SON DƏQİQƏ
» » Trollaşan mediamız: Ənənəvi, yoxsa yeni media?

Trollaşan mediamız: Ənənəvi, yoxsa yeni media?

Tarix:

18-05-2021, 08:27

/ 1 845 dəfə oxundu.
Trollaşan mediamız: Ənənəvi, yoxsa yeni media?

 Asəf Abbasov

Klassik mediamızın günü-gündən başının üstünü alan qara buludların sıxlaşdığı bu dönəmlərdə məqsəd və amalların nədən ibarət olması düşündürücü məqam olaraq qalmaqdadır. Doğrudanmı məqsəd ənənəvi medianın hər vəchlə sıradan çıxarılmasına hesablanıb?

Təbii ki, suala doğru cavabı cəmiyyətin öhdəsinə buraxsaq daha yaxşı olar. Ancaq burada ikili yanaşmanın şahidi olacağımız da əvvəlcədən bəllidir. Belə ki, gənc nəsil ikincinin yəni "yeni media”nın, köhnə nəsil isə ənənəvi medianın üstünlüyündən danışacaq. Bəlkə də bunda haqlıdırlar da. Çünki birinci tərəf daha çox haylı-küylü informasiyaların yayıldığı məkana üz tutduğu üçün bura üstünlük verdiyini, digər tərəf isə obyektivliyə daha çox yaxın olan platformanı özünə yaxın biləcəyini əsaslandıracaq. Ümumiyyətlə "yeni media” adlandırılan platformanın üstünlüklərinə diqqət çəksək burada əsas məsələnin inetrnet resursları üzərindən xəbər istehsalı olduğu bəllidir.

Ənənəvi medianın üstünlüyünə diqqətlə yanaşsaq isə burada yaradıcılığın əsas faktor olduğunu görə bilərik. Bəs belə olan halda hansı tərəfə daha çox üstünlük verilməlidir?

Təbii ki, qeyd etdiyimiz kimi burada seçim cəmiyyətin və onun üzvü olan oxucunundur...

Biz isə bu məqamda bəzi detallara varmağa çalışaq: Əvvəla "yeni media”nın nədən ibarət olmasına diqqət çəkək. "Yeni media” anlayışının daha çox sosial şəbəkələrlə bağlılığı önə sürülən əsas faktordur. Bu məkanın isə hər bir fərdin üzv olma imkanını nəzərə alsaq, onda hansısa nəzarət mexanizmi olmayan bir platformadan haqq-ədalət, həqiqət və s. gözləməyə dəyər-dəyməz, bunun cavabı bəllidir. Həmçinin özünütənzimlə mexanizmi olmayan «məkanda» peşəkarlığın zəif olması da bir həqiqətdir. Eynilədə peşəkar jurnalistikanın prinsip və qaydalarının gözlənilmədiyi platformanın baxış bucağının haçalandığı da faktdır. Yəni ki, bir məsələyə yanaşma müxtəlifliyinin çoxluğu onun çoxvektorluğuna sirayət etmiş olur. Belə ki, fikirlər haçalanır, peşəkar yanaşma itir.

Məsələnin bir digər tərəfinə diqqət çəksək müşahidə edərik ki, "yeni media”nın əsas baş ağrısına çevrilmiş "troll” anlayışı sanki bu sahəni gözdən salmağa hesablanıb. Sosial şəbəkələrdə özlərinə məskən salmış «tolların» əsas məqsədi isə manipulyasiya, sensasiya və süni gündəm yaratmaq, dini, siyasi, yaxud ideoloji dəyərlərə hörmətsizlikdən başqa bir şey deyil...

Bu «məkanda» dezinformasiya və saxta məlumatlar yayan "hüquqi şəxslər”in də sayı kifayət qədərdir. Konkret desək "saytların”, Jurnalistlərin Peşə Etikası Kodeksini gözləməyən, yoxlanılmayan məlumatları tirajlayanların heç bir məsuliyyət hiss etməmələri də gözlər önündədir. Yığcam formada desək, əsl reketçilik məkanına çevrilən bəzi üzdəniraq sayt və onların rəhbərləri də bu platformanın nüfuzdan düşməsi üçün sanki canfəşanlıq etməkdədirlər.

Göründüyü kimi "yeni media”nın «yeni çalarları» bu platformaya inamı azaltmaqla yanaşı, ona etimad mühitini də dar çərçivəyə salır…

«Yeni media»mıza çox-çox qısa nəzər nöqtəmizdən sonra, gələk klassik mediamızın bugünkü bəzi reallıqlarına: Bəlli ənənəvi KİV-də bu gün interaktivliyin aşağı və ya məhdud olması məlumdur. Ancaq bununla belə bu platformaya etimad mühiti yüksəkdir. Ənənəvi medianın əsas fəlsəfəsi cəmiyyəti doğru məlumatlandırmaq, nöqsanları araşdırma yolu ilə tənqid etməkdir ki, bu platformada həmin vəzifələrin qismən tələb olunan şəkildə olması diqqət çəkir.

Ənənəvi medianın üstünlüklərindən biri də təsisçilik məsələsinin hüquqi formada lazımınca təsdiqini tapmasıdır. Həmçinin klassik mediada vətəndaş hüquqlarının qorunması da "yeni media”ya nisbətən yüksək səviyyədədir.

Təbii ki, klassik mediamızdakı çatışmazlıqlar da kifayət qədərdir. Ancaq bu çatışmazlıqların da kökündə KİV haqqındakı qanunvericilikdəki boşluqların dayandığı heç kəsə sirr deyil.

Bu kiçik baxış bucağından da aydın olur ki, əsas xəbər istehsalçısına çevrilən "yeni media” nə qədər operativ olsa da, hüquqi çərçivədən demək olar ki, bir o qədər kənardır. Xəbər istehsalçısı olmaq isə hər hansı üstünlüyə malik olmaq demək deyil. Əsas insanların KİV-ə olan inamıdır ki, hər bir "cəbhədə” də məhz bu prioritet təşkil etməlidir.

1999-cu ildə qəbul olunmuş KİV haqqında qanunun isə yeniləşmiş variantının qəbulundan sonra isə ümid etməyə dəyər ki, artıq biz bu neqativləri kənarda qoyub mediamızdakı inkişafdan söz aça bilək. Gəlin buna ümid edək. Axı, ümid ən sonda ölür...


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ