasi reallıqların fonunda dayanıqlı sülhün, təhlükəsizliyin təmini istiqamətində mühüm fəaliyyət – sülh prosesi uğurla davam etdirilir. Bu prosesin hər bir məqamında Azərbaycanın milli maraqları qorunur – Prezident İlham Əliyev bu maraqların əsas təminatçısıdır. Azərbaycan xalqı daima öz Prezidentinə inanır, etimad göstərir. Vətən müharibəsindəki Zəfərdən ötən iki il ərzində işğaldan azad edilmiş bölgələrimizdə reallaşdırılan meqafəaliyyət bu inamın, bu etimadın doğrulmasının bariz sübutudur. "Qarabağ Azərbaycandır!" nidası ilə başlanan yol "Biz Qarabağı cənnətə çevirəcəyik" şüarı ilə davam etdirilir. Bu yolda xalqımız, siyasi palitramız hər zaman Sizinlədir, cənab Prezident.
Bir daha tarixi Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə Azərbaycan Sosial Rifah Partiyası adından ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycan Sosial Rifah Partiyasının sədri
Əsli Kazımova