SON DƏQİQƏ
» » Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd edilib

Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd edilib

Tarix:

14-09-2022, 19:06

/ 1 848 dəfə oxundu.
Vətən müharibəsi qəhrəmanının doğum günü qeyd edilib

Bu gün-14 sentyabr 2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun doğum günü şəhidin barelyef abidəsi önündə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü Aydın Hüseynov, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, I Qarabağ müharibəsi əlillərinin və şəhidin yaxın qohumlarının iştirakı ilə qeyd edildi. Bu münasibətlə şəhidin məzarı ziyarət edilmiş, abidənin önünə gül çələngi qoyulmuş, şəhidin ruhu anılmışdır.

Qeyd edək ki, 16.05.2021-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid -Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirilmişdir. Hazırda həmin küçə əsaslı təmir edilmiş və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılmışdır. 
Rəşad Arif oğlu Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib adlanırdı) şəhərində anadan olmuşdur. Ailəsində özü də daxil olmaqla 4 uşaq olan Rəşad Abdullayev 3 bacının yeganə qardaşı idi. O, 1988-ci ildə doğulduğu şəhərdə orta məktəbə getmiş, 2003-cü ildə isə orada 9-cu sinfi qurtararaq Çəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2010-cu ildə həmin ali məktəbi "motoatıcı” ixtisası üzrə bitirmişdir.

Rəşad Abdullayev 2010-cu ildə "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamış, N” saylı hərbi hissədə Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri, "N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifələrində işləmiş, kapitan hərbi rütbəsinə qədər yüksəlmişdir. O, 2016-cı il Aprel döyüşlərində iştirak etmiş, Cəbrayıl rayonunun Lələtəpə zirvəsinin azad olunmasında fərqlənmiş və "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və işğal olunmuş ərazilərin azad olunması üçün başlanmış olan İkinci Qarabağ -Vətən müharibəsinə peşəkar zabit kimi qatılan Rəşad Abdullayev igidlik və mərdlik nümayiş etdirmişdir. 

O, Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı baş verən şiddətli və strateji baxımdan ən önəmli döyüşlərdən birində iştirak etmiş, düşmənə böyük zərbə vuraraq 2020-ci ilin sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il Sərancamına əsasən Rəşad Arif oğlu Abdullayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. O, həmçinin "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətlərə görə" medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Rəşad Abdullayev 2013-cü ildə ailə həyatı qurmuş, Rüqəyya və Məmmədağa adlı iki övladı yadigar qalmışdır.

Allah rəhmət eləsin!


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ