SON DƏQİQƏ

Ə.Amaşov: "Əli Həsənov dövlət məmuru idi... İndi isə zaman, tələblər dəyişir"

Tarix:19-12-2019, 15:01 Oxunub:2 758

Mətbuat Şurasının sədri Əflatun Amaşov AzadlıqRadiosuna müsahibə verib.

GunAz.az
 həmin müsahibəni təqdim edir.


- Əflatun bəy, il başa çatır. Bu il Azərbaycan mətbuatı üçün nələrlə yadda qalır?

- Uğurlardan başlasaq, yeni xəbər portalları yaranıb. Bir sıra KİV-lər fəaliyyətini bərpa edib. Yaydan bu yana reklamda bir balaca irəliləmə var. Bu da jurnalistlərin əməkhaqqına təsir etməlidir. O ki qaldı Azərbaycan jurnalistikasının gələn ildən gözləntilərinə, bu, islahatlarla çox bağlıdır. Azərbaycan günbəgün, dəqiqəbədəqiqə yenilənir. Bu yenilənmə medianın işinə də öz təsirini göstərəcək. İstər jurnalistlərin məlumat əldə etməsində, istər məmurların informasiya verməsindəki bəzi problemlər aradan çıxacaq. Eyni zamanda, korrupsiyaya qarşı ciddi mübarizə aparılır, mən əminəm ki, bunun özü reklam bazarına təsirsiz qalmayacaq. İnhisarçılıq aradan qalxacaqsa, yəni bir məhsulu bir yox, bir neçə nəfər bazara çıxaracaqsa, sahibkar reklama üz tutacaq. İnternet-resursların güclənməsini gözləyirəm. Buna səbəb də onların yazılı mediaya nisbətən reklamlarının çox olmasıdır. Mənzərə bundan ibarətdir.

- Mediada reklamın, dolayısı ilə gəlirlərin artması keyfiyyətə təsirini göstərəcək, Sizcə?

- Media qazancı hesabına özünü saxlaya bilsə, bu, orda çalışan əməkdaşların işinin keyfiyyətinə, peşəkarlığına təsir göstərəcək. Media sahəsində rəqabət yaranacaq, reklam verənlər də hər KİV-ə yox, daha çox oxunan, daha çox yayılan media qurumlarına reklam verəcəklər. İstər-istəməz, bu, mediada keyfiyyət dəyişikliklərinə gətirəcək.

- Düzdür, gəlir arta bilər, amma müstəqil olmadan, daxili senzuranın qaldığı şəraitdə keyfiyyətdən danışmaq mümkündürmü?

- Bayaq dedim ki, ölkədə idarəetmə sahəsində, məhkəmə sahəsində və başqa sahələrdə islahatlar həyata keçirilir. Korrupsiyaya qarşı mübarizə aparılır və şəffaflıq artır. Bunlar medianın azadlığına təsirsiz ötüşməyəcək.

- 2017-ci ildə «İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında» Qanuna dəyişikliklərdən sonra Azərbaycanda çox sayda sayt bloklanıb. Bəzi qaynaqlar 30, bəziləri 50 saytın bloklandığını bildirir.

- O rəqəmlər çoxdur. Dünya praktikasında olan müəyyən məsələlər sözügedən qanuna daxil edildi. Bu, hər yerdə var, məsələn, Almaniyada, Böyük Britaniyada, Fransada... Bundan sui-istifadə etmək olmaz... Saytlar necə bloklana bilər? Sayt narkomaniya, insan oğurluğu və ya Konstitusiya quruluşunu devirməyə çağırış edirsə, insanların şərəf və ləyaqətini alçaldırsa, dünyanın hər yerində belə xəbərlər məhdudlaşdırılır. Müvafiq icra orqanı məhkəmə qarşısında məsələ qaldırır və xəbər kifayət qədər diqqəti cəlb edirsə, bloklanma əməliyyatı aparılır. Beş gün ərzində məhkəməyə verib qarşısını almaq da olar. Məhkəmələrdə islahatlardan danışılır, əgər biz bunu qanunvericilik çərçivəsində həyata keçirə bilsək, onda hər iki tərəf onun qanuniliyini anlayacaq. Biz hər hansı saytı gecənin birində özünə demədən, birdən-birə qapatsaq, düzgün başa düşülməyəcək. Hər şey qanun çərçivəsində olmalıdır.

- Görünən budur ki, qanunvericiliyə bu dəyişiklikdən sonra Azərbaycanda tənqidçi media, müstəqil media daha çox bloklanmaqdadır. Ekspertlərə görə, bu, senzuranın başqa növüdür.

- Siz tənqidçi media dedikdə hansı media vasitələrini nəzərdə tutursunuz? Azərbaycanda istənilən sayt peşəkardırsa, olaylara peşəkar yanaşırsa, əlbəttə, problem olmayacaq. O qanunun müzakirəsində mən də iştirak etmişəm. Orda elə də məhdudlaşdırıcı məqam yoxdur. Dünyanın hər yerində var bu.

- Azərbaycanda durum daha fərqlidir. Gəncə hadisələri zamanı bir neçə sayt xəbərdarlıq edilmədən birdən bağlandı. Bu normaldır?

- Gəncə hadisələri, ümumiyyətlə, gündəmə başqa məqamlar gətirmişdi. Dövlət qurumuna, dövlət adamına qarşı baş verənlərin, həmin xəbərlərin yayılmasının qarşısının alınması vacib idi. Belə məqamda bu xəbərləri lokallaşdırmaq lazımdır, həmin saytlarla bağlı məhdudlaşdırma olmalıdır. Əlbəttə, məncə, gərək həmin saytların özləri ilə əlaqə saxlayıb, danışıqlar aparıb, qanunvericiliyin tələb etdiyi çərçivədə işlərini quraydılar. Yəqin, indən sonra belə də olacaq. Narahat olmayın.

- Nəyə ümid edib belə pozitiv danışırsınız, Əflatun bəy?

- Ölkə dəyişir. Ona görə ümid edirəm ki, bu vaxta qədər qarşılaşdığımız problemlər yavaş-yavaş aradan çıxacaq.

- Pozitiv danışırsınız. Amma hələ də həbsdə olan bloqerlər, jurnalistlər var, məsələn, Əfqan Muxtarlı...

- Bir neçə jurnalist həbsdədir. Allah hamısının qapısını açsın. Əfqanın da, başqalarının da. Bu məsələ Mətbuat Şurasının diqqətindədir. Ancaq bəziləri konkret ittihamlarla günahlandırılırlar, məsələn, dövlətə xəyanətdə. Jurnalistikadan istifadə edib bəzi şeyləri yaymamalıyıq.

- Bakıda mitinq keçirilməsi gözlənilir və həmin ərazidə internetin fəaliyyəti məhdudlaşdırılır. Bu zaman jurnalistlərin işi də iflic olur...

- Bunun üzərində işləmək lazımdır. Bəlkə də hadisə yerində olan insanlar daha çox internetdən istifadə edirlər deyə... Bunu da nəzərə almaq lazımdır. Ancaq internetin məhdudlaşdırılmasını yəqin müvafiq qurumlarla müzakirə etmək gərəkdir. Mətbuat Şurasına bu barədə şikayət daxil olsa, müvafiq qurumlar qarşısında məsələ qaldırmağa hazırıq.

- Siz bunu həmin ərazidə insanların çox olması ilə bağlayırsınız, ancaq həmin gün üç metrostansiyanın fəaliyyəti müvəqqəti dayandırılmışdı, daha seyrəklik idi.

- Elə bir hadisə baş veribsə, müvafiq qurumlar qarşısında məsələ qaldırmaq olar.

- İl başa çatır. Azərbaycanın adı mətbuat azadlığına, internet azadlığına görə bəzi beynəlxalq qurumların hesabatlarında sonuncu yerlərdədir, «qeyri-azad ölkələr» sırasındadır və s. Siz nə düşünürsüz bu haqda?

- Mən durumun həmin hesabatlarda göstərildiyi kimi faciəvi olduğunu düşünmürəm. Təbii ki, Azərbaycan mediasının problemləri var. Amma Azərbaycanın adı bəzən ən aşağı yerlərdə gəlir, İraq, Əfqanıstan, Afrika ölkələri ilə yanaşı. Amma Latın Amerikası ölkələrinin adları yuxarıda gedir. Bunu da görürük. Nəyə görə bunu edirlər? Azərbaycandan nə istəyirlər? Bəlkə siyasi təzyiq vasitəsidir?

- Redaktor Elmar Hüseynov qətlə yetirilibsə, Rafiq Tağı bıçaqlanıbsa və sifarişçilər, qatillər tapılmırsa...

- Hər il başqa ölkələrdə də jurnalistlər öldürülür, oğurlanır. Elmarın qətliylə bağlı Mətbuat Şurası dövlət qurumlarına dəfələrlə müraciət ünvanlayıb ki, qatillər tapılsın və cəzalandırılsın. Yəqin tapılacaq. Heç bir cinayət gizli qalmır. Rafiq müəllimin yanına, xəstəxanaya getmişdim. Onun kim tərəfindən öldürülməsi də açılmalıdır.

- Qatillər tapılmadıqca, jurnalistlərin içində narahatlıq, təhlükəsizliklə bağlı gərginlik qalır. Bu il azadlığa çıxan bloqer Mehman Hüseynov deyir ki, o, artıq nəsə yazanda ehtiyatlanır və bunu həbsin yaratdığı xofla izah edir.

- Mehman Hüseynovun başı bu dəqiqə bələdiyyə seçkilərinə qarışıb.

- Prezidentin köməkçisi Əli Həsənov işdən çıxarıldı. O, Azərbaycanda media sahəsini kurasiya edən şəxs idi. Onun gedişi Azərbaycan mətbuatının xeyrinədirmi, ya…?

- Zaman dəyişir, tələblər dəyişir. Əli Həsənov dövlət məmuru idi, dövlətin media siyasətini həyata keçirirdi. Media dövlətin siyasətinə uyğun fəaliyyət göstərməlidir. Mən bayaq dedim, niyə optimist danışıram. O dəyişikliklər içində medianın inkişafını da görürəm. İstər iqtisadi baxımdan, istərsə də digər məsələlərlə bağlı.

- Əflatun bəy, belə çıxır ki, Əli Həsənovun gedişi Sizdə daha nikbin ovqat yaradır?

- Elə demirəm mən. Əli Həsənov dövlət məmuru idi, dövlət siyasətini həyata keçirirdi. Uzun müddət bu sahədə çalışıb. İndisə zaman, tələblər dəyişir. Əli Həsənov da layiqincə fəaliyyətini həyata keçirib.

- Onun gedişindən sonra nə qədər tənqid olunduğunu yəqin Siz də gördünüz.

- Hər hansı məmurla bağlı nəsə bir yazı, xəbər qoyulur, dərhal söyüş texnikası işə düşür, altında nələr yazılır.

- Bunu yazan həm adi vətəndaşlar, həm də trollardır. Trollarınsa bəzən rəsmi qurumlar tərəfindən idarə edilməsi iddia olunur. Bu məsələdə adını çəkdiyimiz keçmiş məmurun da ismi hallanır.

- Mən Sizin fikrinizi dəstəkləmirəm... Oldu, mən Sizə uğurlar arzulayıram.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<