SON DƏQİQƏ

İran Federativ Respublikası?

Tarix:

16-01-2026, 08:52

/ 3 348 dəfə oxundu.
İran Federativ Respublikası?

Qonşu ölkənin federallaşması nə qədər realdır, belə olarsa Azərbaycan və ümumiyyətlə bu arealdakı türk toplumu nə qazanar, nə itirər...

“İran sonrası” ssenarilər, xüsusən də federalizm mövzusu, birbaşa Türk dünyasının geosiyasi balansını ilgiləndirir. Çünki İran təkcə farslardan ibarət deyil.
Bu ölkədə milyonlarla azərbaycanlı, türkmən, qaşqay, Xorasan türkü yaşayır və onların statusu dəyişmədən İranın sabitləşməsi mümkün deyil. İran daxilində ən böyük və siyasi baxımdan ən həssas türk toplumu Güney Azərbaycan türkləridir. Onlar nə monarxiyanı, nə də teokratiyanı qəbul edirlər. İranın federallaşması nə qədər realdır, belə olarsa Azərbaycan və ümumiyyətlə bu arealdakı türk toplumu nə qazanar, nə itirər?
Siyasi ekspert Fikrət Fərəməzoğlu Musavat.com-da bu istiqamətdə hər bir məsələni ayrıca izah etdi: İranın federallaşması ideyası yeni deyil, xeyli öncəyə gedib çıxır. Lakin bu, İranın gələcəyi ilə bağlı nəzərdə tutulmuş planlardan biridir. Sıralama baxımından da ikinci dərəcəli hesab olunur.
İlk olaraq nəzərə almaq lazımdır ki, İranın federallaşması ən yaxşı halda 6, ən pis halda isə 7 respublikanın birləşməsi kimi nəzərdə tutulur. Düzdür, bu zaman coğrafi sərhədlərin necə olacağı məsələsi aydın deyil. Lakin bəlli konturlar var.
İran federallaşarsa, Güney Azərbaycan, Kürdistan, Bəlucistan, Fars, Xorasan və ərəb subyektlərindən ibarət olacaq. Burada talışlar və giləklərin taleyi açıq qalır. Onların bir qisminin Güney Azərbaycana, digər qisminin isə Xorasan və ya digər subyektlərə birləşməsi daha məntiqli görünür. Burada 7-ci subyekt də ola bilər. Paytaxt Tehran əhali sayı baxımından çoxsaylıdır. Eyni zamanda, hazırda İranın ən çox əhali yaşayan ostanlarından biridir. Ola bilər ki, federallaşma prosesi baş verərsə, Tehran da ayrıca bir subyekt və ya İran daxilində respublika olsun.
İrandakı qaşqaylar və türkmənlərə gəlincə, onların ayrıca subyekt olma ehtimalı azdır. Birincisi, türkmənlər Xorasanda yaşayır, toplam sayı 1 milyona yaxındır. Öz dilləri və mədəniyyətlərini qorusalar da, siyasi arenada hər hansı bir təsir imkanları yoxdur. Xorasan vilayəti subyektə çevrilərsə, müəyyən qədər parlamentdə və ya hökumətdə yer ala bilərlər. Lakin müstəqil subyekt olmaq imkanları mövcud deyil.
Qaşqaylar isə İranın ərəb məntəqələrinə yaxın ərazilərdə, cənub istiqamətində məskunlaşıblar. Qeyri-rəsmi məlumatlara görə, ümumi sayları 600 min nəfərə yaxındır. Bu toplumun üstün cəhətlərindən biri budur ki, öz ana dillərində məktəbləri var və xaricdə varlı qaşqaylar az deyil. Amma onların da İran daxilində ayrıca subyekt olmaq şansları yoxdur. Ən yaxşı halda ərəb subyektinin bir parçası ola bilərlər.
Əgər İran federallaşarsa, Güney Azərbaycan müstəqil subyektə çevriləcək. Yəni ölkə daxilində respublika olacaq. Bu, müsbət tendensiyadır. Əvvəla ona görə ki, Güneydə uzun zamandan sonra yeni dövlətçilik ənənələri formalaşacaq. Eyni zamanda, Güneyin konkret sərhədləri müəyyən olunacaq ki, bu da vacib detallardan biridir. Yəni təkcə coğrafi deyil, həm də siyasi xəritəsi müəyyənləşəcək.
İran tarixində ilk dəfə olaraq Azərbaycan dili Güneydə dövlət dili statusu alacaq. Özünün ayrıca pul vahidi olmasa da, müstəqil təhlükəsizlik xidməti, polis orqanı, hətta bayrağı belə olacaq. Bunlar önəmli və gələcək üçün vacib amillərdir.
Güneyin müstəqil subyekt olması İranda yaşayan digər türk xalqları üçün də müsbət haldır. Onların ən azından istinad edə biləcəyi və ya sığınacağı bir respublikası olacaq. Hərçənd buna ciddi ehtiyac olmayacaq. Lakin gələcəkdə gözlənilməz hadisələr fonunda belə bir ssenari istisna edilmir.
İranın federallaşmasının Azərbaycan Respublikasına təsirinə gəldikdə isə, bu, təbii ki, müsbət məna daşıyacaq. Güney Azərbaycan İran daxilində respublika olarsa, özünün ayrıca siyasətinin (ümumi dövlət siyasətini pozmadan) olacağı birmənalıdır. Bu, şimal və cənubda yaşayan eyni xalqın daha sistemli inteqrasiyası üçün vacib şərtdir. Mərhələli şəkildə dil, iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inteqrasiya prosesi başlayacaq. Bu isə gələcəkdə iki qütbün birləşməsi üçün zəmin yarada bilər. Çünki bu inteqrasiya sürətli və sistemli olarsa, Şimalla Cənubun birləşməsi qaçılmaz hala gələ bilər.
Digər tərəfdən, İrandan Azərbaycana mümkün təhlükə və təhdidlərin miqyası azalacaq, hətta minimum səviyyəyə enəcək. İdeoloji baxımdan risklər aradan qalxacaq. Milli şüurun formalaşması, birgə ədəbiyyat və digər sahələrdə ortaq mövzular gündəmə gələcək. Yəni müsbət tərəfləri kifayət qədər çoxdur.
Mənfi cəhətlərin olması da istisna deyil. Güneydə yaşayan soydaşlarımızla bizim aramızda bəzi məsələlər var ki, onlar bir-birindən ciddi şəkildə fərqlənir. İnam, mədəni baxışlar, ailə institutu və digər məqamlar müəyyən çətinliklər üçün zəmin yarada bilər. Lakin bunlar həllolunmaz məsələlər deyil və zamanla öz həllini tapa bilər.
скачать dle 12.1

Şərhlər