
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili siyasi gündəminin əsas istiqamətlərini əhatə etdi. Müsahibədə sosial siyasətə xüsusi yer ayrıldı. Prezident əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin mərhələli şəkildə artırıldığını qeyd etdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin dəyişməz prioriteti kimi təqdim olundu.
Təhsil sahəsində aparılan islahatlardan danışan Prezident İlham Əliyev məktəblərin maddi-texniki bazasının gücləndirilməsini mühüm amil kimi qiymətləndirdi. Regionlarda yeni məktəblərin tikintisi və mövcud təhsil müəssisələrinin əsaslı təmiri barədə məlumat verildi. Təhsilin keyfiyyətinin artırılmasının uzunmüddətli inkişaf üçün əsas olduğu vurğulandı.
Dövlətimizin başçısının sözügedən müsahibəsində vurğulanan məqamlardan biri 2025-ci ilin çox uğurlu və tarixi il kimi dəyərləndirilməsidir. Uzun illər davam edən Ermənistan–Azərbaycan qarşıdurması zaman-zaman dəyişən siyasi və hərbi şərait fonunda müxtəlif mərhələlərdən keçmiş, fərqli intensivliklə müşahidə olunmuşdur. Fəal döyüş əməliyyatları, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, sonrakı antiterror tədbirləri və keçid mərhələsi bir-birini əvəz etmişdir. Bütün bu proseslər ötən ilin avqustunda siyasi müstəvidə yekunlaşmışdır.
2025-ci ilin diqqətçəkən diplomatik hadisələrindən biri Azərbaycanın D-8 təşkilatına üzvlüyə qəbul edilməsi olub. Təxminən 30 ilə yaxın müddət ərzində yeni üzv qəbul etməyən bu qurumda ilk dəfə olaraq yeni iştirakçı kimi təmsil olunmaq beynəlxalq miqyasda yüksək etimadın göstəricisidir. Bir milyarddan artıq əhalini və trilyonlarla ölçülən iqtisadi potensialı birləşdirən bu platformada yer almaq balanslaşdırılmış və müstəqil siyasətin nəticəsi kimi dəyərləndirilir. Üzvlük formal xarakter daşımır. Qısa müddət ərzində media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələri üzrə mərkəzlərin yaradılması təşəbbüsü irəli sürülüb. Bu addımlar təşkilat daxilində fəal mövqenin tutulduğunu və əməkdaşlığın real məzmunla zənginləşdirildiyini göstərir. Ölkə rəhbərinin qeyd etdiyi kimi iqtisadi artım yalnız rəqəmlərlə ölçülmür. Onun əsas göstəricisi insanların gündəlik həyatında, yaşayış səviyyəsində və sosial rifahda görünür. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyatın həcmi 70-80 milyard ABŞ dolları civarındadır və hər faiz artım təxminən 1 milyard dollara bərabərdir. Bu vəsait müdafiə, regional inkişaf, əhalinin rifahı və infrastruktur layihələrinə yönəldilir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh dövrü bizi arxayınlaşdırmamalıdır. "Hər an ayıq olmalıyıq, güclü olmalıyıq" fikri dövlətin müdafiə konsepsiyasının əsasını təşkil edir. Çünki güclü ordu, güclü dövlət və xalqın birliyi Azərbaycanın gələcək təhlükəsizliyinin qarantıdır. Bu yanaşma göstərir ki, sülh dövründə belə ayıqlıq və hazırlıq milli siyasətin ayrılmaz hissəsidir.
Müharibədən sülhə keçid, ABŞ-la münasibətlərdə yeni səhifənin açılması, strateji əməkdaşlıq mexanizmlərinin qurulması və ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması 2025-ci ili Azərbaycan üçün tarixi dönüş ili etdi. Torpaq anlayışının dəyişən məzmunu isə müstəqillik tariximizin yeni mərhələsini simvolizə edir.
Türkanə Mübariz
































