Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xalqımızı çox kədərləndirdi.
Təyyarədə olan 67 nəfərdən 29-u ekipajın çevik hərəkətləri və hava gəmisinin konstruksiya xüsusiyyətləri sayəsində sağ qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlərdən danışan cənab Prezident deyib ki, “Mən Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır”.
Azərbaycanın Rusiyadan tələblərinə gəlincə ölkə başçısı bildirdi ki, dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Ümid edirik ki, digər şərtlərimiz də qəbul ediləcək”
Pilotların və ekipajın qəhrəmalıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Cənab Prezident İlham Əliyev vida mərasimində iştirak etdi və həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi. Artıq dekabrın 29-da ekipaj üzvlərinin təltifi ilə bağlı dövlət başçımız Sərəncam imzaladı. Cənab Prezident qeyd etdi ki, pilotların və ekipaj üzvlərinin fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirir. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm də qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Qəhrəmanlarımızın fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirildi. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən pilotlar Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) və ekipaj üzvü Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
Türkanə Mübariz