SON DƏQİQƏ
» » Azərbaycan “reallaşacaq”, Ermənistan isə “reallaşmayacaq” deyir

Azərbaycan “reallaşacaq”, Ermənistan isə “reallaşmayacaq” deyir

Tarix:

3-06-2021, 08:40

/ 2 867 dəfə oxundu.
Azərbaycan “reallaşacaq”, Ermənistan isə “reallaşmayacaq” deyir

Münaqişə ətrafında cərəyan edən proseslərə fransızsayağı, amerikansayağı, russayağı baxış.

 

Ermənistanda revanşist meyllərin günü-gündən artması Qarabağda yeni müharibə anonsunu verməkdədir. Özlərini "sülh göyərçini” kimi göstərən Qərbin bəzi ölkələri isə daha çox bu missiya ilə deyil, katalizatorluq fəaliyyətləriylə diqqət çəkir. Revanşistləri "qidalandıran” bu dairələrin isə əslində məqsədləri heç kəsə sirr deyil. Bölgədəki situasiyanın gərgin olaraq qalması və hər an partlaya biləcək "dinamitin” tətiyinin onların əlində olması məqsədlərin reallaşması üçün əsas faktordur.

Məsələyə fransızsayağı yanaşsaq Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi həmin dairələrin bölgə ilə bağlı perspektiv planlarını alt-üst etmiş olar. Məhz həmin «güclülərin» məsələyə bu kontekstdən yanaşması problemin həllini sonsuza doğru sürükləyir. Çünki Ermənistanın maraqları onlar üçün əsas şərtdir. Bu Paşinyanın Fransaya səfəri zamanı da açıq şəkildə nümayiş olundu. Fransa prezidenti Emmanuel Makronun verdiyi bəyanat işğalçıya açıq dəstək idi. Bunu onlar açıq şəkildə bəyan etmək «cürətinə» malik olmaları ilə də nümayiş etdirdilər. Ancaq yanıldıqlar odur ki, artıq Azərbaycan onlar üçün əvvəlki kimi diqtə ilə danışıla biləcək dövlət deyil. Rəsmi Bakının «sərhədlərdən qoşunu geri çək» kimi sözləri söyləyənlərə cavabı isə ironikdir: «Get öz işinlə məşğul ol!..»

Ancaq bütün bunlara rəğmən münaqişənin çözülməsində əsas maraqlı tərəf olan rəsmi Bakının mövqeyi konkret olaraq bəllidir. Qonşuluq prinsipində qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan faydalanaraq iqtisadi inkişafa nail olunması, hərbi qarşıdurmalardan qaçınılması və kövrək olmayan sülhə nail olunması Azərbaycanın əsas hədəfidir. Bəs bunu biz Qərbin bəzi dövlətlərinin yemlədiyi və ilhamlandırdığı Ermənistandan görə bilirikmi?

Təbii ki, sualın cavabı çox bəsitdir: Xeyir!

Burada bir sıra nüanslar diqqət çəkir. Əvvəla 44 günlük savaşla Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistanın hərbi potensialını bərpa etməsi üçün onlara illər lazımdır. Həmçinin məhv olunmuş «məğlubedilməz Ermənistan ordusu» mifi ilə dövlətçilik bazasının yox olması. Eləcə də ölkədəki xaos, anarxiya və iqtisadiyyatın tənəzzülü Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoyub. Bəs belə bir acınacaqlı durumda olan ölkənin hələ də "meydan sulama” mövqeyindən çıxış edərək revanşist mövqe sərgiləməsi haradan qaynaqlanır?

Təbii ki, bu sualın da cavabı bəllidir: Himayədarlardan.

Bu günlərdə Zəngəzur, Naxçıvan və Kəlbəcər ətrafında baş verən olaylar bir daha göstərdi ki, erməni tərəfi məğlubiyyətlərini rəsmi sənədlər üzərində təsdiqləsə də real fəaliyyətdə həmin himayədarlarına arxalanaraq köhnə vərdişlərindən əl çəkmək istəyində deyillər. Bu cəsarəti onlara verən bir digər məqama isə amerikansayağı baxsaq ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı” iddiasını tanımasında bunun cücərtilərini görə bilərik. Belə ki, bunun ardınca məsələyə ABŞ dövlət katibi Entoni Blinken qarışaraq, tərəflərə etdiyi telefon zəngləri də bu olayların körüklənməsinə rəvac verən amillərdən sayıla bilər. Dünənə qədər yumşalaraq boynu bükük vəziyyətdə görünən Ermənistanın baş naziri (indi bu vəzifəsini icra edən) Nikol Paşinyan artıq yenidən sərt ritorikada danışmağa cürət edir. Özü də yenə ərazi iddiaları və 10 noyabr üçtərəfli bəyanatında imzalanan məsələlər ətrafında. Konkret desək regionda kommunikasiyaların bərpası, quru yolla dəhlizin açılması kimi məsələlərlə bağlı sərsəm fikirləriylə. Təbii ki, Azərbaycan Prezidenti dəfələrlə məsələyə özünün konkret mövqeyini bildirib və qeyd edib ki, "Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. İstəməsə zorla həll edəcəyik”.

Maraqlıdır ki, Azərbaycan lideri 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi” məsələsinin əks olunduğunu tarixi nailiyyət kimi qiymətləndirdiyi halda, Paşinyan bu razılaşmada hər hansı dəhlizdən söhbət getmədiyini, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir. Diqqətçəkən nüans odur ki, həmin üçtərəfli bəyanatın imzalanmasından 6 aydan bir qədər çox vaxt keçməsinə və həmin sənədi hansısa Ermənistan rəsmisi deyil, məhz onun özünün imzalamasına (Prezident İlham Əliyevin dediyi kimi, «Bu günə qədər hələ də mən bilmirəm,

Paşinyan onu hansı tində imzalayıb» - A.A) rəğmən Paşinyan sanki nəyə qol çəkdiyini unudub (görünür "Dəmir yumruq” onda şizofreniya xəstəliyi yaradıb).

Təbii ki, Paşinyanın bu mövqeyi onun İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətindən sonra məcburən getdiyi növbədənkənar parlament seçkilərinə hesablanıb. Çünki itən sosial bazanı kompensasiya etmək üçün ona bu cür sərsəm bəyanatlar səsləndirmək vacibdir. Ancaq gəlin görək onu və dövlətini məhvolmadan xilas edənlərdən Paşinyana "Stop” deyən varmı?

Bu məqamda məsələyə russayağı baxsaq bunu ondan gözləməyə deyməz. Çünki o "böyük qardaşından” belə təpki alacağını gözləmir. Əslində Ermənistanda revanşistlərin baş qaldırılmasına da səbəb "böyük qardaş” amilidir. Hətta iş o yerə çatıb ki, revanşistlər yeni müharibənin anonsunu açıq formada verməkdən belə çəkinmirlər.

Təbii bütün bu çağırışlar Azərbaycan tərəfindən cavabsız qalmır. Elə Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, «Əgər hansısa mümkün təhdid təsbit etsək, onu məhv edəcəyik. Çünki bu milli müdafiədir, milli təhlükəsizlikdir...»

Göründüyü kimi rəsmi Bakı əməkdaşlıq şəraitində qonşuluq deyir, İrəvan isə əməlləri ilə bunun əksini nümayiş etdirir. Azərbaycan "siyasi dialoqla münaqişəni həll edək” çağırışını edir, Ermənistan yenə qeyri konstruktiv mövqe ortaya qoyur. Rəsmi Bakı "Zəngəzur dəhlizi reallaşacaq” - deyir, İrəvan "yox” cavabı verir.

Ermənistan hakimiyyəti unudur ki, vaxtilə Prezident İlham Əliyev Qarabağ torpaqlarının tezliklə qaytarılacağını da deyirdi. Və bunun sülh yolu ilə həllini tapması üçün onlara böyük zaman da verdi. Ancaq Ermənistan hakimiyyəti bunu dəyərləndirmədi: nəticə isə onlar üçün sarsıdıcı və çox ağır oldu.

Bu gün Azərbaycan lideri "Zəngəzur dəhlizi açılacaq” deyir. Ermənistan isə yenə köhnə ampluasındadır, "yox” cavabı verir. Görünür başları yenə qapaz istəyir. Ancaq unudurlar ki, bu dəfəki "Dəmir yumruq” daha ağır, daha sarsıdıcı olacaq.

 

Asəf ABBASOV

скачать dle 12.1

Şərhlər