SON DƏQİQƏ
» » Türk dövlətləri eyni hədəflər uğrunda vahid mövqedən çıxış edir

Türk dövlətləri eyni hədəflər uğrunda vahid mövqedən çıxış edir

Tarix:

8-10-2025, 17:22

/ 3 321 dəfə oxundu.
Türk dövlətləri eyni hədəflər uğrunda vahid mövqedən çıxış edir

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə görüşü Türk dünyası üçün yeni perspektivlər açır.

 Türk dünyası birlikdə irəliyə — sülhə, təhlükəsizliyə, inteqrasiyaya doğru inamla və sürətlə addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bütün istiqamətlərdə sıx əməkdaşlıq siyasəti həyata keçirir. Azərbaycan təşkilatın siyasi, iqtisadi və mədəni tədbirlərində fəal iştirak etməklə yanaşı, institusional güclənməsinə də dəstək verir. Bunun bariz nümunələrindən biri Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları ianə ayırmasıdır. Bu, Azərbaycanın türk dünyasına verdiyi önəmi, məsuliyyət hissini və liderlik iddiasını açıq şəkildə nümayiş etdirir. Enerji sahəsinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bərpaolunan enerji istehsalının 2030-cu ilədək 40 faizə çatdırılması planlaşdırılır. “Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizi üzərində çalışırıq,” – deyə Prezident qeyd edib. 

Dövlətimizin başçısı bildirib ki, “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Dövlət başçısı çıxışının sonunda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində qeyd olunmasını təklif edib və Türk dövlətlərinə Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə təşəkkürünü bildirib: “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”

Zirvə görüşünün sonunda qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir. Bəyannamədə üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya təşviqi, nəqliyyat və enerji layihələrinin birgə icrası, rəqəmsal transformasiya, eləcə də humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri təsbit olunmuşdur.

Qəbələ Bəyannaməsi Türk dünyasının vahid siyasi iradəsini, qarşılıqlı etimad və həmrəylik prinsipini təsdiq etməklə yanaşı, təşkilatın qlobal səviyyədə mühüm strateji aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər