Baş nazir Əli Əsədov "Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası” və "Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi”ni təsdiqləyib.
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydasına əsasən, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) Azərbaycan Respublikasıdır.
Sənədin əsas anlayışlar hissəsində qeyd edilib:
Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələri) - "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunan Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;
Azərbaycanın ənənəvi bilikləri (bundan sonra – ənənəvi biliklər) - "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəsilə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması - Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hər hansı qeyriqanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması.
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və bu Qaydaya uyğun olaraq əqli mülkiyyət obyektləri kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) dövlət qeydiyyatına alınır.
Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı barədə müraciət Agentliyə daxil olduğu tarixdən qeydiyyata alınır və qeydiyyata alındığı vaxtdan ən geci 30 (otuz) gün müddətində baxılır.
Dövlət qeydiyyatına alınmış Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə dair məlumatlar hər bir səhifəsi ardıcıllıqla nömrələnmiş və Agentliyin möhürü vurulmuş "Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin Dövlət Qeydiyyatı Kitabı”na daxil edilir, Agentlik tərəfindən onların elektron məlumat bazası yaradılır, həmin baza müntəzəm olaraq təkmilləşdirilir və dövlət reyestrinin elektron surətinin yenilənməsi təmin edilir.